Onlayn ictimai-siyasi qəzet
Qərbin Rusiyanı hərbi yolla məğlub etməyə çalışması qarşıdurmanı nüvə müharibəsinə qədər apara bilər. ABŞ-ın tanınmış iqtisadçısı və siyasi şərhçisi Ceffri Saks hesab edir ki, Ukrayna ətrafında yaranmış böhranın köklərini son illərdə deyil, Soyuq müharibənin başa çatmasından sonra qəbul edilmiş qərarlarda axtarmaq lazımdır.
Musavat.com xəbər verir ki, Saks bu fikirləri “Neutrality Studies”ə müsahibəsində səsləndirib.
Amerikalı professorun fikrincə, əsas dönüş nöqtələrindən biri NATO-nun Şərqə doğru genişləndirilməsi qərarı olub. Saks xatırladıb ki, hələ 1990-cı illərdə ABŞ diplomatik dairələrinin özündə bunun gələcəkdə Rusiya ilə münasibətləri korlayacağı barədə ciddi xəbərdarlıqlar səslənirdi.
O, 1994-cü ildə ABŞ-ın SSRİ-dəki keçmiş səfiri Cek Metlokla keçmiş dövlət katibi Henri Kissincer arasında NATO-nun gələcəyi barədə televiziya müzakirəsini nümunə göstərib. Metlok alyansın Şərqə genişlənməsinin əleyhinə çıxaraq Soyuq müharibədən sonra Rusiya ilə etimada əsaslanan yeni münasibətlər qurmağın mümkün olduğunu düşünürdü.
Saksın danışdığına görə, Kissincer də həmin müzakirədə Rusiyanın o zaman təhlükə yaratmadığını və NATO-nun genişlənməsinin Mərkəzi Avropanın təhlükəsizliyi üçün zəruri olmadığını qəbul etsə də, alyansın genişlənməsini dəstəkləyirdi.
Saks bunu 1990-cı illərdə ABŞ siyasətində baş verən daha böyük dəyişikliklə əlaqələndirir. Onun fikrincə, SSRİ dağıldıqdan sonra Qərbin qarşısında iki yol vardı: Rusiyanın da daxil olduğu ümumavropa təhlükəsizlik sistemi yaratmaq və ya Qərbin siyasi-hərbi institutlarını Şərqə doğru genişləndirmək. Vaşinqton ikinci yolu seçdi.
Professor ABŞ diplomatiyasının tanınmış simalarından Corc Kennanın da NATO-nun genişlənməsini Amerika xarici siyasətinin ən böyük səhvlərindən biri hesab etdiyini xatırladıb.
Saksın fikrincə, bunun arxasında Soyuq müharibədən sonra Vaşinqtonda yaranmış “təkqütblü dünya” düşüncəsi dayanırdı. ABŞ özünü yeganə supergüc hesab edərək beynəlxalq sistemin qaydalarını müəyyənləşdirə biləcəyinə inanmağa başladı.
O, bu siyasətin davam etməsini yalnız ideologiya ilə deyil, ABŞ-dakı hərbi-sənaye kompleksi, maliyyə sektoru və böyük texnologiya şirkətlərinin maraqları ilə də əlaqələndirir.
Saks hazırkı Ukrayna müharibəsinə də məhz bu prizmadan yanaşır. Onun fikrincə, Rusiyanı hərbi məğlubiyyətə uğratmaq strategiyası eskalasiyanın davam etməsi və son nəticədə nüvə qarşıdurması riskini yaradır.
Amerikalı professor çıxış yolu kimi müharibənin dayandırılmasını, Ukraynanın neytral statusunu və NATO-nun bundan sonra genişlənməməsini təklif edir.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ