İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi Avropada güclənir

Diaspora parçalanmış mövqelərini yenidən birləşdirməyə çalışır - əsas mövzu yenə Qarabağ...

Erməni diasporasının son aylardakı fəallığı onun siyasi və lobbiçilik imkanlarını yalnız ABŞ ilə məhdudlaşdırmaq istəmədiyini göstərir. Xüsusilə Fransa erməni diasporasının Avropadakı əsas siyasi dayağına çevrilməkdədir.

Bu istiqamətdə ən diqqətçəkən hadisələrdən biri Parisdə keçirilən Diasporanın Milli Səfərbərliyi Konfransı olub. Tədbirdə Ermənistan, Qarabağ və dünyanın 26 ölkəsindən 150-dən çox siyasi, ictimai və icma nümayəndəsi iştirak edib. Konfransda əsas məqsədlərdən biri erməni diasporasının müxtəlif ölkələrdəki fəaliyyətinin daha koordinasiyalı şəkildə təşkil edilməsi və vahid ümumerməni gündəliyinin formalaşdırılması kimi təqdim olunub.

Bu proses avqustda yeni mərhələyə keçib. Konfransın internet platforması yaradılıb və burada çıxışlar, dəyirmi masa müzakirələri, bəyanatlar və sonrakı təşəbbüslər bir mərkəzdə toplanıb. Platformanın yaradılması diasporanın müxtəlif ölkələrdəki resurslarını vahid informasiya və siyasi şəbəkə daxilində birləşdirmək cəhdi kimi qiymətləndirilə bilər.

ABŞ uzun illər erməni lobbisinin əsas siyasi dayaqlarından biri olub. Vaşinqtonda formalaşmış lobbiçilik şəbəkəsi hələ də fəaliyyətini davam etdirir. Lakin son dövrdə erməni diasporasında yalnız ABŞ-yə arxalanmağın kifayət etmədiyi barədə yanaşmalar daha qabarıq görünür. Paris isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fransa böyük və təşkilatlanmış erməni icmasına malik olmaqla yanaşı, Ermənistanla siyasi əlaqələrin inkişafında da mühüm rol oynayır. Aprel konfransının məhz Parisdə keçirilməsi diasporanın Avropadakı siyasi imkanlarını gücləndirmək niyyətinin göstəricisi kimi görünür.

Üstəlik, erməni mediasında konfransın yalnız diasporanın daxili problemlərinin müzakirəsi olmadığı, onun siyasi gündəmin formalaşdırılması üçün platformaya çevrilməli olduğu vurğulanır. Beləliklə, qarşıdakı dövrdə erməni diasporasının daha çoxmərkəzli lobbiçilik modeli formalaşdırmağa çalışacağı görünür. Vaşinqton əsas siyasi dayaqlardan biri olaraq qalırsa, Paris Avropadakı koordinasiya mərkəzinə çevrilmək iddiasındadır. Başqa sözlə, erməni lobbisi sadəcə mövcud mövqelərini qorumağa deyil, ABŞ-dən Avropaya qədər uzanan daha geniş və koordinasiyalı siyasi şəbəkə qurmağa çalışır.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”da öncəliklə xatırlatdı ki, dünyada ən güclü erməni diasporası ABŞ və Fransadadır: “Son illər onlar arasında fəaliyyətlərinin koordinasiyası yox dərəcəsində idi. Burada bir çox məqamlar rol oynayıb. Birincisi hər iki ölkədə olan diaspora rəhbərləri nüfuz dairəsi uğrunda rəqabətdə idi. Eyni zamanda bəzi transmilli şirkətlərdə olan imkanlı ermənilərdən, ermənipərəst insanlardan maliyyə cəlb olunması ilə bağlı da problemlər yaşanmışdı. Adətən diaspora nümayəndələri öz ölkələrində olan siyasətçilərlə, maliyyə və biznes dairələri ilə işlər görürdülər. Amma kənardan olan maliyyə mənbələri üstündə də mübarizə həmişə olub. İkincisi, son Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, sonda baş nazir Paşinyanın bunu tanıması və sülh müqaviləsinin imzalanması istiqamətində intensiv işlərin aparılması onları, xüsusilə Fransada olan diasporanı çox narahat etmişdi və dəfələrlə Paşinyandan narazı olduqlarını dilə gətirənlər də olmuşdu. Amma ölkə müxalifətinin birbaşa Rusiya təsirində olduğunu bildiklərindən onlara da dəstək verməkdən qorxurdular. Onlar ermənipərəstliyi ilə öndə olan Fransa prezidenti Makrona belə təsir və ya xahiş imkanlarını itirmişdilər. ABŞ ilə bağlı isə daha ciddi problemlərin içində idilər. Ona görə də dünya erməni lobbisinin ən böyük və güclü təşkilatlandığı Fransa və ABŞ-də də diaspora böhran içində idi.  Son 1 ildə yenidən özünə gəlməyə, əvvəlki kimi olmasa da fəaliyyətlərini rəsmi İrəvanla koordinasiya etməyə və çürümüş ideya və proqramlarını insanların beyninə yeritməyə, ən əsası Ermənistanda düşmüş nüfuzlarını qaldırmağa cəhdlər edirlər. O səbəbdəndir ki, bu dəfə də dünyanın 26 ölkəsindən dəvət olunan nümayəndələrlə yanaşı Qarabağdan nümayəndələr dəvət olunub. Hələ xeyli müddətdir ki, Ermənilər ABŞ-də istədiklərini əldə edə bilməyəcəklərinə inanmağa başlayıblar. Həmçinin senat və konqresdə, biznes dünyasında mövcud olan yəhudi lobbisi və diasporası qarşısında da əl-qolları bağlı olub. Amma Avropada tamam fərqli situasiya olduğunu düşündüklərindən yenidən güclənib dirçəlmək üçün oranı seçiblər. Məsələ isə ondadır ki, dünyada gedən proseslər və Avropaya təsirləri o həddədir ki, "Qoca qitə"də ciddi siyasətçilər və iş adamları bunların dəstəyindən qazanma ehtimallarının az olduğunu, itirmək ehtimallarının isə yüksək olduğunu anlamağa başlayıblar".

Züriyə Qarayeva: “Azərbaycan artıq enerji idxalçısı deyil, regional gücə  çevrilib”

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva isə hesab edir ki, erməni diasporasının Parisdə təşkilatlanması və müxtəlif ölkələrdəki strukturları vahid platforma ətrafında birləşdirməsi lobbiçilik fəaliyyətinin ABŞ-dən Avropaya doğru genişləndirildiyini göstərir: “Fransa burada həm böyük erməni icmasına, həm də Ermənistanla yaxın siyasi münasibətlərə malik olduğu üçün əsas koordinasiya mərkəzi roluna iddia edir. Məqsəd təkcə diasporanın daxili əlaqələrini gücləndirmək deyil, Avropa parlamentləri, hökumətləri, media və vətəndaş cəmiyyəti vasitəsilə siyasi qərarlara təsir göstərməkdir. Qarabağ mövzusunun gündəlikdə saxlanılması isə Ermənistan-Azərbaycan sülh prosesinə paralel olaraq Bakıya qarşı yeni siyasi və informasiya təzyiqi yaratmaq cəhdidir.

Bu fəallıq Azərbaycanın Avropada daha sistemli ictimai diplomatiya və kommunikasiya siyasəti aparmasını zəruri edir. Azərbaycan tərəfi yalnız ayrı-ayrı qərəzli bəyanatlara reaksiya verməklə kifayətlənməməli, Avropa siyasi dairələri, tədqiqat mərkəzləri, media və yerli icmalarla davamlı əlaqələr qurmalıdır. Qarabağ münaqişəsinin tarixi, işğal dövrünün nəticələri və Azərbaycanın sülh gündəliyi hüquqi sənədlər və etibarlı faktlarla ardıcıl şəkildə təqdim edilməlidir. Əks halda, yaxşı təşkilatlanmış erməni lobbi şəbəkəsi birtərəfli narrativləri Avropa ictimai rəyində möhkəmləndirərək gələcək siyasi qərarlara təsir göstərəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR