İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy sezonunun kədərli açılışı – Mukeş qədər olmasaq da...

Başqa müsəlman ölkələrini bilmirəm, amma hər dəfə ramazan, məhərrəm və səfər aylarından sonra ölkəmizin toy sənayesində ajiotaj baş verir, türkün sözü, qalxınma prosesi başlanır.

Bu aylar bizim üçün toylardan nəfəsdərmə müddətidir, bir növ taym-autdur, antraktdır, nə bilim, nədir. Elə ki bu aylar bitir, xalqımızın övladları yeni həvəslə toy industriyasına töhfə verməyə başlayırlar. Bir də görürsən, dəvətnamələr qoşa-qoşa gəlir. Deyirsən, eybi yox, təki toy olsun.

Söz yox, qoy həmişə toy olsun, amma bunun maliyyə-iqtisadi əsaslandırması da olmalıdır axı. Dövri toy sezonunda layiqincə iştirak etmək üçün sabit maliyyə kanalı tələb olunur. Məsələn, o gün dostlardan biri sentyabr ayında dəvət olunduğu toyların günlərini qeyd edib, şişirtmirsə, adam banklardan kredit götürməli olacaq, çünki toy məsrəfi onun aylıq qazancını 3 dəfə aşır.

Ümumiyyətlə, son illər sentyabr, oktyabr, noyabr ayları toy-nişan sarıdan belə olur. Həmkarlardan biri o ayların adını senTOYabr, okTOYabr və TOYabr qoyub.

İndi bir sosioloq qardaş (Hüseyn İbrahimov) deyir ki, toy xərcləri yalnız məclisə yazılan pullarla (nəmərlə) məhdudlaşmır, xeyli başqa xərclər də var (geyim-kecim, bəzək-düzək və s.).

Adam haqlıdır, doğrudan da bizim cəmiyyətdə toy mərasimlərində iştirak etmək artıq mənəvi zövq vermir, hamı toya bir-birinin borcunu qaytarmaq üçün gedir və ya pul göndərir. Başı səs-küy götürməyən, tünlük sevməyən adamlar ikinci variantı seçirlər.

Heç olmasa toyda yığılan pul-paranın 50 faizi yeni ailə qurmuş gənclərə qalsaydı, dərd də 50:50-yə olardı. Əksər toylarda nəmər qutuları açılır və yığılan pulun 90-95 faizi restoran sahibinə çatır. Hətta toyxanaya borclu qalıb çıxanlar da olur.

Bu o deməkdir ki, insanlar öz qohum-əqrəbalarının, dost-tanışlarıının pulunu yığıb biznesmen-restoratora verirlər. Sonra eyni işi o birisi edir. Növbə ilə hər kəs. Hamı bir-birinə borclu olur, qazananlar isə növbəti 10 milyonluq villanın, “qrand-palas”ların tikintisinə başlayır, lüks avtomobillər qarajına son model “Buqatti” gətizdirir.

Gündən-günə dövriyyəsi artan bu konveyer üsullu soyğunun, istismarın qarşısını almaq üçün sosioloq həmvətənimiz deyir ki, toylar iki saatdan artıq davam etməməlidir, həm də toyda iştirak edənlərin sayı 100 nəfərlə məhdudlaşmalıdır.

Əslində optimal təklifdir və xaricdə yaşayan çoxsaylı dost-tanışların dediyinə görə, ABŞ və Avropada çoxdan belə edirlər, kənd-kəsəyi, orta və ali məktəb yoldaşlarını, hərbi xidmət dostlarını, indiki və keçmiş qonşuları, hazırkı və keçmişdəki iş kollektivlərini məclisə yığıb qurultay təşkil etmirlər.

Düzdür, çox təmtəraqlı və bahalı toy edənlər də olur, amma bunlar azdır. Hamı milyarderlərlə ayaq uzadası deyil. Məsələn, ötən il hindistanlı Mukeş Ambanı oğluna altı ay boyunca toy elədi, milyardlar tökdü, xaricdən dəvət etdiyi hörmətli qonaqların (keçmiş prezidentlər, baş nazirlər) keysinə nəmər qoyub yola saldı. Amma Uorren Baffet elə etmədi. Sabah İlon Maks oğlu Vivian Cennanı ərə verəndə yəqin ki, elə etməyəcək – bəlkə heç toya da getmədi, araları soyuqdur.

Təəssüf ki, sosioloqun verdiyi təklif (2 saatlıq, 100 nəfərlik toy) indilikdə reallaşması mümkün olmayan məsələdir. Əsas da ona görə ki, bu sənayedə milyardlar dövr edir, milyonluq saraylar yan-yana düzülüb, hərəsi 50-100 adamın çörək qazandığı müəssisədir. Onlar heç imkan verərlərmi ki, o boyda müəssisə müflis olsun?

Bilindiyi kimi, dünyada ən gəlirli biznes növləri narkotik ticarəti, silah qaçaqmalçılığı, qadın alveri, bir də qumar evləri təşkil etməkdir. Bunların 4-ü də qanundankənar bizneslərdir. Amma bizim ölkədə toyçuluq onlardan ötədir – həm qanuni, həm də şən işdir. Ona görə də gücümüzü bu sahəyə vermişik. Mukeş qədər olmasaq da, biz də təmtərağı sevən camaatıq, restoratorlar da bunu yaxşı bilir.

Bir yaxşı iş də var ki, ard-arda açılan yeni-yeni “qrand-palas”larla rəqabətə dözməyən köhnə şadlıq evləri tam sıradan çıxmırlar, “mərasim evi”nə çevrilirlər. Necə deyərlər, “xeyirlə şər əkizdir”. Dünən bu zalda “Allah xoşbəxt eləsin. Amin!” sədaları yüksəlirdi, bu gün “Allah rəhmət eləsin. Amin!” səsi gəlir. Mübtəda, fel, dua eynidir, sadəcə, “xoşbəxt” sözünün yerinə “rəhmət” gedir.

Bir sözlə, bu sənayeni məhdudlaşdırmaq, dövriyyəsini, türkün sözü, qısıtlamaq mümkün deyil, iqtisadiyyatın mühüm lokomotivlərindən biridir, çöksə, biabırçılıq olar, ictimai kataklizm əmələ gələr, yüzlərlə iş adamı, yüzlərlə müğənni, minlərlə ofisiant, aşpaz, kababçı, qabyuyan, gəlin bəzəyən, bəyə aş gətirən, üzərrik yandıran işsiz qalar.

**

“O olmasın, bu olsun” filmində bir ifadə var: “Deyirlər ki, bu toyda cib dolacaq”. Həmin söhbətdir, bizdə toy 116 il öncədən ciblərin dolması ilə müşayiət olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR