Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 11-dək gözlənilən qərar öncəsi vətəndaşlar ölkə rəhbərliyinə və Ali Məhkəmənin sədrinə müraciət edib. Bakıda illərdir yaşadıqları, dövlət reyestrindən çıxarış aldıqları və bütün rəsmiləşdirmələrini qanuni qaydada həyata keçirdikləri mənzillərdən məhrum olmaq təhlükəsi ilə üzləşən 3 ailənin taleyi yenidən gündəmdədir.
Mübahisə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun “Dolçasaray” MMC ilə bağlı iddiaları ətrafında davam edir. İndi isə iş üzrə son hüquqi sözün Azərbaycan Ali Məhkəməsində deyilməsi gözlənilir.
Məlumata görə, kassasiya instansiyasında işə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Elşad Yaquboviç Şamayevin sədrliyi ilə baxılır.
Vətəndaşların bildirdiyinə görə, iş üzrə qərarın sentyabrın 11-dək elan olunacağı gözlənilir. Lakin qərar hələ elan edilməmişdən əvvəl mənzil sahibləri ciddi narahatlıq keçirirlər.
Onların sözlərinə görə, son günlər müxtəlif mənbələrdən aldıqları məlumatlar Ali Məhkəmədə qərarın onların əleyhinə verilə biləcəyi barədə şübhələrini artırıb.
Vətəndaşlar Musavat.com-a bildirirlər ki, onlara çatan qeyri-rəsmi məlumatların mənbələri barədə müxtəlif iddialar var. Onların sözlərinə görə, bu məlumatların Eldar Mahmudovun və Anar Mahmudovun ətrafı ilə əlaqəli şəxslərdən yayıldığı bildirilir. Qərar hələ elan edilməmişdən əvvəl vətəndaşların bu cür məlumatlar alması onların narahatlığını daha da artırıb.
Mənzil sahiblərinin əsas sualı da məhz budur. Söhbət adi əmlak mübahisəsindən deyil, dövlətin rəsmi reyestrinə inanaraq yüz minlərlə manat ödəyən, əmlak üzərində hüquqları dövlət tərəfindən qeydiyyata alınan və çıxarış alan ailələrin taleyindən gedir. Mənzillərin sahəsi, faktiki mövcudluğu və Anar Mahmudovun həmin əmlaklara dair iddiaları ilə bağlı ciddi hüquqi suallar ortaya çıxıb.
İş üzrə əvvəlki məhkəmə araşdırmalarında və ekspertiza rəylərində Anar Mahmudovun iddia etdiyi parametrlərə uyğun mənzillərin qeyd olunan ünvanda faktiki mövcud olmadığı müəyyən olunub. Mənzil sahibləri özlərini dövlət reyestrinə güvənən vicdanlı alıcılar hesab edirlər.
Birinci instansiya məhkəməsi də vətəndaşların vicdanlı alıcı statusunu nəzərə alaraq Anar Mahmudovun iddiasını rədd edib. Sonradan isə Bakı Apellyasiya Məhkəməsinin qərarı vəziyyəti dəyişib və məsələ Ali Məhkəməyə çıxıb. İndi üç ailənin taleyi son instansiyanın qərarından asılıdır.
Vətəndaşların narazılığını daha da artıran məqamlardan biri Anar Mahmudovun uzun müddətdir Azərbaycan xaricində yaşamasıdır. Mənzil sahibləri hesab edirlər ki, bir tərəfdə illərlə həmin evlərdə yaşayan, mənzillərə görə böyük məbləğlər ödəyən və dövlət çıxarışı alan Azərbaycan vətəndaşları, digər tərəfdə isə həmin əmlaklara iddia edən Anar Mahmudov dayanır.
Onların fikrincə, Ali Məhkəmənin verəcəyi qərar yalnız üç mənzilin taleyini həll etməyəcək.
Burada daha fundamental sual ortaya çıxır: Dövlətin verdiyi çıxarış və dövlət reyestrinə güvənən vətəndaşın hüququ nə dərəcədə qorunur? Əgər bir vətəndaş dövlətin rəsmi reyestrində hər hansı həbs, yüklülük və ya məhdudiyyət olmayan əmlakı alırsa, həmin əmlaka görə pul ödəyirsə, mülkiyyət hüququ dövlət qeydiyyatına alınırsa və ona çıxarış verilirsə, illər sonra həmin vətəndaşın özünü evsiz qalmaq təhlükəsi ilə üz-üzə görməsi hansı qanuna əsaslanır?
Məhz bu səbəbdən mənzil sahibləri məsələyə yalnız şəxsi əmlak mübahisəsi kimi baxılmamasını istəyirlər.
Vətəndaşların narahatlığının ən kəskin hissəsi isə Eldar Mahmudovun adı ilə bağlıdır.
Onlar bildirirlər ki, Eldar Mahmudovun 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından illər keçməsinə baxmayaraq, onun ailə üzvləri ilə bağlı olan bu əmlak mübahisəsində yenə də müxtəlif təsir və təzyiq imkanlarından istifadə olunması barədə şübhələrin yaranması təsadüfi deyil.
Vətəndaşların fikrincə, əgər həqiqətən də məhkəmə qərarı hələ elan edilməmişdən əvvəl nəticə barədə müxtəlif qeyri-rəsmi məlumatlar yayılırsa, bu, ciddi şəkildə araşdırılmalı məsələdir.
Onlar bildirirlər ki, Eldar Mahmudovun keçmişdə formalaşdırdığı əlaqələrdən istifadə edərək oğlunun adına iddia edilən əmlakların yenidən vətəndaşların əlindən alınmasına cəhd göstərilməsi barədə yaranan bütün şübhələr araşdırılmalıdır.
E.Məmmədəliyev,
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ