Onlayn ictimai-siyasi qəzet
Bir ölkə düşünün ki, paytaxtını səssiz-səmirsiz, elan etmədən köçürüb və hələ bunu yeni paytaxt kimi sənədləşdirməyib.
Bu ölkə Özbəkistandır. Biz 31 il öncədən başlayaraq paytaxtın Bakıdan başqa şəhərə köçürülməsinin vacibliyini müzakirə edərkən və heç bir qərara gəlməzkən, qardaş ölkədə bu işi ictimai müzakirəyə çıxarmadan, mətbuatda eninə-uzununa polemika aşmadan həll ediblər.
Dövlət öz paytaxtını artıq Daşkənddən 20 kilometr aralıda yerləşən, sıfırdan salınmış Yeni Daşkənd adlanan şəhərə köçürüb.

Bir var, Yeni Daşkənd şəhəri köhnə Daşkənd şəhərinə bitişik ola, onun bir hissəsinə, yeni rayonuna çevrilə, bir də var, böyük şəhərdən 20 kilometr aralıda yeni şəhər salına. Bakı və Sumqayıt necə eyni yox, ayrı-ayrı şəhərlərdirsə, Daşkənd və Yeni Daşkənd də eləcə, ayrı-ayrı şəhərlərdir.
Vaxtilə (13 fevral 1931-ci ildə) Hindistanda da belə olub. Köhnə Delhinin (şəhərin adı məhz DELHİ-dir, Dehli yox) yanında inşa edilən yeni şəhər rəsmi olaraq açıldıqda ölkənin paytaxtı Yeni Delhiyə köçürülüb. Bu şəhər 1912–1931-ci illər arasında memar Edvin Lutyensin layihələri əsasında tikilib. 1931-ci ildə rəsmi olaraq Britaniya Hindistanının yeni paytaxtı olub. 1947-cu ildə isə müstəqillik qazanan Hindistanın paytaxtı Yeni Delhi şəhəri elan edilib.

Bu gün Özbəkistanda Prezident Administrasiyasından tutmuş, respublika səviyyəsindəki bütün icra hakimiyyəti orqanları (nazirliklər və idarələr) və dövlət qurumları Yeni Daşkənd şəhərinə ya köçürülüb, ya da köçürülməkdədir. Yalnız ölkə parlamenti köhnə Daşkənddə qalmaqda davam edir.
Layihə üzrə praktik işlər və tikinti işləri 2023-cü ildə başlanıb və 3 ilin içində əsas dövlət strukturlarını yeni şəhərə köçürmək mümkün olub. Prezidentin fərmanına uyğun olaraq, Yeni Daşkənd şəhərinin baş planı çərçivəsində dövlət qurumları bir ümumi inzibati kompleksdə (administrasiyanın ərazisində) yan-yana yerləşdirilir.
Nazirliklərin Daşkəndin mərkəzindəki köhnə binaları isə satılır və əldə edilən gəlir yeni inzibati binaların tikintisinin maliyyələşdirilməsinə yönəldilir.
Bundan əlavə, Yeni Daşkənd şəhərində dövlət ali təhsil müəssisələrinin filialları, respublika əhəmiyyətli müasir tibb klasterləri və klinikaları, dövlət kitabxanaları, muzeylər və milli incəsənət mərkəzləri tikilir.
Şəhərin ümumi panoramına, küçə və yollarına baxanda dərhal bilinir ki, Yeni Daşkənd şəhərinin irəlidə genişləndirilməsi üçün iri layihələr mövcuddur. Şəhərin kənarları nəhəng tikinti meydançasına çevrilib.
Paytaxtın köhnə Daşkənddən Yeni Daşkəndə köçürülməsinin səbəbi klassikdir: regionlardan paytaxta axın (urbanizasiya), bunun yaratdığı əhali sıxlığı, yollarda tıxac, şəhərin bu yükü götürə bilməməsi və s. Daşkənd ərazisinə görə bizim Bakıdan dəfələrlə geniş olsa da, yenə səhər və axşam saatlarında şəhərin yollarında sıxlıq olur.

İndi əhalisi 3 milyon+ olan Daşkəndin bir müddətdən sonra 7 milyon əhaliyə malik olacağını proqnozlaşdıran səlahiyyətli şəxslər o günü gözləmədən, onun yükünü azaltmaq, yeni inzibati və biznes mərkəzi yaratmaq, müasir "ağıllı şəhər" konsepsiyasına uyğun yeni şəhər salıb, yeni paytaxta çevirməyi üstün tutublar.
Layihə Özbəkistan prezidentinin qərarları əsasında formalaşdırılıb və Yeni Daşkəndin inşa olunması üçün köhnə Daşkənd aqlomerasiyasının şərq və şimal-şərq hissələri seçilib. Prezident Şavkat Mirziyoyev 18 mart 2023-cü ildə Çirçik və Karasuv çayları arasındakı ərazidə Yeni Daşkənd şəhərinin tikintisinin təməl daşını rəsmi olaraq qoyub və layihəyə start verib. Yeni Daşkənd şəhəri Mirziyoyevin əsəridir.
İlkin mərhələdə tikinti üçün 2420 hektar torpaq sahəsi ayrılıb, daha sonra Yuxarı Çirçik və Orta Çirçik rayonlarından 19730 hektar torpaq sahəsi əlavə edilib. Şəhərin baş planlarında layihənin uzunmüddətli perspektivdə 20.000–25.000 hektara qədər genişlənə biləcəyi göstərilir.
Yeni Daşkənd üçün hazırlanmış konsepsiyaya əsasən, 2030-cu ilə qədər əsasən başa gələcəyi gözlənilən şəhərdə 2,5 milyona qədər əhali yerləşdiriləcək. Bu da o deməkdir ki, Özbəkistan 2045-ci ilə qədər daha bir böyük meqapolisə malik olacaq.

Sonradan salınmış bütün şəhərlər kimi Yeni Daşkəndin prospekt və küçələri də iri götürülüb, şəhərdə 9 yeni böyük parkın (139,6 hektar) salınıb, şəhər boyunca yaşıl zonaları formalaşdırılıb və bu iş davam edir.
Şəhərdə ictimai nəqliyyatın payının 60%-ə çatdırılması, metro xətlərinin çəkilməsi nəzərdə tutulur.
Bir sözlə, bir paytaxt şəhərinə nə lazımsa, onların hamısı artıqlaması ilə (“ağıllı şəhər” konsepsiyasına uyğun olaraq) ərsəyə gətirilir.
Beləcə, ola bilər, gələcəkdə vikipediya məlumatlarında və rəsmi sənədlərdə Özbəkistanın paytaxtı bu cür göstəriləcək: “Yeni Daşkənd şəhəri”.
P.S. Eyni sürətli və miqyaslı işlər öz ölkəmizdə Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər şəhərlərinin sıfırdan tikilməsi üçün aparılır, bu üzdən yeni paytaxt tikmək arzumuz təxirə düşüb.
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ