İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin villasına mediatur

Hökumət turizm gəlirlərinin azalmasından narazıdır, ancaq sərhədi də açmır. Məlum deyil, turist bizə necə gəlməlidir. Yalnız uça-uça və üzə-üzə gəlmək olmur, çətindir. Bəlkə yeraltı marşrutlar fikirləşmək lazımdır. Hər şeyin çarəsi var.

Əslində, mən turist sayının azlığı fikri ilə çox da razı deyiləm. Yəni, razıyam, ancaq az razıyam. Saqqallı anekdotdakı kimi: iki nəfər söhbətləşir, biri soruşur ki, sən bilmirsən, timsahlar uçur, ya yox? Adam deyir, uçmur. Həmkarı deyir, bəs axı müdir söyləyirdi ki, uçurlar. Adam dərhal düzəliş edir: “Hə, əlbəttə, müdir deyirsə, yəqin uçurlar. Sadəcə, bir az alçaqdan uçurlar”. Bizdə turist sayının formalaşması metodikası təzələnməlidir.

Məsələn, vaxtaşırı şirkətlər, dövlət idarələri obyektlərinə jurnalistləri aparıb gəzdirirlər, bunun özü niyə turizm sayılmır? Adını da elə bu cür qoyurlar: mediatur. Yəni, media üçün turizm. Hətta bir dəfə dövlət informagentliyimizin saytında belə başlıq görmüşdüm, o qədər ləzzət almışdım, yadımdan çıxmır: “Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur”.

Möhtəşəm idi. Həm müalicə turizmi var, həm kənd təsərrüfatı turizmi və bunları öyrənmək üçün informasiya turizmi. Lap o köhnə qəhvə reklamındakı kimi, “üçü birində” alınmışdı. Əgər biz bunları üçqat saysaq, turizm potensialımızın İspaniyanı ötüb keçdiyini görərik, Naftalan da Luvr və Florensiyanı qatlayıb qoyar palçıq vannasına.

Bu yay hökumət Bakıdakı parklarda camaat üçün konsertlər təşkil etmişdi. Gözəl yenilikdir, onsuz bekar qalmışıq, gedib izləyirik, manıslarla şəkil çəkdiririk, uşaqlar dingildəşir, qonum-qonşu cibbildəşir və sairə. Lakin həmin konsertləri izləyənlər turist statistikasına salınmır. Nə üçün? Təmiz turizmdir. Evdən çıxıb parka qədər getmək asandırmı? Ta yeri gəlib, bunun da lətifəsi var: bir dəfə arvad evi yığışdırırmış, tənbələ deyir, dur sobanın böyründən, oranı süpürüm. Tənbəl durub azca qırağa keçir, deyir: “Ey gidi dünya, quş taleli insan! Bayaq harda idim, indi gör hardayam!”

Bəli. Konsert vacibdir. Ancaq qəmli xəbər var ki, idarə konsertləri payız və qışda keçirmək istəmir. Biz buna etiraz edirik. Soyuq, qar-filan bizi qorxutmur. Lazım gəlsə parkda mağar qurmaq olar. Gözəl ənənələr yaşadılmalıdır. Mən xatırlayıram, qabaqlar parklarda pəhləvan, kəndirbaz nümayişi də olurdu, nədənsə bunların sayı azalmışdır. Güman edirəm, daha insanlar mismarın üstündə yerimək, kəndirdə hoppanmaq, dişində daş qaldırmaq, saçı ilə paravoz dartmaq kimi adətləri unudurlar. Hökumət bu istiqamətdə tədbirlər görsə yaxşı olar.

Ramiz Mehdiyevə yeni cinayət işi açılması haqda gəzən söz-söhbətlər də milli adətlərimizin qorunması baxımından yerinə düşür. Bildiyiniz kimi (ya da özünüzü elə aparın ki, guya bilirsiniz – mən özüm son illər belə edirəm – Z.H.), Ramiz müəllim dövlət çevrilişində, müxalifətçilikdə-zadda ittiham olunaraq villa dustağı şəklinə salınmışdır. Villanın otaqlarında gəzişmək üçün Nazirlər Kabinetindən 3 ay öncədən icazə alır. Ancaq indi deyilir ki, Ramiz müəllimin cinayət işinə “rüşvətxorluq” maddəsi də əlavə olunmuşdur.

Açığı, çox gözlənilməz maddədir. And olsun o məşhur diplomat açan “atvyorkanın” ucuna, buna inanmaq həddindən artıq çətindir. Ramiz Mehdiyev hara, rüşvət hara... Hətta təmizliyinə görə bir ara İran firmaları Mehdiyevin adı ilə yuyucu toz buraxırdılar, reklamını yanılmıramsa şəxsən Aygün xanım oxuyurdu: “Ramiz, Ramiz, təmizdir, Ramizin üstünlüyü şəksizdir, şübhəsizdir”. Nəsə bu məzmunda bir süjet idi. Axırda da maşın silkələnirdi.

Ancaq qlobal istiləşmə dövründə yaşayırıq. Odur, Messi də növbəti dəfə Argentina yığmasını buraxdığını elan etmişdir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR