Onlayn ictimai-siyasi qəzet
Bakıda yol-nəqliyyat hadisələrinin sayı şəhərin əsas təhlükəsizlik problemlərindən biri olaraq qalır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, 2026-cı ilin ilk 6 ayı ərzində paytaxt yollarında videomüşahidə kameralarının əhatə dairəsində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu isə orta hesabla hər gün 8-dən çox qəza deməkdir.
Ümumilikdə ölkə üzrə də rəqəmlər problemin miqyasını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk yarısında Azərbaycanda 533 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 285 nəfər həyatını itirib, 404 nəfər yaralanıb. Qəzaların 83,7 faizi yaşayış məntəqələrində baş verib.
Bəs Bakıda qəzaların bu qədər çox olmasının əsas səbəbləri nələrdir? Problemin həlli üçün yalnız sürücülərin məsuliyyətinin artırılması kifayətdirmi, yoxsa yol infrastrukturu, parklanma, piyadaların təhlükəsizliyi və ictimai nəqliyyatla bağlı məsələlər də yenidən nəzərdən keçirilməlidir?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb:
"Statistika Komitəsinin yaydığı məlumatlardan məlum olur ki, demək olar, hər iki yol-nəqliyyat hadisəsindən birində bir nəfər həyatını itirir, iki nəfər isə ağır xəsarət alır. Bu, çox dəhşətli rəqəmdir. Çünki biz illərdir çalışırıq ki, yol qəzaları zamanı ölüm halları azalsın. Bununla bağlı hətta dövlət proqramı da qəbul olunub. Söhbət Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramından gedir. Bu proqram 2019-2023-cü illəri əhatə edirdi. Görülən tədbirlər nəticəsində baş verən qəzaların sayının 30 faiz azaldılması, həmçinin ölüm hallarının aşağı salınması nəzərdə tutulurdu. Bunun üçün qəza ocaqlarının müəyyənləşdirilməsi, həmin ərazilərdəki nöqsanların aradan qaldırılması, qəza baş verdikdən sonra ilkin tibbi yardımın və təcili tibbi yardımın düzgün və operativ şəkildə göstərilməsi ilə bağlı müəyyən müddəalar yer almışdı. Ölkənin bu sahə ilə bağlı əsas qurumlarının hamısı həmin proqramın icrasında fəal iştirak etməli idi. Təəssüf ki, proqram tam şəkildə həyata keçirilmədi".

Ekspertin sözlərinə görə, növbəti dövlət proqramında da yol-nəqliyyat hadisələrinin və qəzalarda ölüm hallarının azaldılması ilə bağlı konkret müddəalar yer alıb:
"Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair növbəti dövlət proqramında da yol-nəqliyyat hadisələrinin və ölüm hallarının azaldılması ilə bağlı müddəalar öz əksini tapıb. Yeni proqramda nəzərdə tutulan konkret tədbirlər həyata keçirilsə, hesab etmək olar ki, qəza sayı da, ölüm halları da azalacaq. Bununla bağlı qurumların qarşısında konkret vəzifələr qoyulub. Məsələn, tez-tez qəzaların baş verdiyi ərazilərdə qəza ocaqlarının müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması nəzərdə tutulur. Hələ ki biz bunu tam şəkildə həyata keçirə bilməmişik. Yolların işıqlandırılması da əsas məsələlərdəndir. Təəssüf ki, bu istiqamətdə də istənilən nəticəyə nail olmamışıq. Təhlükəli ərazilərdə, insanların yolu keçdiyi yerlərdə çəpərlərin quraşdırılması məsələsi də həllini tam tapmayıb. Piyada səkilərinin təşkili və işıqlandırılması, həmçinin yeraltı və yerüstü keçidlərdə eskalator və liftlərin işlək vəziyyətə gətirilməsi ilə bağlı da problemlər qalmaqdadır".
Eldəniz Cəfərov təcili tibbi yardım məsələsinə də toxunub. O bildirib ki, qəza baş verdikdən sonra zərərçəkənlərə tibbi yardımın keyfiyyətli və operativ şəkildə göstərilməsi də qəzalarda ölüm hallarının azaldılması baxımından mühüm amildir:
"Qəza baş verdikdən sonra təcili tibbi yardımın keyfiyyətli və operativ şəkildə göstərilməsi ilə bağlı işlərin də lazımi səviyyədə olduğunu düşünmürəm. Bu istiqamətdə də müəyyən tədbirlər görülməlidir. Həmçinin məktəb yaşlı uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə məktəbli avtobuslarının təşkil edilməsi məsələsi hələ də sual olaraq qalır. Kommersiya xarakterli, məktəbli avtobusu adı ilə fəaliyyət göstərən xidmətlər var. Amma sosial yönümlü, sosial xarakter daşıyan məktəbli avtobuslarının təşkili və şagirdlərin daşınması prosesi ləngiyir. Xüsusilə bölgələrdə vəziyyət o qədər də ürəkaçan deyil. Bölgələrdə məktəblilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin də şahidi oluruq".

Eldəniz Cəfərovun fikrincə, yol qəzalarının əsas səbəblərindən biri insan faktorudur. Onun sözlərinə görə, qaydaları bilərəkdən pozan sürücülər və piyadalar qəza riskini artırırlar:
"Düşünürəm və aparılan araşdırmalardan da bəlli olur ki, bir çox hallarda bilərəkdən yol hərəkəti qaydalarını pozan sürücülərin və piyadaların ucbatından belə qəzalar baş verir.
Digər səbəb isə təcrübəsiz sürücülərin sayının həddindən artıq çox olmasıdır. Təcrübəsiz sürücülər bilməlidirlər ki, əgər onların kifayət qədər sürücülük təcrübəsi yoxdursa, xüsusilə yağmurlu və dumanlı havalarda şəhərlərarası magistral yollara uzun məsafəli səfərlərə çıxmaları müəyyən fəsadlara səbəb ola bilər. Bu, həm onların özləri, həm sərnişinləri, həm də yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaradır. Səbəblərdən biri kimi yol infrastrukturunu da göstərmək olar. Yolların qaranlıq olması, çala-çuxurların mövcudluğu qəzalara səbəb olur. Nasaz avtomobillər də yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxara bilər. Xüsusilə köhnə sovet istehsalı avtomobillər artıq istismar müddətini başa vurmuş nəqliyyat vasitələridir. Onlarda təhlükəsizlik sistemləri demək olar ki, yoxdur. Əyləc sistemlərində problemlər, təhlükəsizlik yastıqlarının olmaması və digər çatışmazlıqlar var. Manevr zamanı avtomobilin yoldan çıxması ehtimalı da daha yüksəkdir. Xüsusilə bölgələrdə baş verən qəzalarda köhnə sovet avtomobillərinin iştirak etdiyini tez-tez müşahidə edirik".
Ekspert qəzaların sayını azaltmaq üçün daha sadə və praktiki tədbirlərin də tətbiq edilə biləcəyini düşünür. Onun fikrincə, təcrübəsiz sürücülərin idarə etdiyi avtomobillərdə xüsusi nişanın olması məcburi xarakter daşıya bilər:
"Elementar qaydalar da var. Məsələn, təcrübəsiz sürücü avtomobilinin arxa şüşəsinə və ya kuzovunun görünən hissəsinə "Təcrübəsiz sürücü" nişanını, stikerini yapışdırsa, yaxşı olar. Bu, "Yol hərəkəti haqqında" qanunda da təcrübəsiz sürücülərə tövsiyə olunur. Məcburi deyil və bununla bağlı cərimə nəzərdə tutulmayıb, sadəcə tövsiyə xarakteri daşıyır. Düşünürəm ki, bu tövsiyə məcburi xarakter daşıya bilər. Əgər biz doğrudan da qəzaların sayını azaltmaq istəyiriksə, belə stikerlərin yapışdırılması niyə məcburi olmasın? Məsələn, əlilliyi olan şəxsin idarə etdiyi avtomobildə onun xüsusi statusunu bildirən nişanın olması müəyyən hallarda tələb olunur. Əgər həmin nişanın və ya təlim avtomobilinin üzərində xüsusi stikerin olması mümkündürsə və müəyyən hallarda məcburi xarakter daşıyırsa, niyə təcrübəsiz sürücünün idarə etdiyi avtomobilin üzərində də "Təcrübəsiz sürücü" stikeri olmasın? Bu da tətbiq edilə bilər. Əgər belə bir tədbir qəzaların, hətta az da olsa, azalmasına təsir göstərəcəksə, niyə də olmasın? Bilirsiniz, bəzən elementar detallarla ağır faciələrin qarşısını ala bilərik. Məsələn, Avropa ölkələrində avtomobillərin qabarit və gündüz hərəkət işıqlarının sutkanın müxtəlif saatlarında görünürlüğü təmin edilir. Səhər, gündüz və axşam avtomobillərin ön işıqlarının yanması onların digər yol hərəkəti iştirakçıları tərəfindən daha asan görünməsinə imkan verir. Azərbaycanda da bu təcrübəni tətbiq etmək olar. Niyə də yox? Bu, qəzaların azalmasına müəyyən qədər təsir göstərə bilər. Avtomobilin işıqlarının yanması onun görünürlüğünü artırır və yol hərəkəti iştirakçılarının bir-birini daha yaxşı görməsinə şərait yaradır".
Ekspert yol təhlükəsizliyi baxımından sürücülük məktəblərinin fəaliyyətinin də ciddi şəkildə nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb:
"Sürücülük kursları və sürücülük məktəbləri ilə bağlı da burada əməli tədbirlər görülməlidir. Sürücülük kursları və məktəbləri formal fəaliyyət göstərməməlidir. Sürücülük qabiliyyəti insanlara düzgün və keyfiyyətli şəkildə aşılanmalıdır. Mən o gün sosial şəbəkədə bir elan gördüm. Gəncədə fəaliyyət göstərən sürücülük kurslarının təlimçiləri bir video paylaşmışdılar. Videoda yol hərəkəti qaydalarının düzgün və ya yanlış tətbiqini izah etməyə çalışırdılar. Lakin çox səhv və yanlış izah verirdilər. Yəni sürücülük kursunda təlim keçən şəxslərin özlərinin cəmi 2-3 il sürücülük təcrübəsi varsa, onlar digər insanlara necə sürücülük təlimi keçirlər? Bu da bizim üçün çox maraqlı məsələdir. Həmin şəxslərə bu icazə nəyin əsasında verilir? Onlar sürücülük təlimini hansı proqram əsasında həyata keçirirlər? Mən sizi əmin edirəm ki, siz bir jurnalist və media nümayəndəsi olaraq sürücülük məktəbləri və kurslarının hansı proqramla işlədiyini, onlara nəyin əsasında icazə verildiyini araşdırmaq istəsəniz, çox ciddi çətinliklərlə qarşılaşacaqsınız. Siz bu məsələdə dalana dirənəcəksiniz. Hətta sürücülük məktəblərinin hansı dövlət qurumunun kurasiyasında olduğunu, hansı proqram əsasında fəaliyyət göstərdiyini belə müəyyənləşdirmək çətin olacaq".
Xalidə Gəray
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ