Onlayn ictimai-siyasi qəzet
“Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir”.
Bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Prezident onu da deyib ki, çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir: “Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir”.

Bəs Prezident İlham Əliyevin qeyd etdiyi istiqamətlərdə Azərbaycana hansı ölkələrin və müvafiq beynəlxalq təşkilatların dəstək verməsi mümkündür və realdır? Azərbaycanın mina probleminə beynəlxalq həmrəylik necə təmin oluna bilər?
Ekspertlər hesab edir ki, əslində Azərbaycan artıq bu istiqamətdə beynəlxalq əməkdaşlığın müəyyən modelini formalaşdırıb. Növbəti mərhələdə əsas məqsəd həmin əməkdaşlığı daha sistemli, uzunmüddətli və daha böyük maliyyə resursları ilə təmin etmək olmalıdır. Bu istiqamətdə ən real tərəfdaşlardan biri Avropa İttifaqıdır. Musavat.com bildirir ki, Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmi saytında verilən məlumata görə, Aİ və BMT-nin İnkişaf Proqramı ilə birlikdə 2023-cü ildə Azərbaycanda minatəmizləmə layihəsinə 4,25 milyon avro maliyyə ayrılıb və həmin vaxt bu vəsait Aİ-ni Azərbaycanın mina fəaliyyətində ən böyük beynəlxalq maliyyə donoruna çevirib.
Bu təcrübə göstərir ki, Aİ ilə əməkdaşlığın daha böyük və çoxillik proqramlara çevrilməsi mümkündür. BMT isə yalnız maliyyə mənbəyi deyil, beynəlxalq donorların koordinasiyası baxımından da mühüm tərəfdaşdır. Azərbaycan artıq BMT ilə minatəmizləmə sahəsində uzunmüddətli əməkdaşlıq edir. Burada xüsusilə BMT-nin İnkişaf Proqramı və BMT-nin Mina Fəaliyyəti Xidməti kimi strukturların imkanlarından daha geniş istifadə etmək mümkündür. Bu baxımdan Bakıdakı beynəlxalq konfransların əhəmiyyəti də artır. Belə platformalar Azərbaycanın mina problemini beynəlxalq gündəmdə saxlamaqla yanaşı, donorlarla birbaşa dialoq üçün imkan yaradır.

Ekspertlərin fikrincə, ABŞ da xüsusi potensiala malik tərəfdaşlardan biridir. Azərbaycanın Vaşinqtondan məhz mina təmizləmə texnologiyaları və metodları sahəsində dəstək gözlədiyi artıq açıq şəkildə ifadə olunub.
Ötən ay Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın bu sahədə ABŞ-la əməkdaşlıq etmək istədiyini bildirib. ABŞ-nin “Marshall Legacy Institute” təşkilatının da 2005-ci ildən Azərbaycana mina aşkarlayan itlər verdiyi qeyd olunub.
Növbəti mərhələdə ABŞ-la əməkdaşlığın daha yüksək texnologiyalar səviyyəsinə keçirilməsi mümkündür. Buraya uzaqdan idarə olunan sistemlər, sensorlar, dronlar, süni intellekt vasitəsilə mina təhlükəsinin xəritələndirilməsi və təhlükəli ərazilərin daha sürətli müəyyənləşdirilməsi daxil ola bilər.
NATO da Azərbaycanın mina probleminin həllində mühüm tərəfdaş ola bilər. NATO-nun üstünlüyü burada onun təhlükəsizlik və mühəndislik sahəsində böyük texniki potensiala malik olmasıdır. Azərbaycan üçün digər mühüm istiqamətin texnologiya transferi olduğu bildirilir. Bu baxımdan Çin, Yaponiya və Türkiyə xüsusi imkanlara malik ölkələrdir. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Norveç, İsveçrə, Kanada və digər inkişaf etmiş ölkələr də Azərbaycana maliyyə, texniki ekspertiza və təlim baxımından dəstək göstərə bilərlər. Beynəlxalq ictimaiyyətin dəstəyi yalnız humanitar yardım kimi deyil, sülhün, təhlükəsizliyin və regional inkişafın dəstəyi kimi qiymətləndirilməlidir.
Etibar Seyidağa,
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ