Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
Məlumata əsasən, mövcud qaydalara əsasən, vətəndaşlar ümumi istifadədə olan və hər kəsin istifadəsi üçün açıq su obyektlərindən şəxsi ehtiyaclarını ödəmək məqsədilə sərbəst və ödənişsiz istifadə edə bilərlər.
Bildirilib ki, eyni zamanda, torpaq sahibləri öz ehtiyaclarını ödəmək məqsədilə onlara məxsus torpaq sahələrinin hüdudlarında mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmadıqda, birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Bu halda yeraltı suyun çıxarılması su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir.
Ailə kəndli təsərrüfatlarına münasibətdə də xüsusi istisna nəzərdə tutulur. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ailə kəndli təsərrüfatı çərçivəsində həyata keçirilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilmir. Bu səbəbdən kənd yerlərində şəxsi mülkiyyətdə olan və ya ailə kəndli təsərrüfatına verilmiş pay torpaqlarında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zamanı su obyektlərindən istifadə üçün xüsusi məqsədlərlə istifadəyə dair icazə tələb olunmur.
Beləliklə, yeni qaydaların tətbiqi ailə kəndli təsərrüfatları üçün əlavə maliyyə və inzibati yük yaratmır. Ailə kəndli təsərrüfatları öz təsərrüfat fəaliyyətləri çərçivəsində sudan istifadəyə görə xüsusi icazə almaq və bununla bağlı ödəniş etmək öhdəliyi daşımırlar.
Tətbiq edilən icazə və ödəniş mexanizminin əsas məqsədi vətəndaşların gündəlik və şəxsi ehtiyacları üçün sudan istifadəsini məhdudlaşdırmaq deyil, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin tənzimlənməsini, su ehtiyatlarının uçotunun aparılmasını və onlardan səmərəli istifadənin təmin edilməsini gücləndirməkdir.
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ