Onlayn ictimai-siyasi qəzet
Nüfuzlu Qərb KİV-ləri Azərbaycana hibrid cəbhə açıb; siyasi şərhçi: “Hər ikisi korporativ maraqlarla hərəkət edir”
BBC Azərbaycanla bağlı növbəti geniş material dərc edib. Materialın Azərbaycan “getdikcə qapalılaşan”, siyasi təqiblərin artdığı, demokratiyadan uzaqlaşan ölkə kimi təqdim edilir.
Yada salaq ki, Azərbaycan dövləti CNN telekanalını ölkəmiz barədə yalan informasiyaya görə məhkəmə verib. Şikayət avqustun 17-də ABŞ-nin Delaver Dairə Məhkəməsində təqdim olunub. İddiaya səbəb iyunun 5-də CNN-in saytında İsrailin Azərbaycan ərazisindən yararlanaraq İrana qarşı hərbi və kəşfiyyat xarakterli əməliyyatlar keçirdiyi haqda saxta məlumatın dərc olunmasıdır. Telekanal anonim mənbələrə istinadla yaydığı böhtanı təkzib etmədiyi üçün Azərbaycan dövləti işi ABŞ məhkəməsinə daşıyıb.
Delaverdəki məhkəmə prosesində Azərbaycanı təmsil edəcək vəkil Ueyn Dennison qeyd edib ki, Azərbaycanın məsuliyyətsiz hazırlanmış xəbərdən doğan zərərə görə hüquqi müdafiə tələb etmək haqqı var: “Bu həqiqətə uyğun olmayan iddia insanların həyatını təhlükəyə atıb. Xarici suveren dövlətlərin özlərinə vurulmuş zərərin aradan qaldırılması üçün ABŞ məhkəmələrindən yararlanmaq hüququ var. Bu, federal məhkəmələrimizin yurisdiksiyasının tərkib hissəsidir. CNN Azərbaycanın müharibə şəraitindəki fəaliyyəti ilə bağlı iddia yayıb. Azərbaycan tərəfi bu məlumatların tamamilə və birmənalı şəkildə yalan olduğunu bildirir. Həqiqətə uyğun olmayan bəyanatların nəticəsi isə insanların həyatını faktiki olaraq təhlükəyə atır. CNN-in məlumatı necə təqdim etməsinə nəzər salaq. İddianı faktiki olaraq "kimsə belə deyib" formasında təqdim ediblər. Deyirlər ki, “adı açıqlanmayan mənbəmiz var”.
Bu, sözün əsl mənasında “kimsə belə deyib” deməkdən başqa bir şey deyil. “Xəbərin Azərbaycan hökumətinə vurduğu zərəri dollar ifadəsində hesablamaq mümkündürmü” sualını vəkil belə cavablandırıb: “Biz hələlik zərərin məbləği ilə bağlı qiymətləndirmə aparmamışıq. Açığı, iş irəlilədikcə zərərin nə qədər olacağı da aydın deyil. Beynəlxalq münasibətlər baxımından zərər isə çox böyük olub. Açığı, CNN-dən dəfələrlə, o cümlədən məhkəməyə təqdim etdiyimiz şikayətdə sadəcə məqaləni geri götürmələrini tələb etmişik. İndiyədək buna ya susmaqla, ya da müqavimət göstərməklə cavab verilib”.
CNN və BBC kimi dünyanın ən nüfuzlu media nəhənglərinin Azərbaycanı hədəfə alan materiallarla çıxış etməsi təsadüfdürmü? Söhbət sadəcə jurnalist mövqeyindən gedir, yoxsa Azərbaycanın dəyişən geosiyasi çəkisi və müstəqil siyasəti Qərbdə müəyyən dairələri narahat edir? Əgər məqsəd obyektiv informasiya verməkdirsə, niyə Azərbaycanla bağlı materiallarda daim eyni mənzərə - “qapalı ölkə”, “təqiblər”, “demokratiyadan uzaqlaşma” - ön plana çəkilir? İki dünya nəhəngi niyə məhz indi Azərbaycana qarşı eyni cəbhədə görünür?

Azər Həsrət
Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrətin “Yeni Müsavat”a bildirdiyinə görə, CNN və BBC-nin həmahəng hərəkət etməsi təsadüf deyil: “Ona görə ki, biz əvvəlki illərdə də davamlı şəkildə CNN-in də, BBC-nin də eyni zamanda anti-Azərbaycan kampaniyalarına öncülük etdiyini görmüşük. Onlar Azərbaycanla bağlı qlobal səviyyədə təşkil edilən kampaniyalarda öndə gediblər, saxta informasiyalar yayıblar, Azərbaycana böhtanlar atılmasında iştirak ediblər. Ona görə də indi baş verənlər o sıradan təzahür kimi qiymətləndirilməlidir. Yəni burada təsadüfi heç nə yoxdur”.
Onun fikrincə, ümumiyyətlə, həm BBC, həm də CNN klassik anlamda bildiyimiz mediadan fərqli olaraq təbliğat vasitələridir: “Onların hər ikisi korporativ maraqlara açıq şəkildə xidmət edir. CNN illərdir Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla bağlı yalan məlumatların yayılmasında öndə gedir. Bir tərəfdə CNN-dir, bir tərəfdə də "Nyu-York Times" qəzetidir. Bu tərəfdə də BBC-nin Azərbaycana, yaxud da Azərbaycan kimi dövlətlərə qarşı yalan məlumatlara əsaslanan təbliğat apardığı daim diqqət mərkəzində olub. Yəni onlar konkret maraqlara xidmət edirlər. Maraqlara xidmət etdiklərinə görə də bu cür kampaniyalara könüllü şəkildə alət olurlar. Görünür, pul qazanırlar. Yaxud kiminsə maraqlarına xidmət edirlər".
Siyasi şərhçi əmindir ki, bu media quruluşlarının hər ikisi dünyada qəbul edilmiş media qanun və qaydaları ilə deyil, korporativ maraqlarla hərəkət edirlər: “Ona görə də Azərbaycanla bağlı atdıqları addımlar, həyata keçirdikləri yayım siyasəti sırf bundan qaynaqlanır. Yəni hər ikisinə də komanda verilib, düyməyə basılıb, onlar da bu cür hərəkət edirlər”.
Qeyd edək ki, 1994-cü ildə yaradılan “BBC Azərbaycansa” əvvəlcə radio formatında fəaliyyət göstərib, son illərdə isə fəaliyyətini əsasən onlayn media üzərindən davam etdirib. 2011-ci ildə Azərbaycan hökumətinin qərarı ilə xarici radiostansiyaların FM dalğasında yayımına qadağa qoyulduqdan sonra “BBC” Azərbaycan xidməti radio yayımını dayandıraraq onlayn fəaliyyətini genişləndirib.
CNN isə 1 iyun 1980-ci ildə ABŞ-də, mediaya yeni nəfəs gətirmək istəyən Ted Turner tərəfindən təsis olunub. O dövrə qədər xəbər yalnız müəyyən saatlarda yayımlanırdı. CNN isə 24 saat fasiləsiz xəbər yayımlayan ilk televiziya kanalı kimi tarixə düşüb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ