Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdəki görüşü Cənubi Qafqazda sülh prosesinə diqqəti artırıb. Görüşdən sonra sülh gündəliyi üzrə təmasların davam etdirilməsi prosesin liderlər səviyyəsində qalmadığını göstərən mühüm məqamlardan biridir.
Bakı və İrəvan arasında münasibətlər son illərdə kifayət qədər mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Lakin artıq əsas məsələ keçmiş münaqişənin nəticələrindən daha çox, postmünaqişə dövrünün siyasi və hüquqi çərçivəsinin necə formalaşdırılmasıdır. Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyaraq sülhün yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı öhdəliklərin hüquqi baxımdan təsbit olunması ilə mümkün olduğunu bildirir. Ermənistan tərəfi üçün də regionda uzunmüddətli sabitliyin və iqtisadi kommunikasiyaların açılmasının yeni imkanlar yaratdığı aydındır.
Bu baxımdan Bişkek görüşünü Azərbaycan-Ermənistan münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı?

Deputat Rizvan Nəbiyev Musavat.com-a bildirib ki, təhlükəsizlik məsələləri ilə yanaşı tədricən iqtisadi və bağlantı məsələləri gündəlikdə əsas mövzulara çevrilməkdədir: “Bunlar isə uzunmüddətli sülhün və davamlı sabitliyin təmini üçün praktik əməkdaşlıq layihələridir. 2025-ci ilin avqustunda Tiencin sammiti çərçivəsində Prezident Əliyev və Baş nazir Paşinyan arasında görüşün keçirilməsi ŞƏT platformasının regional dialoq üçün əlavə məkan kimi istifadə oluna bildiyini göstərdi. 2026-cı ilin Bişkekdə yenidən ŞƏT platforması çərçivəsində görüşün baş tutması isə bunu bir daha təsdiqlədi. Bunlar göstərir ki, Azərbaycan ŞƏT-in daxilində də Ermənistanla keçmiş qarşıdurma gündəliyinin birdəfəlik aradab qalxması, Cənubi Qafqazda yeni sülh və bağlantı modelinin formalaşmasına çalışan dövlət kimi çıxış edir”.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ŞƏT kontekstində də mühüm əhəmiyyətə malikdir: “Təbii ki, Ermənistanın sülh müqaviləsini imzalaması, davamlı sülh üçün möhkəm hüquqi bazanın təmini üçün konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırması dəyişilməz şərtdir. Cənubi Qafqazda sülhün möhkəmlənməsi ŞƏT məkanından Avropaya uzanan nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyini və səmərəliliyini artıran yeni geoiqtisadi şərait yaradır”.
Deputat vurğulayıb ki, Azərbaycanın Orta Dəhlizdəki üstünlüyü onun coğrafi mövqeyindən daha çox, bu coğrafiyanı müasir liman, dəmir yolu, avtomobil yolları və logistika infrastrukturu ilə iqtisadi dəyərə çevirməsindədir: “Bu göstəricilər Azərbaycanın özünü sadəcə tranzit ölkə deyil, Avrasiya logistikasının regional qovşağı kimi təqdim etməsinə imkan verir. Zəngəzur dəhlizi, TRİPP marşrutunun gələcəkdə istifadəyə verilməsi ilə Orta Dəhlizin əlavə tamamlayıcı elementi kimi gündəm olacaq. 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz bağlantının təmin edilməsinin vacibliyi qeyd edildi və 2026-cı il yanvarında ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə çərçivəsi razılaşdırıldı. 2026-cı ilin mayında Ermənistan və ABŞ TRIPP üzrə çərçivə sazişi imzaladı. Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında avqustun 31-də Bişkekdə baş tutan görüşdə Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə apardılar. Liderlər TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini bir daha qeyd etdilər. Zəngəzur bağlantısı Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlıq platformasını aşır. Onun daha geniş mənası Mərkəzi Asiya → Xəzər → Azərbaycan, Naxçıvan → Türkiyə → Avropa bağlantılarının şaxələndirilməsidir və burada Ermənistanla əməkdaşlıq imkanlarının açılmasıdır. Əsas siyasi nəticə odur ki, Zəngəzur bağlantısının tezliklə reallaşması Azərbaycanın, həmçinin Ermənistanın Mərkəzi Asiya ilə Avropa arasında tranzit rolunu daha da gücləndirə və Orta Dəhlizin qərb istiqamətində əlavə bağlantı yarada bilər. Bu da regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfədir”.
Cavanşir Abbaslı
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ