Onlayn ictimai-siyasi qəzet
İsrail və Yunanıstan arasında imzalanan 3,1 milyard avroluq nəhəng müdafiə sazişi Egey və Şərqi Aralıq dənizində hərbi balansı dəyişdirəcək addımdır. Musavat.com xəbər verir ki, yeni sistemin yerləşdiriləcəyi coğrafiya və Yunanıstanın Türkiyə ilə uzunmüddətli qarşıdurması nəzərə alındıqda, İsrail silahlarının Türkiyənin qərb istiqamətində yerləşdirilməsi prosesi başlayır.
Musavat.com xəbər verir ki, “Axilles qalxanı” adlandırılan proqram Yunanıstanda çoxqatlı hava və raketdən müdafiə sistemi yaradılmasını nəzərdə tutur.
Sistem İsrail istehsalı olan David’s Sling, SPYDER və BARAK MX komplekslərini, radar və komanda-idarəetmə vasitələrini Yunanıstanın Patriot sistemləri və digər hava hücumundan müdafiə vasitələri ilə vahid şəbəkədə birləşdirəcək. Nəticədə Yunanıstan təyyarələrə, pilotsuz uçuş aparatlarına, qanadlı və ballistik raketlərə qarşı daha geniş müdafiə imkanları əldə edəcək.
Burada əsas məqam sistemin qurulduğu hərbi coğrafiyadır. Türkiyə ilə Yunanıstan onilliklərdir Egey dənizində hava məkanı, ərazi suları, kontinental şelf və adaların hərbiləşdirilməsi məsələlərində qarşı-qarşıyadır. Ankara xüsusilə Türkiyə sahillərinin qarşısındakı Yunanıstan adalarının silahlandırılmasına etiraz edir.
Bu baxımdan İsrail istehsalı yeni hava müdafiə vasitələrinin Yunanıstanın ada müdafiəsinə daxil edilməsi Türkiyə üçün yeni hərbi reallıq yaradır. Türkiyənin Egey sahillərinin qarşısında yerləşən Yunanıstan adalarının müdafiəsi İsrail texnologiyaları ilə daha da gücləndirilir.
Xüsusilə Rodos və Egey adaları xətti mühüm əhəmiyyət daşıyır. Rodos Türkiyənin cənub-qərb sahillərinin birbaşa qarşısında yerləşir. Yunanıstanın adalardakı hərbi imkanlarının İsrail radarları, raketləri və hava hücumundan müdafiə sistemləri ilə gücləndirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinin və PUA-larının Egey üzərində fəaliyyətinə təsir edə biləcək yeni müdafiə qatının yaranması deməkdir.
Bunun arxasında daha böyük regional mənzərə dayanır. Son illərdə İsrail–Türkiyə münasibətləri ciddi şəkildə gərginləşib, eyni vaxtda İsrail Yunanıstan və Kiprlə hərbi-strateji əməkdaşlığını genişləndirib. İsrail, Yunanıstan və Kipr arasında birgə hərbi təlimlər, müdafiə layihələri və Şərqi Aralıq dənizində təhlükəsizlik əməkdaşlığı artıq davamlı xarakter alıb.
Beləliklə, xəritədə konkret hərbi xətt meydana çıxır: Türkiyənin qərbində Yunanıstan, cənub-qərbində Rodos və digər Egey adaları, daha cənubda Kipr, onların arxasında isə İsrailin hərbi-texnoloji imkanları.
3,1 milyard avroluq “Axilles qalxanı” bu xətti daha da gücləndirir. İsrail artıq yalnız Yunanıstana ayrı-ayrı silah sistemləri satan ölkə deyil, Türkiyənin Egey və Şərqi Aralıq dənizi istiqamətində qarşısında dayanan Yunanıstanın hava-raket müdafiə arxitekturasının əsas texnoloji dayaqlarından birinə çevrilir.
Bunun Türkiyə üçün nəticəsi konkretdir: Ankaranın Egey və Şərqi Aralıq dənizində qarşısında dayanan Yunanıstan İsrailin ən müasir hava müdafiə texnologiyaları ilə silahlanır. İsrail isə bununla Türkiyənin qərb və cənub-qərb istiqamətində formalaşan hərbi xəttin əsas dayaqlarından birinə çevrilir.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ