Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsindən sonra Vladimir Putinin atdığı addım Moskvada İrəvanla bağlı yeni siyasi hesabların gündəmə gəldiyini göstərir. Rusiya liderinin seçdiyi ifadələr isə adi təbrik protokolundan xeyli kənara çıxır.
Musavat.com xəbər verir ki, bu məqama Rusiyanın Cənubi Qafqaz siyasəti üzrə tanınmış ekspertlərindən Sergey Markedonov diqqət çəkib. O, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi əməkdaşı və tədqiqat proqramının rəhbəri, eyni zamanda “Mejdunarodnaya analitika” (“Beynəlxalq analitika”) jurnalının baş redaktorudur.
Markedonov bildirib ki, belə hallarda təkcə teleqramın mətninə deyil, onun hansı siyasi şəraitdə göndərildiyinə də baxmaq lazımdır. Putinin müraciəti Robert Köçəryanın həbsindən cəmi bir neçə gün sonraya və Rusiya liderinin Nikol Paşinyanla görüşü ərəfəsinə təsadüf edir.
Putin Köçəryanı 72 yaşı münasibətilə təbrik edərkən Rusiyada onun Rusiya-Ermənistan arasında “dostluq və müttəfiqlik əlaqələrinin” inkişafına verdiyi şəxsi töhfənin yaxşı xatırlandığını xüsusi vurğulayıb. Daha diqqətçəkən məqam isə Rusiya prezidentinin Köçəryana və ailəsinə üzləşdikləri sınaqlar qarşısında “möhkəmlik” arzulaması olub.
Markedonov məhz bu ifadənin siyasi yükünə diqqət çəkir. Onun fikrincə, Putin əvvəlki xəttini davam etdirərək Rusiya ilə yaxınlaşmaqda maraqlı olan erməni siyasətçilərin onun üçün sadəcə sözdə mövcud olan fiqurlar olmadığını nümayiş etdirir. Ekspert Putinin Köçəryana “möhkəmlik” arzulamasını keçmiş prezidentlə həmrəylik nümayişi kimi qiymətləndirib.
Başqa sözlə, Kremlin mesajından Moskvanın Köçəryandan siyasi baxımdan vaz keçmədiyi nəticəsini çıxarmaq mümkündür. Lakin bunu Putinin açıq şəkildə “həbsi bağışlamayacağı” barədə bəyanatı kimi deyil, teleqramın siyasi kontekstindən çıxarılan nəticə kimi qiymətləndirmək daha doğrudur.
Markedonov həmçinin Moskva ilə İrəvan münasibətlərinin bütün postsovet dövrünün ən aşağı nöqtəsinə düşdüyünü vurğulayıb. O xatırladıb ki, Ermənistan hökumətinin 2026–2031-ci illər proqramında Rusiya artıq müttəfiq adlandırılmır. İki ölkə arasındakı münasibətlər “transformasiya olunan, inkişaf edən və dərinləşən tərəfdaşlıq” kimi xarakterizə edilir. Rusiya isə Ermənistan üçün maraq kəsb edən ölkələr sırasında yalnız səkkizinci yerdə göstərilib.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ