Onlayn ictimai-siyasi qəzet
KQB keçmişli Lebedev ailəsinin nəşri niyə Ramiz Mehdiyev–Əli Kərimli işi barədə istintaqın açıqladığı faktları görməzdən gəlir və Britaniya hökumətini Azərbaycana təzyiq göstərməyə çağırır?
Adı “The Independent”, yəni “Müstəqil”dir. Ancaq bir media orqanının müstəqilliyi onun adında deyil, sahiblik strukturunda, mənbələrlə davranışında, təqdim etdiyi və gizlətdiyi faktlarda ölçülür.

Britaniyanın “The Independent” nəşrinin 30 avqust 2026-cı ildə Əli Kərimli haqqında dərc etdiyi material bu baxımdan bir sıra ciddi suallar doğurur. Məqalə sadəcə həbsdə olan bir siyasətçinin vəziyyətindən xəbər vermir. Yazı Azərbaycanı “rejim” kimi təqdim edir, istintaqın ittihamlarını əvvəlcədən “siyasi motivli” elan edir və Böyük Britaniya hökumətini Azərbaycana açıq təzyiq göstərməyə çağırır.
Bu, jurnalistika ilə siyasi və hüquq-müdafiə kampaniyası arasındakı sərhədin harada bitdiyini soruşmağa əsas verir.

Eyni müəllif, eyni ailə, eyni siyasi çağırış
“The Independent”in materialı təsadüfi və birdəfəlik xəbər deyil.
2026-cı il mayın 4-də həmin qəzetin jurnalisti James C. Reynolds Əli Kərimli ilə “həbsxanadan müsahibə” dərc etmişdi. Qəzet özü etiraf edirdi ki, suallar və cavablar Kərimlinin ailəsi vasitəsilə ötürülüb. Yazının əsas siyasi mesajı qərbin, xüsusilə Böyük Britaniyanın Azərbaycan hakimiyyətinə qarşı daha sərt mövqe tutması idi.
Avqustun 30-da eyni müəllif ikinci “eksklüziv” materialla çıxış etdi. Bu dəfə əsas mənbə Əli Kərimlinin Londonda yaşayan qızı Sezan Kərimli idi. Yenə Azərbaycan “rejim”, Kərimli isə “demokratiya tərəfdarı lider” kimi təqdim olundu. Yenə Britaniya hökumətinə Azərbaycanla münasibətlərdə insan hüquqlarını enerji və ticarət maraqlarından üstün tutmaq çağırışı edildi.
Beləliklə, qarşımızda eyni müəllif, eyni ailə mənbəyi və eyni siyasi hədəf üzərində qurulmuş ardıcıl informasiya xətti var.
Bu, artıq sadəcə xəbər deyil. Bu, müəyyən nəticə əldə etməyə, daha doğrusu, Britaniya hökumətini Azərbaycan qarşısında açıq mövqe tutmağa sövq edən media kampaniyasıdır.
“Independent” kimindir?
“The Independent”i nəşr edən hüquqi şəxs Independent Digital News and Media Limited şirkətidir. Britaniyanın rəsmi şirkət reyestrinə əsasən, nəşrin əhəmiyyətli səhmdarlarından biri Sovereignty Media Limited şirkətidir. Bu holdinqin ən azı 75 faizi Yevgeni Lebedev tərəfindən idarə olunur.
Yevgeni Lebedev Moskvada doğulub, sonradan Britaniya vətəndaşı olub və Boris Consonun təqdimatı ilə Lordlar Palatasına daxil edilib. Onun lord təyin olunması Britaniyada ciddi mübahisələrə səbəb olmuş, məsələ parlament müzakirələrinə qədər gedib çıxmışdı. Britaniya hökuməti Lebedevlə bağlı təhlükəsizlik qiymətləndirməsinin bütün detallarını ictimaiyyətə açıqlamaqdan imtina etmişdi.

Lebedevin atası Aleksandr Lebedev isə adi rusiyalı iş adamı deyil.
Britaniya parlamentinin rəsmi stenoqramlarında Aleksandr Lebedev Londonda fəaliyyət göstərmiş keçmiş KQB əməkdaşı kimi təqdim olunur. Sovet İttifaqı dağıldıqdan sonra o, bankirə və oliqarxa çevrilib. Lebedev ailəsi “The Independent”i 2010-cu ildə simvolik olaraq cəmi bir funt sterlinqə alıb.
Aleksandr Lebedev sonrakı illərdə Rusiyada və işğal olunmuş Krımda iqtisadi maraqlar saxlayıb. O, Kanada və Ukraynanın sanksiyalarına məruz qalıb. Onun Krımdakı sərmayələri və Rusiya hakimiyyətinin nümayəndələri ilə əlaqələri barədə Britaniya mediasında və parlamentində çoxsaylı suallar qaldırılıb.
Məhz buna görə də, KQB keçmişli və Rusiya siyasi-iqtisadi mühiti ilə dərin əlaqələri olan ailənin nəzarətindəki nəşrin Azərbaycanı hədəfə alan kampaniyada iştirakı araşdırılmalı fakt olaraq qalır.
Əsas sual budur: “The Independent” niyə Əli Kərimli işinin Rusiya tərəfini oxucularından gizlədir?
“Dövlətə xəyanət” deyil, hakimiyyəti zorla ələ keçirmək ittihamı
“The Independent” Əli Kərimlinin “siyasi motivli dövlətə xəyanət ittihamı” ilə üzləşdiyini yazır.
Ancaq bu hüquqi baxımdan dəqiq deyil.
Əli Kərimliyə Azərbaycan Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər üzrə ittiham verilib. Dövlətə xəyanəti nəzərdə tutan 274-cü maddə isə Ramiz Mehdiyevə verilən ittihamlar arasındadır.
Bu iki ittihamın bir-birinə qarışdırılması sadə terminoloji səhv deyil. Belə təqdimat oxucuda Kərimlinin sırf siyasi fəaliyyətinə görə “xəyanət”də ittiham olunması təsəvvürü yaradır və Ramiz Mehdiyev işi ilə hüquqi əlaqəni arxa plana keçirir.
Halbuki Əli Kərimlinin həbsi ayrıca və kontekstdən kənar cinayət işi deyil. O, keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev barəsində aparılan istintaq çərçivəsində məsuliyyətə cəlb edilib.
Reuters 2025-ci ilin dekabrında Azərbaycan hökumətindəki mənbəyə istinadla istintaqın Əli Kərimlinin Ramiz Mehdiyev tərəfindən maliyyələşdirildiyini iddia etdiyini yazmışdı.
2026-cı il fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti istintaq versiyasını əks etdirən geniş videosüjet yayımladı. Orada Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov və başqa şəxslərin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərdə iştirak etdikləri iddia olunurdu.
Bu materiallar hələ məhkəmədə yekun hüquqi qiymətini almayıb.
Jurnalistikanın vəzifəsi təkcə ittiham tərəfinin və ya müdafiə tərəfinin sözünü təkrarlamaq deyil. Jurnalistika hər iki versiyanı oxucuya təqdim etməlidir.
“The Independent” isə bütün bu məlumatları oxucudan gizlədərək Human Rights Watch nümayəndəsinin “inandırıcı sübut görmədik” mövqeyini əsas hökm kimi təqdim edir.
Qəzet Azərbaycan Xarici İşlər Nazirliyindən şərh istədiyini yazır, amma istintaqı aparan DTX-dən və ya Baş Prokurorluqdan konkret ittihamlar üzrə cavab alıb-almadığını göstərmir.
Bu, araşdırma jurnalistikası deyil. Bu, əvvəlcədən seçilmiş nəticəyə uyğun faktların süzgəcdən keçirilməsidir.
Ramiz Mehdiyev–Əli Kərimli xəttində Rusiya sualı
Ramiz Mehdiyev uzun illər Azərbaycanın siyasi sistemində Moskva meyilli köhnə sovet nomenklaturasının əsas simalarından biri kimi qəbul olunub. Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə onun dövlət aparatı, siyasi partiyalar, media və elmi institutlar üzərində böyük təsirə malik olduğu heç kimə sirr deyildi.
Hal-hazırda davam edən istintaqın əldə etdiyi faktlarda, Mehdiyev və onunla əlaqəli şəxslərin Azərbaycanda yeni “Dövlət Şurası” yaradılması və hakimiyyət modelinin dəyişdirilməsi ilə bağlı plan hazırladığı və bu layihənin Rusiyanın siyasi dairələrinə təqdim edildiyi öz əksini tapıb.
Əli Kərimli bu əlaqəni rədd və özünü ardıcıl qərb tərəfdarı kimi təqdim etsə də, istintaqın açıqladığı materiallarda tamam başqa mənzərə, Rusiya ilə razılaşdırıla biləcək hakimiyyət dəyişikliyi, KTMT-yə mümkün üzvlük və xarici maliyyələşmə iddiaları təsvir olunur.
Amma “The Independent”in davranışı başqa sual doğurur: əgər Kərimliyə qarşı iş “Rusiya tərəfindən dəstəklənən dövlət çevrilişi” iddiası ilə bağlıdırsa, nə üçün qəzet bu işin Rusiya bağlantısını araşdırmır?
Nə üçün Kərimlinin ailəsinin söylədikləri təfərrüatlı şəkildə verilir, amma Ramiz Mehdiyev xətti, xarici xüsusi xidmətlər və KTMT iddiaları bir cümlə ilə belə izah edilmir?
Putin əvvəlki gücünü itirib, amma köhnə metodlar qalır

Rusiyanın Cənubi Qafqazdakı mövqeyi son illərdə ciddi şəkildə zəifləyib.
Ukraynaya qarşı müharibə Kremlin hərbi və siyasi resurslarını tükəndirib. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edib və Rusiya sülhməramlıları Qarabağdan çıxıb. Ermənistanın Moskva ilə münasibətləri zəifləyib. Türkiyənin, ABŞ-nin və Avropa İttifaqının bölgədə rolu artıb.
Rusiya artıq əvvəlki kimi Bakıya hərbi təzyiq göstərmək, Qarabağ münaqişəsini təsir vasitəsi kimi saxlamaq və ya Azərbaycan hakimiyyətini birbaşa dəyişdirmək imkanına malik deyil.
Lakin Kremlin zəifləməsi onun Azərbaycandan imtina etməsi demək deyil.
Moskvanın postsovet məkanında illərlə istifadə etdiyi başqa üsullar var.
Dövlət aparatındakı köhnə əlaqələr, siyasi müştərilər, oliqarx şəbəkələri, diaspor üzərindən təzyiq, informasiya əməliyyatları və bir-birinə zidd görünən ideoloji qrupların eyni strateji məqsəd üçün istifadəsi bu üsulların bir qismidir.
Bu metodun mahiyyəti ondan ibarətdir ki, Rusiya marağı həmişə Rusiya bayrağı altında müdafiə edilmir. Bəzən Moskvanın geopolitik maraqlarına xidmət edən təzyiq “demokratiya”, “insan hüquqları” və “qərb dəyərləri” dili ilə təqdim olunur.
Paradoks da məhz bundadır, Azərbaycanda mümkün Rusiya bağlantılı hakimiyyət dəyişikliyi işi üzrə həbs edilən şəxsin müdafiəsi KQB keçmişli rus oliqarx ailəsinin nəzarətindəki Britaniya nəşrinin səhifələrində qərb hökumətinə təzyiq çağırışına çevrilir.
Təbii ki, Kreml və onun əlaltıları bu məqalənin açıq şəkildə Moskva tərəfindən sifariş edildiyini söyləməyəcək, ancaq yaranmış nəticənin Rusiyanın maraqları ilə üst-üstə düşdüyünü görməmək də siyasi sadəlövhlük olardı.
“Beşinci kolon” yalnız Bakıda olmur
Rusiyanın “beşinci kolonu” anlayışını yalnız Azərbaycanda yaşayan rusiyapərəst məmur və siyasətçilərlə məhdudlaşdırmaq düzgün deyil. Müasir təsir şəbəkələri sərhədlərdən kənarda fəaliyyət göstərir.
Bir tərəfdə sovet dövründən qalan siyasi-bürokratik əlaqələr, digər tərəfdə Londonda və Avropada çalışan lobbiçilər, hüquq-müdafiə təşkilatları, diaspor fəalları və beynəlxalq media platformaları ola bilər. Çox vaxt onların maraqları, motivləri və hətta ideoloji mövqeləri fərqli olsa da bənzər məsələlətfə onların Kreml tərəfindən yönləndirildiyi təxmin etmək olur.
Çünki, Azərbaycan dövlətinin legitimliyinin sarsıdılması, ölkənin qərb tərəfdaşları ilə münasibətlərinin gərginləşdirilməsi və hakimiyyətə qarşı xarici siyasi təzyiqin artırılması və sair kimi addımlar onları eyni nöqtədə birləşdirir.
Əli Kərimlinin azad edilməsini tələb etmək hüquqi və siyasi mövqedir. Həbs şəraitinin araşdırılmasını istəmək də legitim tələbdir.
Lakin bunu edərkən cinayət işinin mahiyyətini, Ramiz Mehdiyev bağlantısını və xarici xüsusi xidmətlərlə bağlı iddiaları tamamilə gizlətmək artıq obyektiv jurnalistika sayıla bilməz.
“Independent”in cavablandırmalı olduğu suallar
“The Independent” öz adının ifadə etdiyi müstəqilliyə həqiqətən sadiqdirsə, aşağıdakı suallara cavab verməlidir:
Bu suallara cavab verilmədən “The Independent”in materialını müstəqil araşdırma kimi deyil, Azərbaycan əleyhinə siyasi təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirmək üçün əsas qalacaq.
Köhnə əməliyyatın yeni qablaşdırması
Putin Rusiyası Cənubi Qafqazda əvvəlki imkanlarını itirib. Moskvanın Azərbaycan daxilində birbaşa hakimiyyət dəyişikliyi həyata keçirmək gücü və manevr sahəsi xeyli daralıb.

Ancaq imperiyalar yalnız tank və raketlərlə hərəkət etmir. Onlar əlaqələr, köhnə kadrlar, kompromatlar, informasiya platformaları və başqalarının siyasi dilindən istifadə etməklə də təsir göstərirlər.
Bir vaxtlar Kreml öz maraqlarını “rusdilli əhalinin müdafiəsi” adı altında həyata keçirirdi. Bu gün eyni maraq bəzən “insan hüquqları” və “demokratiyanın müdafiəsi” qablaşdırmasında təqdim olunmaqdadır.
Əli Kərimli işi üzrə məhkəmənin nə qərar verəcəyini indidən söyləmək olmaz. Təqsiri müəyyən etmək medianın deyil, məhkəmənin işidir. Lakin medianın vəzifəsi də həqiqəti hissələrə bölüb yalnız siyasi məqsədə uyğun olan parçaları göstərmək deyil.
Adı “Müstəqil” olan bir nəşr Ramiz Mehdiyev–Əli Kərimli işinin Rusiya tərəfini gizlədir, istintaqın açıqladığı faktları oxucuya çatdırmır və Britaniya hökumətini Azərbaycana təzyiq göstərməyə çağırırsa, həmin nəşrin öz müstəqilliyi də araşdırma mövzusuna çevrilir.
Bəlkə də bu dəfə araşdırılmalı olan təkcə Əli Kərimlinin işi deyil.
“The Independent”in özü və onun “müstəqilliyi”dir.

01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ