Onlayn ictimai-siyasi qəzet
İki yüzdən çox keçmiş yüksək vəzifəli İsrail rəsmisi və hərbi qulluqçuları İsrail baş naziri Benyamin Netanyahu hökumətindən İordan çayının Qərb sahilində fələstinlilərə qarşı zorakılığa son qoymağı tələb edən məktub imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" (NYT) qəzeti yayıb.
Bildirilir ki, imza atanların arasında iki keçmiş baş nazir, 30-dan çox təqaüdçü ordu və hava qüvvələri generalı, keçmiş xarici və daxili kəşfiyyat rəhbərləri, ravvinlər, Nobel mükafatı laureatı və tanınmış İsrail yazıçısı var.
Məktubda onlar İordan çayının Qərb sahilində yəhudi məskunları tərəfindən həyata keçirilən "etnik təmizləməyə" son qoyulmasını tələb ediblər.
Qəzetin qeyd etdiyinə görə, bu qədər böyük bir qrup yüksək vəzifəli məmurun bu cür ittihamları indiyədək "praktik olaraq eşidilməmişdi".
Bu müraciətin baş nazir Benyamin Netanyahu tərəfindən qəbul edilməsi mümkündürmü?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, keçmiş generalların, təhlükəsizlik və kəşfiyyat sisteminin rəhbərlərinin də bu məsələyə açıq şəkildə müdaxilə etməsi problemin İsrailin dövlət və təhlükəsizlik elitası daxilində də ciddi narahatlıq doğuran tərəflərinin olduğunu göstərir:
"Bu hadisənin ən önəmli tərəfi odur ki, İsrailin keçmiş siyasi və təhlükəsizlik elitasının böyük qrupu İordan çayının Qərb sahilində fələstinlilərə qarşı zorakılığın mövcudluğunu açıq şəkildə təsdiqləyərək hökuməti bu prosesə son qoymağa çağırıb. Bu, həm də etiraf və etiraz kimi qəbul edilə bilər. Düzdür, məktub İsrail dövlətinin rəsmi etirafı deyil. Yəni Netanyahu hökuməti və ya İsrail dövləti "İordan çayının Qərb sahilində fələstinlilərə qarşı etnik təmizləmə aparırıq" məzmununda rəsmi mövqe ortaya qoymayıb. Söhbət İsrailin nüfuzlu keçmiş dövlət və hərbi xadimlərinin mövqeyindən gedir. Lakin məktubu imzalayan şəxslərin İsrailin təhlükəsizlik və siyasi sisteminin içindən gəlməsi bu ittihamların əhəmiyyətini artırır. Bu isə Netanyahu hökuməti üçün həm daxili siyasi, həm də beynəlxalq reputasiya baxımından ciddi xəbərdarlıqdır. Bu müraciətin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Xüsusilə də göründüyü kimi, söhbət yalnız sıravi ictimai fəallardan deyil, iki keçmiş baş nazir, 30-dan çox istefada olan general, keçmiş kəşfiyyat rəhbərləri və digər nüfuzlu şəxslərdən getdiyi üçün məsələ Netanyahu hökuməti üçün ciddi daxili siyasi təzyiq yarada bilər".
Ekspertin fikrincə, Netanyahunun belə bir müraciəti olduğu kimi qəbul edib hökumət siyasətini köklü şəkildə dəyişməsi hazırkı siyasi şəraitdə çox az ehtimal olunandır:
"Bunun əsas səbəbi onun hökumət koalisiyasının sağ və ifrat sağ qanadının məhz məskunlaşmaların genişləndirilməsi, İordan çayının Qərb sahilində İsrail nəzarətinin artırılması və əraziyə ilhaq siyasətini müdafiə etməsidir. Lakin bu o demək deyil ki, müraciətin Benyamin Netanyahu üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, bu cür imza kampaniyası İsrail daxilində legitimlik və təhlükəsizlik məsələsini hökumətin qarşısında daha ciddi şəkildə qoyur. Burada daha bir mühüm məqam var ki, bu müraciətdə deyilənlər yalnız xarici təşkilatların və ya Fələstin tərəfinin iddialarından ibarət deyil, İsrailin öz keçmiş generalları, kəşfiyyat rəhbərləri və siyasi xadimləri də İordan çayının Qərb sahilində baş verənlərin təhlükəli miqyas aldığını bildirirlər. Bu, məsələyə İsrail cəmiyyətinin daxilindən verilən çox ciddi siqnaldır. Əslində, İsrail cəmiyyətinin verdiyi bu siqnal müsbət qiymətləndirilməlidir".
Etibar Seyidağa,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ