Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat” Media Qrupu hörmətli Mirmahmud bəyi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə apardığı mübarizədə yeni uğurlar arzulayır.
Bu əlamətdar gün münasibətilə tanınmış yazar Nəsimi Şərəfxanlının Mirmahmud ağa haqqında qələmə aldığı məqaləni təqdim edirik.
Onu canlı olaraq ilk dəfə 1993-cü il mayın 25-də Sumqayıt məktəblərinin birində son zəng tədbirində görmüşdüm. O zamanadək parlamentdəki çıxışlarından tanıyırdım. Amma bizim orta məktəblə vidalaşdığımız gün etdiyi çıxışda daha çox sərtlik, narahatlıq, qəzəb və bunlarla bərabər itirmək istəmədiyi bir inam var idi. Onda bizə xitabən etdiyi dua da yadımda: “Siz milli hökumətin ilk məzunlarısınız. Cümhuriyyətin məzunlarının taleyi sizdən uzaq olsun, istiqlalı da, hürriyyəti də qorumaq sizə düşər”. Bu duanın və istəyin nə qədər gerçəkləşdiyini Tanrı bilir, amma sonrakı illərdə onunla bir yolda, Azərbaycan adına Elçibəy Yolunda olduğumun xoşbəxtliyində bu duanın da payının olduğuna inanıram…

Sumqayıtlı olmaq bir başqa fenomendir… Harada doğulmağından, soy-kökün haradan gəlməsindən asılı olmayaraq Sumqayıtda yaşamaq insana ayrıca bir özəl xüsusiyyətlər verir. Sanki bu şəhər bir xəlbir kimi, Azərbaycan mental dəyərlərini ələyib və ən yaxşı olanlarını ümumiləşdirərək özünün kodeksi elan edib. Bu baxımdan həm də onu bir həmyerli kimi sevib, Sumqayıt adına ən uca örnəyimiz bildik… Milli hökumət üzvləri, hərəkatçıların bir çoxunun həbs olunub, bir çoxunun ölkədən çıxdığı 93-cü ilin o ağır günlərində parlamentdə, mediada, meydanda qiyamçı satqınların qarşısında tək dayandı. O tribunadan, mikrofondan Azərbaycan adına danışırdı. “Azərbaycanda generalların sayı sahibsiz itlərin sayından çoxdur”, “O çiynin üstündəki boşdur”, “Adı Maksim olanın sözünü Allah eşitməz”… sözləri dillər əzbəri olmuşdu. İkinci cümhuriyyətin çöküşünün bütün qəzəbi və hirsi onun dilindən içimizdəki denikinlərə ünvanlanırdı. Cavab vermək də kimsənin həddində deyildi. Azərbaycan siyasətinin və Azərbaycan davasının toxunulmaz bir qalası var idi: MİRMAHMUD AĞA. Onun məqamını nə mandat, nə post, nə bəziləri kimi ətrafında yaratdığı qruplaşma müəyyənləşdirmirdi. Onun ruhu və sözü yolunun haqqından güc alıb.
İstanbulun fəthində Sultan Mehmetin yanındakı Ağ Şəmsəddin misalı Azərbaycan milli demokratik hərəkatında, Bütöv Azərbaycan savaşında dönüş yaradan 1997-ci ilin 30 oktyabr günü BƏYin yanında idi. Bu həm də Bakıya dönüşün 5 il öncəki gedişdən fərqliliyinin bir simvolu idi bəlkə də… BƏYli günlərdə BAB toplantılarında, Cəbhə iclaslarında, mitinqlərdə bu ruhi-mənəvi bağlılığın şahidi olacaqdıq və bu bağı hamıdan yaxşı BƏY özü bildiyindən Ona “Sənin üçün çətin olacaq” demişdi… 2000-ci il avqustun 22-də Bakı hava limanında, sabahısı gün dəfn izdihamında AĞAnın üzündəki kədər və əzab bu çətinliyi özünün də duyduğundan xəbər verirdi. Millət və Vətən adına yetərincə savaşmışdı. Elə həmin gün hər şeyə və hər kəsə arxa çevirib gedə bilərdi, kimsə də qınamazdı. Amma İmam Hüseynin (ə) kufəlilərin xəyanətini bildikdən sonra da yolundan dönməməsinin örnəyi vardı və Cəddindən gələn hökm Yola davamı diktə edirdi.
Çətin bir yükün altına girdi, ağır bir yolu seçdi. İstəsə ən təmtəraqlı, maddiyyatlı məqamda ola bilərdi, bir sözü, istəyi yetərli idi ki, hakimiyyət bunu təmin etsin. Ancaq ona miras qalan “çətin olacaq” öncəgörümünü gerçəkləşdirdi. Haqqı olan millət vəkili mandatını götürmədi. Zatən gərək də yox idi. AXCP sədri kimi ölkənin ən güclü siyasi məqamındaydı. O zaman rəhbərlik etdiyi AXCP sədr aparatı son 30 ildə hakimiyyətə gələcək yeganə komanda-kadr bazası idi. Mirmahmud Mirəlioğlunun müavini kimi bu aparatda yer alanların bir çoxu millət vəkili, partiya, təşkilat sədri oldu sonradan. AĞA isə nə məqamını, nə yolunu dəyişmədi. Cəbhəçilik bir başqa xarakter, bir başqa ruhdur. Bu qövmü elə “Ol quş dilidir, onu Süleyman bilir” prinsipi ilə BƏY idarə edə bilərmiş. “Səninçün çətin olacaq” təəssüfünün alt qatında həm də bu həqiqət vardı. Bu halda yoluna işıq tutmalı olduğumuz Kişinin gözünə işıq saldıq. Elçibəy humanizminin ərköyün yetişdirdiyi bizlər bəzən ittiham edəcək, qəzəblənəcək, küsüb acıq edəcək qədər özümüzü böyütdük. “Gərək parlamentə gedəydi”, “Prezidentliyə öz namizədliyini verməliydi”, “Keçmişi unudub birləşmək lazım idi”, “Bir az yumşaq olmaq lazım idi”… və s. və i. Zaman bütün daşları yerinə qoydu və ona da atılan daşların günahını göstərdi…
Bu gün ömrünün 70-ci ilini tamamlayır AĞA. VAR OLUN! Sizin varlığınız həm də çoxları üçün günahlardan yayınmaq səbəbidir. Elə insanlar var ki, onun varlığı belə digərlərini yanlış yoldan çəkindirir. Həm də bu varlıq CƏBHƏ qoxusunu yaşadan son ünvandır. Tanrı bu qoxunu uzun etsin!

Nəsimi Şərəfxanlı
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ