Onlayn ictimai-siyasi qəzet
"Kremlin postsovet məkanındakı təsiri getdikcə zəifləyir". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Herbert Makmaster Vaşinqtondakı Huver İnstitutunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vaxtilə Rusiyanın təsirinin çox güclü olduğu Qazaxıstan və Ermənistan üzərində Kreml faktiki olaraq nəzarəti itirib. Makmaster bu dəyişikliklərin konkret əlamətlərinə də diqqət çəkib. Qeyd edib ki, ötən ilin iyulunda Omskda keçirilən görüş zamanı Qazaxıstan açıq şəkildə Putini müharibəyə son qoymağa çağırıb. Ermənistan isə öz növbəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb və Vaşinqtonla strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb.

Ekspertin fikrincə, “bunlar hər iki ölkənin Moskvanın təsir dairəsindən uzaqlaşdığının açıq əlamətləridir” və bu tendensiya Rusiyanın təsirinin daha geniş miqyasda zəiflədiyini göstərir. Lakin Makmaster eyni zamanda, xəbərdarlıq edib ki, zəifləmiş Rusiya daha təhlükəli ola bilər: "Çünki küncə sıxışdırılmış ölkənin lideri eskalasiyanın yeni yollarını axtara bilər".
Söhbət hansı yollardan gedir? Azərbaycan daxil, postsovet ölkələri ən çox nəyi ciddiyə almalıdır?
Professor Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın böyük dövlət və geopolitik proseslərdə nəhəng güc olduğu sirr deyil. Onun fikrincə, bununla belə müharibənin Rusiyanı zəiflətməsi də reallıqdır. Qabil Hüseynli hesab edir ki, müharibənin uzanması Rusiyanı daha da zəiflədəcək, amma tamamilə geosiyasi səhnədən silinməsinə gətirib çıxarmayacaq: "Çünki Çin kimi böyük güc ona dəstəyi davam etdirir. Həmçinin Hindistan, Türkiyə və başqa dövlətlərlə əməkdaşlığı yaxşılaşdırır. Bu baxımdan, Rusiyanın zəifləmiş vəziyyətdə belə güc olduğunu bildirməliyik. Xüsusən də Orta Asiya və Cənubi Qafqaz ölkələri Rusiyaya baxanda kiçik dövlətlərdir. Sadəcə, coğrafi ərazisinə və əhali sayına baxmaq lazım deyil. Bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələr tərəfdaşlarını artırır, müttəfiqlərini çoxaldır ki, risklərə qarşı əlavə güc qatsın".

Professorun fikrincə, Rusiya indi ətraf ölkələrlə əvvəlki ritorikada danışa bilmir və bu da müharibənin təsirləridir: "Bizim üçün Rusiya ilə yaxşı əlaqələr olduqca vacibdir. Böyük qonşudur, potensialı var və müttəfiqlik bəyannaməsi imzalamışıq, yaxşı olar ki, münasibətləri inkişaf etdirək. Azərbaycan qətiyyən maraqlı deyil ki, Rusiyanı özünə qarşı qoysun. Əksinə, ticarət dövriyyəsi artmalıdır, aqrar, mədəniyyət, turizm sahələrində əməkdaşlıq genişlənməlidir. Əgər hansısa dairələrin sifarişi ilə bizə qarşı təzyiqlər başlanırsa, bu, heç bir halda nə Bakıya, nə Moskvaya sərf edir. Ona görə də münasibətlərin yaxşı qalması lazımdır. Oradakı soydaşlarımızı da nəzərə almalıyıq. Yəni qonşu ilə gərginlik heç zaman fayda vermir. Bu mənada, həm Bişkekdə liderlərin söhbəti olduqca əhəmiyyətlidir, həm də gələcəkdə zəifləmiş Rusiya ilə əlaqələrin qorunub saxlanması mühümdür".
Emil Salamoğlu
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ