İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin BMT-yə niyə qahmar çıxdı?

“BMT maraqların uzlaşdırılmasının əsas mexanizmi kimi funksiyanı qoruyub saxlamalıdır. BMT elə əvvəldən məhz belə bir mexanizm kimi yaradılıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.O qeyd edib ki, BMT hər hansı bir ölkənin və ya ölkələr qrupunun maraqlarını müdafiə edən təşkilat ola bilməz. “Şübhəsiz ki, maraqların uzlaşdırılmasının əsas mexanizmi BMT-dir. Ən azı ona görə ki, belə başqa bir mexanizm sadəcə yoxdur”, – deyə Rusiya Prezidenti əlavə edib.

Qeyd edək ki, son illərdə BMT-də islahatlar aparılması və dəyişikliklər edilməsinin zərurətə çevrildiyi haqda müxtəlif ölkələrin liderlərinin təklifləri səslənib. Vladimir Putinin bu açıqlaması isə sanki BMT-nin indiyə qədər necə olub elə də qalmasının vacibliyini önə çəkməkdir.

Putin əslində nə üçün BMT-nin bu şəkildə müdafiəsinə qalxdı?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Putinin açıqlamasını sadəcə BMT-yə verilmiş ümumi dəstək kimi qiymətləndirmək düzgün olmaz, mesajın arxasında Rusiya üçün çox konkret geosiyasi maraqlar dayanır:
“O, bir tərəfdən BMT-nin qlobal maraqların uzlaşdırılması üçün əsas platforma olaraq qalmasını istəyir, digər tərəfdən isə təşkilatın Qərbin dominant təsirində olan siyasi alətə çevrilməsinə qarşı çıxır. Eyni zamanda, Putin BMT-nin, xüsusən Təhlükəsizlik Şurasının Qlobal Cənub və Şərq ölkələrinin daha geniş təmsilçiliyi hesabına yenilənməsinin vacibliyini də vurğulayıb. Putinin belə bir mövqe ortaya qoymasına əsas səbəb Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı xüsusi statusudur. Rusiya TŞ-nin beş daimi üzvündən biridir və veto hüququna malikdir. Bu, Moskvanın beynəlxalq sistemdə saxladığı ən mühüm institusional üstünlüklərdən biridir. Ona görə də Rusiya üçün BMT-də islahatlar aparılması və orada Qərbin üstünlük təşkil etdiyi mexanizmlərin yaranması əlverişli deyil”.

Yusif Bağırzadə: “Putin məğlubiyyətdən qaçmaq üçün nüvə silahından istifadə  etmək istəyir” Pravda.az

Onun fikrincə, Rusiya BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə prinsip etibarilə qarşı deyil: “Moskva Qlobal Cənubun, xüsusən Afrikanın daha geniş təmsil olunmasını dəstəklədiyini bildirir. Lakin bunun Rusiya və digər daimi üzvlərin veto hüququnu zəiflədən və ya BMT-nin qərar qəbuletmə mexanizmini kökündən dəyişən formada həyata keçirilməsini istəmir. Putinin “BMT hansısa ölkənin və ya ölkələr qrupunun maraqlarını müdafiə edən təşkilat ola bilməz” fikri xüsusilə diqqət çəkir. Bu, əslində dolayı şəkildə ABŞ və Qərbə yönəlmiş mesajdır”.

Politoloq qeyd edib ki, Moskvanın istədiyi daha çox belə bir modeldir: “BMT-nin əsas prinsipləri və xüsusən Təhlükəsizlik Şurasındakı böyük dövlətlərin rolu qorunsun, amma Qərbin üstünlüyü azalsın və Qlobal Cənubun çəkisi artsın. Bu baxımdan Putinin BMT-ni müdafiə etməsi bir qədər paradoksal görünsə də, əslində Rusiyanın “köhnə dünya nizamını qorumaq” cəhdi deyil. Daha doğrusu, Rusiyanın özünün də mühüm aktor olaraq qaldığı yeni dünya nizamını BMT-nin mövcud institusional çərçivəsi daxilində qurmaq cəhdidir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR