İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə keçmiş deputat Fərhad Qəribovun yaxınlarının özbaşınalığı - Video

Kürdəmir rayonunda keçmiş deputat, mərhum Fərhad Qəribovun yaxınlarının və qohumlarının qanunsuzluqları və fəhlələrin haqqını mənimsəməsi ilə bağlı ölkə rəhbərliyinə növbəti şok müraciət olunub.

Rayonun Xırdapay kəndində fəaliyyət göstərən “AzeriKarton” MMC-nin 5 nəfər əməkdaşı – Asim Məhərrəmov, İman Məmmədov, Emil Cabbarov, Ramid Ağayev və Azər Azadov açıq-aşkar özbaşınalıqla üz-üzə qaldıqlarını bildirirlər.

Zərərçəkmiş 5 ailə başçısı, ehtiyatda olan hərbi qulluqçular tərəfindən ünvanlanan müraciətin surətləri baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, vergilər naziri Orxan Nəzərliyə və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə göndərilib.

Şikayətçi fəhlələrin müraciətində ən vurğulanan məqam məhz keçmiş deputat Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun və qardaşı (əmisi) Rasim Qəribovun rayonda yaratdıqları dözülməz özbaşınalıq mühitidir. Şikayətçilər bildirirlər ki, zavodun kağız üzərindəki rəhbəri Nizami Nəsirov kimi göstərilsə də, müəssisəyə fakiki idarəçiliyi və bütün maliyyə nəzarətini qeyri-rəsmi şəkildə Qəribovlar edir.
İşçilər 2026-cı ilin iyun, iyul və avqust aylarının verilməyən əməkhaqlarını tələb edərkən Rasim Qəribovun verdiyi cavablar narazılığı pik həddə çatdırıb. Rasim Qəribov fəhlələrə açıq-aşkar bildirib:
“Qarabağda işçilər 5 aydır maaş ala bilmirlər, siz nə danışırsınız?”

Bununla da kifayətlənməyən Rasim Qəribov dövlət tərəfindən ödənilən kompensasiya pulunu bəhanə gətirərək fəhlələrin haqqını mənimsədiyini gizlətməyib. O bildirib ki, Bakı şəhərində Dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi çərçivəsində Qəribovlara məxsus “Şəki” restoranının sökülməsinə görə dövlətdən 21 milyon manat kompensasiya alınıb. Rasim Qəribov bu milyonları xatırladaraq fəhlələrə:
“O puldan nə mənə, nə qardaşım oğlu Zöhraba maaş verməyəcəyik, bu bizim şəxsi işimizdir” – deyərək qazandıqları halal zəhmət haqqını ödənilməyəcəyini bəyan edib.

Fəhlələr qeyd edirlər ki, Qəribovlar keçmiş deputat Fərhad Qəribovun adından, rayondakı nüfuzundan və bəzi dövlət qurumlarındakı adamlarından istifadə edərək heç kimdən çəkinmir, ölkə qanunlarını açıq şəkildə tapdalayırlar.

Müraciətdən aydın olur ki, “AzeriKarton” MMC-də ciddi vergidənyayınma və “qara касса” sistemi mövcuddur. Fəhlələr işə götürülərkən zavod rəhbəri Nizami Nəsirovla 1800 manat əməkhaqqı müqabilində razılığa gəlsələr də, maaşın yalnız 442.50 manatı bank kartına rəsmi köçürülüb. Qalan 1357.50 manat isə Yalçın adlı şəxs tərəfindən fəhlələrə qeyri-rəsmi nağd verilib.

İyun ayından etibarən isə nə rəsmi kart ödənişləri olunub, nə də nağd pullar verilib. Hazırda hər bir fəhlə borc içindədieər.

fot.JPG (35 KB)

Zavodda fəhlələrə qarşı fiziki və mənəvi təzyiqlər də tətbiq olunub. Müraciətdə bildirilir ki, zavod rəhbərliyində yer alan Yalçın adlı şəxs fəhlələrin xəstə və yaşlı valideynlərini söyərək təhqir edib. Hətta işçilər zavoddakı işlərindən kənarlaşdırılaraq Rasim Qəribovun göstərişi və Fariz adlı şəxsin icrası ilə Qəribovlara məxsus 5 hektarlıq torpaq sahəsində heyva ağacları əkməyə məcbur ediliblər.

Bundan başqa, 2025-ci ilin noyabrında işçi Ramid Ağayev istilik aparatında işləyərkən ağır yanıq xəsarəti alsa da, hadisə ört-basdır edilib. Zavod rəhbərliyindən Fikrət adlı şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında müəyyən yollarla iş qəzasını sənədlərdə “evdə ehtiyatsızlıqdan qaynar su tökülməsi” kimi qeyd etdirib və zərərçəkənə heç bir köməklik göstərilməyib

Zərərçəkmiş vətəndaşlar Kürdəmir Rayon İcra Hakimiyyətinə, Rayon Prokurorluğuna dəfələrlə müraciət etdiklərini bildiriblər.

Çarəsiz qalan 5 ailə başçısı cənab Prezidentdən və Baş Prokurorluqdan bu özbaşınalığa son qoyulmasını, mənimsənilən əməkhaqlarının isə təcili olaraq bərpa edilməsini istəyirlər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR