Onlayn ictimai-siyasi qəzet
ABŞ-dan gətirilən avtomobillərin münasib qiyməti və zəngin komplektasiyası alıcıları cəlb edir.
Nəqliyyat eksperti Adil Nəbiyev Ajans.az-a bildirib ki, ABŞ-da fəaliyyət göstərən Copart və IAA kimi böyük hərrac platformalarında çoxsaylı avtomobillər satışa çıxarılır və onların arasında sığorta şirkətləri tərəfindən satışa verilmiş, müxtəlif dərəcədə zədələnmiş avtomobillər də böyük yer tutur.
Onun sözlərinə görə, bu vəziyyət azərbaycanlı alıcıya yerli bazarda daha baha olan avtomobili nisbətən aşağı ilkin qiymətə əldə etmək imkanı yaradır: “Xüsusilə 3–5 yaşlı, komplektasiyası zəngin avtomobillərə maraq yüksəkdir. ABŞ bazarı üçün istehsal edilən avtomobillərin bir çoxunda təhlükəsizlik və komfort avadanlıqlarının zəngin olması da alıcıları cəlb edən amillərdəndir. Ancaq burada çox vacib bir məqam var: hərracda ucuz alınan avtomobil həmişə yekunda ucuz avtomobil demək deyil. Hərrac haqqı, ABŞ daxilində daşınma, liman və gəmi xərcləri, Azərbaycanda gömrük ödənişləri, təmir, ehtiyat hissələri və digər xərclər hesablandıqdan sonra avtomobilin real maya dəyəri müəyyənləşdirilməlidir”.
Ekspert hesab edir ki, ABŞ-dan avtomobil alan şəxsin əsas diqqəti avtomobilin keçmişinə və aldığı zədənin ağırlığına yönəlməlidir. Sadəcə hərrac şəkillərinə baxaraq avtomobilin yalnız ön və ya arxa hissəsinin yüngül zədələndiyi qənaətinə gəlmək təhlükəlidir: “VIN kodu mütləq yoxlanılmalı, avtomobilin əvvəlki qəzaları, yürüş tarixçəsi, neçə dəfə hərraca çıxarılması, əvvəlki satış şəkilləri və sənəd statusu araşdırılmalıdır. Xüsusilə su basmış, yanmış, aşmış, konstruktiv hissələri və şassisi ciddi zədələnmiş avtomobillərdən ehtiyatlı olmaq lazımdır. Su altında qalmış avtomobil zahirən çox yaxşı görünə bilər, amma sonradan elektron idarəetmə bloklarında, naqillərdə, sensorlarda və təhlükəsizlik sistemlərində ciddi problemlər ortaya çıxa bilər”.
Adil Nəbiyev hava yastıqlarının vəziyyətinin də xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, avtomobil Azərbaycanda təmir edilərkən bəzi hallarda hava yastıqları və digər təhlükəsizlik elementləri zavod standartına uyğun bərpa edilmir, yalnız avtomobilin xarici görünüşü düzəldilir. Bu isə gələcəkdə baş verə biləcək qəza zamanı sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yarada bilər:
“Buna görə ABŞ-dan gətirilmiş işlənmiş avtomobil Azərbaycanda alınarkən də VIN vasitəsilə onun hərracdakı əvvəlki vəziyyətinə, zədələrinə və fotoşəkillərinə baxmaq çox vacibdir. Azərbaycanda ABŞ-dan gətirilən avtomobillər arasında daha çox orta qiymət seqmentində olan sedan, krossover və SUV-lərə, eləcə də hibrid və elektrik avtomobillərinə maraq çoxdur. Toyota, Hyundai, Kia, Honda, Ford və Nissan kimi markalarla yanaşı, daha yüksək büdcəli alıcılar arasında BMW, Mercedes-Benz, Lexus və digər premium markalara da maraq var".
“Honda Accord, Kia Sportage, Nissan Rogue, Mazda CX-5, BMW 3 və 5 Series kimi modellər bu istiqamətdə maraq görən avtomobillər sırasındadır. Elektrik avtomobilləri seqmentində isə Tesla Model 3 və Model Y kimi modellərə də maraq müşahidə olunur.
Lakin alıcı avtomobili yalnız “Amerikadan gəlib” və ya “ucuz alınıb” prinsipi ilə seçməməlidir. Əsas məsələ avtomobilin hansı vəziyyətdə alındığı, nə dərəcədə zədələndiyi və Azərbaycanda necə bərpa edildiyidir. Yüngül zədə ilə alınmış və zavod texnologiyasına uyğun keyfiyyətli şəkildə təmir edilmiş avtomobillə ağır qəzadan sonra ciddi konstruktiv müdaxilələrlə bərpa edilmiş avtomobili eyni kateqoriyaya aid etmək düzgün deyil. Hətta zahirən eyni görünən iki avtomobil arasında təhlükəsizlik baxımından çox böyük fərq ola bilər”,-deyə Adil Nəbiyev vurğulayıb.
Ekspert hesab edir ki, ABŞ-dan gətirilən avtomobillər Azərbaycan bazarı üçün yaxşı və sərfəli seçim ola bilər. Bunun üçün isə VIN tarixçəsi şəffaf, konstruktiv təhlükəsizliyi pozulmamış və peşəkar şəkildə bərpa edilmiş avtomobil seçilməlidir: “Alıcı avtomobil seçərkən qiymətdən əvvəl təhlükəsizliyə diqqət yetirməlidir. Çünki avtomobilin hərracda bir neçə min dollar ucuz alınmasından daha vacib məsələ sabah həmin avtomobilin qəza zamanı sürücünü, onun ailəsini və digər sərnişinləri nə dərəcədə qoruya bilməsidir.”
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ