İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaxşı münasibətlərdən başqa seçimimiz yoxdur”- Əliyev-Pezeşkian görüşünə dair şərh

Azərbaycan-İran münasibətlərində qarşılıqlı dialoq və əməkdaşlığın inkişafı istiqamətində mühüm mesajların verildiyi bir vaxtda Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla Bişkekdə görüşü diqqət çəkir. Görüşdə İranın üzləşdiyi vəziyyət, Azərbaycanın Tehrana göstərdiyi humanitar və siyasi dəstək, eləcə də ikitərəfli əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycanın İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın İrana göstərdiyi yardımın iki xalq arasındakı qardaşlığın nümunəsi olduğunu vurğulayıb.

Məsud Pezeşkian isə İranın Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib. İran Prezidenti Azərbaycanın göstərdiyi siyasi və humanitar dəstəyin Tehran tərəfindən yüksək qiymətləndirildiyini bildirərək İlham Əliyevə təşəkkürünü çatdırıb.

Bişkek görüşü Bakı-Tehran münasibətlərində qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi baxımından mühüm siyasi mesajdır . Tərəflərin açıqlamaları Azərbaycan və İran arasında siyasi dialoqla yanaşı, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yarandığını göstərir.

Bişkek görüşü Bakı-Tehran münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi? Azərbaycanın İrana göstərdiyi dəstək ikitərəfli etimadı nə dərəcədə gücləndirəcək? Tehran Bakı ilə əlaqələri hansı yeni istiqamətlər üzrə genişləndirə bilər? Azərbaycan-İran əməkdaşlığının inkişafı Cənubi Qafqazda sabitliyə və regional proseslərə necə təsir göstərəcək?

Aydın Mirzəzadə: Qarabağda yaşayan erməni sakinlərin Ermənistana  gediş-gəlişi üçün heç bir maneə yoxdur - AZƏRTAC

Aydın Mirzəzadə

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Musavat.com-a bunları dedi: "Azərbaycanın xarici siyasətində İranla münasibətlər həmişə xüsusi yer tutub. Biz bir tarixə, mədəniyyətə və dilə malikik və bizi birləşdirən bir çox amillər var. Həmişə İranla münasibətlərin diplomatik yolla həll edilməsinin tərəfdarı olmuşuq. Azərbaycan öz ərazisindən heç bir zaman İrana qarşı zərbə endirilməsina imkan verilməyəcəyini daim bəyan edib. Son dövrlərdə İranla bağlı məsələlərdə Azərbaycan İranın suverenliyinin, İranla problemlərin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olub. İlk humanitar yardım göstərən və İranla dostluq, qardaşlıq münasibətlərini hər zaman göstərən ölkə olmuşuq. Bişkekdə iki ölkə rəhbərinin görüşü göstərdi ki, hər iki tərəf münasibətlərin genişləndirilməsində, inkişaf etdirilməsində maraqlıdırlar, bir-birinin suverenliyinə böyük hörmətlə yanaşırlar. Münasibətlərimiz təkcə siyasi münasibətlər deyil, iqtisadi tərəfdaşlığımız da var. Humanitar əlaqələr böyüyüb. Tək dövlət başçıları səviyyəsində deyil, digər dövlət qurumları səviyyəsində də əlaqələrin genişləndirilməsi həmişə diqqətdə olub. Hesab edirik ki, Azərbaycan-İran dostluq münasibətləri bundan sonra dərinləşməkdə, güclənməkdə davam edəcək. Bunu zaman, xalqlarımızın bir-birinə olan qardaşlıq, dostluq münasibətləri tələb edir. Eyni zamanda bizim yaxşı münasibətlərdən başqa seçimimiz heç bir zaman olmayıb və olmayacaqdır".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR