Onlayn ictimai-siyasi qəzet
Bu gün Bişkekdə keçirilən “ŞƏT+” formatında yüksək səviyyəli görüşdə liderlər mühüm açıqlamalar veriblər, vacib məsələlərlə bağlı çağırışlar ediblər. Diqqətçəkən məqamlardan biri BMT-nin rolunu gücləndirmək, mövcud mexanizmləri müasir reallıqlara uyğun olaraq təkmilləşdirmək və s. müzakirə olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ŞƏT+” formatında görüşdəki çıxışı zamanı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri üzrə qısa müddətdə müvafiq mexanizmlərin işlənib hazırlanması tələb olunur. “Əgər bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və Təşkilatın münaqişənin həllində rolunun artırılmasına töhfə verəcək. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - dövlət başçısı qeyd edib.
Pakistanın Baş naziri Şahbaz Şərif də BMT-də islahatların aparılmasına çağırıb.
Şahbaz Şərif bildirib ki, dünya misli görünməmiş dəyişikliklər və təlatümlər dövründən keçir. Onun sözlərinə görə, BMT daha effektiv fəaliyyət göstərmək üçün islahata ehtiyac duyur. (APA)
Mövzunu beynəlxalq hüquq üzrə ekspert Sahib Məmmədovla müzakirə etdik.

S.Məmmədov Musavat.com-a şərhində təşkilatın yaradılma tarixini xatırlatdı:
“Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsində qalib gəlmiş dövlətlər tərəfindən, əsasən də ABŞ, SSRİ və Böyük Britaniya dövlətlər tərəfindən yaradılıb. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1920-ci ildə yaradılan Millətlər Liqası 1939-cu ildə süqut etmişdi (formal olaraq isə 1946-cı ildə). Onun süqutunun əsas səbəbi isə İkinci Dünya Müharibəsinin qarşısını ala bilməməsi idi. İkinci Dünya Müharibəsinin qalibləri BMT-i təsis edərkən Millətlər Liqasının süqut etmə səbəblərini nəzərə aldılar. BMT-nin əsas məqsədləri beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, sülhə təhdidlərin, təcavüz hallarının qarşısını almaq (zəruri hallarda güc tətbiq etməklə), beynəlxalq mübahisələri sülh yolu ilə və ədalət prinsipinə uyğun olaraq həll etmək, xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, xalqların bərabərhüquqluluğu və özünüidarəetmə (müqəddəratını təyin etmə) prinsipinə hörmət əsasında dövlətlərarası əlaqələri möhkəmləndirmək və iqtisadi, sosial, mədəni və humanitar xarakterli (o cümlədən insan hüquq və azadlıqlarının təşviqi) məsələləri həll etmək və s.
BMT-nin 6 əsas orqanı mövcuddur ki, onlardan biri də Təhlükəsizlik Şurasıdır. BMT TŞ 15 üzvdən ibarətdir və onun da 5-i daimi üzvdür. Digərləri isə ədalətli coğrafi bölgü prinsipi əsasında rotasiya qaydasında dəyişdilir. Əsas problem də bundadır. Bu 5 dövlətin razılığı olmadan sülhə və təhlükəsizliyə aid heç bir məsələni həll etmək mümkün deyil. 5 üzvdən birinin veto qoyması istənilən təşəbbüsün, qərarın və qətnamənin qarşısını alır. Hazırda BMT-nin Təhlükəsizlik Şurası üzvləri arasında da qarşıdurma mövcuddur. Dünyada müharibələr gedir. BMT Təhlükəsizlik Şurasının qərarı olmadan sülh və təhlükəsizliyə təhdid adı ilə bir dövlət digərinə qarşı müharibəyə başlayır və s. Bir növ 1939-cu ildə Millətlər Liqasının düşdüyü vəziyyət yaranıb. BMT isə baş verən konfliktlərin qarşısının alınmasında acizdir. BMT dövlətlərin klubudur və onun əsas orqanlarında qərarları dövlətlər qəbul edir. Dövlətlər müxtəlif qütblərə bölünüb. Bu baxımdan dünya dövlətlərinin bir çoxu BMT daxilində islahatların zəruriliyini qeyd edir və onlar haqlıdırlar. Bu dövlətlər içərisində Türkiyə və Azərbaycan da var”.
Ekspert qeyd etdi ki, BMT daxilində islahat aparmaq üçün onun nizamnaməsində ciddi dəyişikliklər olmalıdır:
“Bu isə demək olar ki, qeyri-mümkündür. BMT-nin nizamnaməsi qəbul olunduqdan və qüvvəyə mindikdən sonra ona 3 dəfə dəyişiklik edilib. Lakin bunlar elə dəyişikliklər idi ki, onların üzv dövlətlər, o cümlədən BMT TŞ daimi üzvləri tərəfindən ratifikasiyası problem olmamışdı. Dəyişikliyə görə, BMT TŞ üzvlərinin sayı 11-də 15-ə, BMT-nin əsas 6 orqanından biri olan ECOSOC üzvlərinin sayının əvvəlcə 18-dən 27-yə, növbəti dəyişiklikdə isə 54-ə çatdırılıb. Hazırda köklü dəyişiklik üçün nizamnaməyə prinsipial dəyişiklik olduqca çətin, bəzən isə mümkünsüzdür. Belə ki, nizamnamənin 108-ci maddəsinə görə “Bu Nizamnaməyə edilən düzəlişlər Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri üçün Baş Assambleya üzvlərinin üçdə ikisinin səsi ilə qəbul edildikdən və BMT üzvlərinin, o cümlədən Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin üçdə ikisi tərəfindən müvafiq konstitusiya proseslərinə uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir”.
Deməli, əvvəlcə Baş Assambleyada üzvlərdən üçdə ikisi, onlardan da ən azı 9-u BMT TŞ üzvü olmaqla dəyişikliyi təsdiq edir. Daha sonra BMT üzvü olan dövlətlərin ən azı üçdə ikisi onu öz konstitusiyalarına uyğun ratifikasiya edir, o cümlədən BMT TŞ üzvlərinin üçdə iksi və daimi üzvlərinin hamısı. Yalnız bundan sonra dəyişiklik qüvvəyə minir. BMT TŞ daimi üzvlərindən birinin vetosu bəs edir ki, dəyişiklik qəbul olunmasın. Yuxarıda qeyd edilən dəyişikliklər üçün çox da vaxt itkisi olmayıb. 3-4 ilə proses başa çatıb. Amma hətta Baş Assambleya nizamnaməyə prinsipial dəyişikliyi (o cümlədən BMT TŞ-nin tərkibinin dəyişməsi, səlahiyyətləri və s.) hazırlayıb Assambleyada qəbuluna nail olsa belə, onun dövlətlər tərəfindən qəbulu və ratifikasiyası uzun illər çəkəcək və nəticədə BMT TŞ onu təsdiq etməsə, qəbul olunmayacaq”.
Hüquqşünas vurğuladı ki, beynəlxalq hüququn öz təsirini itirməsi fonunda BMT-nin əhəmiyyətinin azalması hələ onun gərəksiz qurum olması demək deyil:
“BMT hələ də dünyada sülhün, təhlükəsizliyin və insan hüquqlarının təminatında mühüm rol oynamaqdadır. Onun sülhün, təhlükəsizliyin və insan hüquqlarının təminatındakı rolunu dəyərləndirmək üçün bu nəhəng qurumun adıçəkilən sahələrdəki fəaliyyəti barədə məlumatlı olmaq lazımdır. Fikrimcə, BMT-nin nizamnaməsinə əsaslı dəyişikliklər etməklə onun məqsəd və səlahiyyətlərini, idarə edilmə prosedurlarını dəyişmək mümkün olmayacaq. BMT-nin bu vəziyyətdə qalması isə onun taleyinin Millətlər Liqasının taleyi kimi olmasına gətirə bilər. Yəni bu halda BMT süqut edir və dövlətlər onun üzvlüyündən çıxaraq yeni bir təşkilat yaradır. Bu variant da kifayət qədər təhlükəlidir. Hazırda mövcud olan beynəlxalq münasibətlər bu cür radikal dəyişikliyə imkan vermir. Şahmat dili ilə desək, bu halı “pat vəziyyəti” adlandırmaq olar”.
Nigar Həsənli
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ