Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar həmişə jurnalistləri qınayardı ki, niyə elə hamınız bizdən yazırsınız, başqa yaradıcılıq birlikləri də vardır. Həqiqətən, bu işdə bir ədalətsizlik formalaşmışdı, dünya birliyi isə buna susurdu. Manısların, rəssamların, köşə yazarlarının – bizdə hər cür sənət adamının ittifaqı vardır. Dövlət tərəfindən yaradılmış həmin ittifaqlar xalqımızın ümumi ittifaqına, birliyinə xidmət edir. Axı əvvəlcədən bilinməlidir kimə medal verməliyik, kimə təqaüd düşür, hansı artistə ev, hansı muzıkanta fleyta alınmalıdır və sairə. Bu işlər mütləq dövlət təminatı altında olmalıdır. Yəni, burada hansısa pis niyyət, məqsəd güdülmür. Əslində bizdə ümumiyyətlə pis məqsədlər olmur, ancaq bu başqa mövzudur.
Nəhayət, son dövrlər kino ittifaqında da qalmaqallar başlamışdı, Anar müəllim, ehtimal edirəm, prosesi izləyərək qəlyanaltı qımışırdı. Kinoçəkənlər qurultay edərək 51 yaşlı Əli İsa Cabbarovu sədr qoymuşdular. Xeyli artist bundan narazı qalmışdı, təkrar iclas çağırıldı, Cabbarovu qovub 81 yaşlı Şəfiqə Məmmədovanı yerinə gətirdilər.
Mən niyə onların yaşını vurğuladım? Çünki əsas məsələ elə bu idi! Axı AYB sədrinin 88, rəssamların sədri Fərhad müəllimin 80 yaşı varsa, muzıkantlarımızın ağbirçəyi Firəngiz müəllimənin də yaşı bu gün sabah 80 olacaqsa (1 xalq yandırır – 79-dur), kino ittifaqını 51 yaşlı uşaq-muşağa həvalə etmək bizə nə qazandırır? Heç nə. Son illərin prosesləri göstərir ki, nə eləsə ağsaqqallar eləyir, cavanlarda heç bir bacarıq yoxdur. Bunu xüsusilə Polad müəllim isbat etmişdir, əlavə izahata ehtiyac yoxdur.
Qayıdaq mövzumuza, açığı, həftənin birinci günüdür, belə vaxtlarda isə normal mövzu da olmur. Yəqin yenə böyürtkənə qayıtmağa məcburuq.
Bu tema uca millətimizin təbiətə, ana torpağa, ümumiyyətlə vətənimizə münasibəti üçün ciddi marker, ölçü rolunu oynadı. Fikir verdinizsə, meşədə-zadda giləmeyvə yığmaq cəriməsi söhbətini adətən hamı belə şərh edirdi: “Artıq Allahın böyürtkənini də xalqa çox görürlər”. Biri qoyunların böyürtkən yeməsinin videosunu hazırlayıb yazmışdı: “Ay heyvan, ehsan deyil, yemə, gəlib 600 manat səni cərimə edəcəklər”. Başqası lap yerinə düşən yeni su tariflərini də mövzuya calaq etmişdi: “Dənizin suyu pullu oldu, kəndlinin beli qırıldı və sairə”.
Burada haşiyə çıxaraq kəndlinin su probleminin doğrudan da ciddi olduğunu yazmaq borcumuzdur. Onsuz rayonlarda əkin-biçin, heyvandarlıq üçün suya çıxış imkanları hər adamda yox idi, bunun üçün çoxlu rüşvət vermək, hardasa tanışın-qahımın olması vacib idi, indi yeni su tarifləri kənd təsərrüfatının tabutuna son mıxları da çalmaq deməkdir. Doğrudur, Tarif Şurasının qərarında “sənaye məqsədli istifadə” ifadəsi aydın yazılıb, yəni, burada kəndli üçün bahalaşmadan söhbət getmir, ancaq kimdir buna baxan? Bizdə dovşanın qulağının cəmi iki dənə olduğunu axı sonradan sayıb öyrənirlər – dərisini boğazından çıxarandan sonra.
Ancaq “Allahın böyürtkəni”, “Allahın suyu”, “çölün otu”, nə bilim, “müftə dəniz” kimi ifadələrimiz bizim Azərbaycana, onun təbiətinə münasibətimizin neqativ göstəriciləridir.
Dünyada müftə heç zad yoxdur. Bir ingilis məsəlində ifadə edilən kimi: “Müftə pendir ancaq siçan tələsində olur”. Təbiətə də pulsuz, tükənməz sərvət kimi yanaşmaq acı nəticələr verir. Bu işlərin hamısı qanuniləşməli, limitlər qoyulmalıdır. Örnək üçün, hamımız gedək dağlara daraşaq, hansısa çiçəyi yolaq gətirək. Sabah o çiçək bitməyəcək axı. Sözgəlişi, nümunə götürdüyümüz, çatmaq istədiyimiz sivil, demokratik Qərb dünyasında bu cür ota, çiçəyə, suya, dənizə münasibətdə oxşar qanun-qaydaları çoxdan tətbiq ediblər.
Yeri gəlmişkən, Qərbdə bəzi plyajlardan adi balıqqulağı götürsən, səni 500-600 avro cərimə edirlər. Bizdə isə Görədil çimərliyindən bu yay tonlarla qumu hansısa oğrular daşıdılar, qəribədir ki, əlaqədar orqanlar hadisəni görmədi.
Güman edirəm, baş qarışmışdı Əli İsa müəllimi çıxarmağa. Əli və İsadan haçan xeyir gördük?
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ