Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya nəzarətində olan ərazilərində genişmiqyaslı yaşayış tikintisi böyük biznesə çevrilib. Dağıdılmış evlərin keçmiş sakinləri illərlə kompensasiya gözlədiyi halda, iri tikinti şirkətləri dövlət banklarından on milyardlarla rubl güzəştli kredit alırlar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2026-cı ilin avqustuna həmin ərazilərdə 1,3 milyon kvadratmetrdən çox yaşayış sahəsi tikilir.
Araşdırma müəllifləri bu layihələrin əsas benefisiarları arasında “Vahid Rusiya”dan Dövlət Dumasının deputatı Sergey Kolunovun ailəsi ilə əlaqəli biznesi, milyarder Vladimir Yevtuşenkovun strukturlarını və Rusiya Prezident Administrasiyası ilə əlaqəli Nurquşiyev qardaşlarını göstərirlər.
Kolunovun ailəsi ilə əlaqələndirilən “Sadovoye koltso” şirkəti Mariupolda 80 min kvadratmetrdən çox mənzil tikir. VTB bu şirkətə 12 milyard rubldan artıq kredit xətti açıb. Maraqlıdır ki, Kolunov özü Dövlət Dumasının tikinti məsələləri üzrə komitə sədrinin müavinidir. O, deputat seçilməzdən əvvəl biznesdəki payını əvvəlcə həyat yoldaşına, daha sonra oğlu İlyaya ötürüb.
Vladimir Yevtuşenkovun “Etalon” qrupu ilə əlaqəli Respublika Tikinti Şirkəti isə Mariupol, Luqansk və Geniçeskdəki layihələr üçün VTB-dən 26,5 milyard rubldan çox maliyyə əldə edib.
Luqanskda “Everest” şirkətinə yaşayış kompleksinin tikintisi üçün PSB tərəfindən 15,71 milyard rubl ayrılıb. Şirkətə Bulat Nurquşiyev rəhbərlik edir. Araşdırmaya görə, onun qardaşı Azamat Nurquşiyev Rusiya Prezident Administrasiyası rəhbərinin katibliyində referent işləyir.
Hesbalamalara görə, təkcə Mariupolda ipoteka mənzillərinin tikintisi üçün Rusiya dövlət bankları ən azı 61,4 milyard rubl ayırıb. Tikinti şirkətlərinin bu layihələrdən əldə edə biləcəyi ümumi marjanın isə 18 milyard rublu keçə biləcəyi bildirilir.
Yeni mənzillər rusiyalılara da illik cəmi 2 faizlə ipoteka əsasında satılır.
Araşdırmada diqqət çəkilən əsas ziddiyyət isə bundan ibarətdir ki, müharibə zamanı evlərini itirmiş keçmiş sakinlərə təklif olunan kompensasiyalar yeni mənzillərin qiymətindən xeyli aşağıdır. Bir çox sakin isə həmin kompensasiyanı almaq üçün illərlə gözləməli olur.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ