Onlayn ictimai-siyasi qəzet
Dünyada kapitalın və əmlakın amnistiyası bəzi ölkələrdə tətbiq edilib. Amma bu, əsasən varlı kateqoriyaya aid şəxslərə tətbiq edilib, dövlət də bundan qazanıb. Amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər. Son zamanlar Azərbaycanda sənədsiz yaşayış evləri mövzusu yenidən gündəmə gəlib.
Yüz minlərlə fərdi yaşayış evlərinin sənədləşdirilməməsi əhali üçün ciddi problem olaraq qalır. Müvafiq orqanlar isə sanki bu problem həll etməyə tələsmirlər. İqtisadçı Natiq Cəfərli bu mövzu ilə bağlı paylaşımında dövlət qurumlarının məsuliyyəti mövzusuna toxunub: “Bu şəraitin yaranmasına görə hansı dövlət-hökumət qurumları, necə məsuliyyət daşımalıdır?! Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyub illərdir işıq-qaz-su satılıbsa, bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı?! Yaxşı, qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?! Vətəndaş illərlə kommunal xidmət ödəyibsa, bu ona hansısa üstünlüklər verirmi?!” İqtisadçı hesab edir ki, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz: “Vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub? Bu suallara aydın, ədalətli cavablar olmalıdır, on illərdir yaranmış bu problemdə tək günahkar vətəndaş ola bilməz. Səlahiyyəti olanların da məsuliyyəti olmalıdır, məsələnin həlli yolu "əmlak amnistiyasından" keçir və bu “amnistiya” səlahiyyəti olanların məsuliyyət haqqı olmalıdır..." Dövlət bu amnistiyada nə qazanar?

Ceyhun Yusifov
Tanınmış vəkil Ceyhun Yusifov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda yüz minlərlə ailənin yaşadığı sənədsiz evlər məsələsinə yalnız “qanunsuz tikinti” prizmasından baxmaq artıq kifayət etmir: “Vətəndaş dövlətin qapısını döyüb mənzil tələb etmir, öz zəhməti, borcu və illərlə yığdığı qənaəti hesabına ev tikir. Bu addımla o, konstitusiyanın 16 və 43-cü maddələrində təsbit olunmuş sosial mənzil təminatı öhdəliyinin müəyyən hissəsini öz üzərinə götürmüş olur. Dünya praktikasında sosial mənzil tikintisi, köçürmə və infrastruktur xərcləri dövlət büdcəsinə ağır yük yaradır. Vətəndaş isə öz şəxsi kapitalını qoyaraq dövləti bu böyük maliyyə yükündən azad edir. Əlbəttə, təhlükəli zonalarda, magistral kəmərlərin və yüksək gərginlikli elektrik xətlərinin üzərində olan tikililər istisnadır, burada insan təhlükəsizliyi hər şeydən üstündür. Lakin illərdir mövcud olan, bütöv yaşayış massivlərinə çevrilən və dövlət qurumları tərəfindən işıq, qaz, su sayğacları quraşdırılaraq hər ay xidmət haqqı alınan evlərin sənədsiz qalmasında yalnız vətəndaşı günahlandırmaq ədalətli deyil. Bir ev bir gecədə tikilmir. Tikintinin hər mərhələsinə göz yumulub, sonra da kommunal xidmət satılıbsa, bu, tək vətəndaşın səhvindən deyil”.
Ceyhun Yusifov deyib ki, gizli kapitala amnistiya tətbiq olunanda məqsəd gizli vəsaitləri leqallaşdırıb ölkə iqtisadiyyatına cəlb etməkdir. Böyük kapital sahibləri üçün bu imkanlar yaradıldığı halda, sadə vətəndaşın - müəllimin, həkimin, fəhlənin ən böyük kapitalı olan evi hüquqi dövriyyədən kənarda qalmalıdır: “Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müxtəlif illərdə verilən fərman və sərəncamlar köhnə hüquqmüəyyənedici sənədlərin tanınmasına və mülkiyyət hüquqlarının leqallaşdırılmasına geniş yol açıb. Bu siyasətin təməlində də məhz real yaşam münasibətlərini hüquqdan kənarda saxlamamaq fəlsəfəsi dayanır. İndi isə həmin xəttin növbəti mərhələsinə - əmlak amnistiyasına keçmək vaxtıdır. Bu amnistiya gələcəkdə hər kəsin istədiyi yerdə ev tikməsinə icazə vermək demək deyil. Əksinə, dəqiq bir tarix həddi qoyularaq keçmişdən qalmış problem birdəfəlik həll edilir, həmin tarixdən sonra isə qanunsuz tikintilərə qarşı sıfır dözümlülük tətbiq olunur. Bu halda vətəndaş üçün evin hüquqi taleyi aydınlaşır, mülkiyyət gələcək nəsil üçün təminat altına alınır. Əmlak alqı-satqı, vərəsəlik və kredit götürmək üçün bank girovu kimi rəsmi iqtisadi aktivə çevrilir. Bundan dövlət də fayda götürəcək. Dövlət əmlak reyestri tam formalaşır, kölgə iqtisadiyyatının bir hissəsi leqallaşır. Qeydiyyat rüsumları və gələcək əmlak vergiləri hesabına büdcəyə daimi axın təmin edilir, bank sektoru genişlənir və cəmiyyətdəki sosial gərginlik aradan qalxır. Dövlətin böyüklüyü köhnə və qabiliyyətsiz idarəetmədən qalmış sosial problemləri cəsarətlə həll etmək bacarığındadır. Öz zəhməti ilə başı üzərində dam yaradan və dövlətdən heç nə tələb etməyən vətəndaşın əməyini hüquqi qeyri-müəyyənlikdə saxlamaq yox, təhlükəsizlik və qanun çərçivəsində onu hüquqi və iqtisadi dövriyyəyə daxil etmək həm sosial ədalətin, həm də dövlət maraqlarının tələbidir. Əmlak amnistiyası dövlətimizi gücləndirər, vətəndaşın dövlətə inamı artar”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ