İnsanlara hürriyət, millətlərə istiqlal!

Turançılıq TALANÇILIQ olmasın deyə...

Bir təzəcə yetkinləşən, bir də təzəcə dul qalan qadına-qıza elçi çox düşər. İstəməzdim bunu bizim Bakıya şamil edim. Amma gurultulu səfərlər, tədbirlər bitib qurtarmır. Həftəni Mərkəzi Asiya ilə başa vurub onunla da açırıq. Həm də unuduruq ki, diplomatik qələbələr hər gün, hər həftə olmur, bəzən onlar üzərində illərlə işləmək lazım gəlir.

Qərəz, Kreml dost-tanışı təzədən ŞƏT-in tədbirinə topladı, hərçənd, o, Bişkekdə baş tutdu. Amma Bişkekin işi böyük ehtimalla ev sahibliyilə məhdudlaşır. Tədbiri müşahidə etməkçün 400-dən çox xarici jurnalist akreditasiya olunubsa, bu, onun maraqsız olmadığını deməyə əsas verir. Əlbəttə, Çinin geoiqtisadi cazibəsi böyükdür, nə vaxtsa bütün gücü ilə özünü göstərəcək. Amma biz bütün bu tədbirlərə bir aspektdən baxırıq: onlar türk xalqlarını yaxınlaşdırır. Biz sanki indi biri-birimiz tanımağa başlayırıq. Tədbirlərin demək olar hamısının mədəni əlavəsi olur. Ötən həftə də belə oldu, indi də belədir.

Mədəniyyətin birləşdirici gücü böyükdür. Amma köçəri sözü ilə bağlı bir məqama toxunardıq. Xalqların köçəri-maldarlara və əkinçilərə bölünməasi az qala dini təsəvvürlərimizə bağlanır. Bunun üçün Adəm övladları Habil və Qabil qardaşlarını xatırlamaq yetər. Amma mənə bir xalq deyin bu gün öz doğulduğu ərazidə yaşamış olsun. Cənubi və Şimali Amerikanı avropalı xalqlar idarə etmirmi? Avropalılar özlərini cənub-şərqi Aisya xalqları ilə bağlamırmı? Hətta hindular çox geniş arealda yaşayan xalq olub, onların Sibir xalqlarıyla dil və mədəni bağlılığı iddia olunur. Ona görə də köçəri sözünü çox da hallandırmaq lazım deyil.

O ki qaldı ŞƏT-ə, əslində Rusiyaya qarşı sanksiyalar o vaxt təsirli olardı ki, hamı Rusiyanın tədbirlərini boykot edərdi, Putinlə salamlaşmazdı. Di gəl, nə edəsən, bunu etmirlər: dünyanın qərb yarımkürəsi daha prinsipial görünür, nəinki şərq...

Bir daha deyirik ki, bizi bu tədbir türk xalqlarını yaxınlaşdırmaq təşəbbüsü kimi maraqlandırır. Buna hamı müasir turançılıq deyir. Nə demək olar? Qoy, olsun! Amm bizim böyük məmurlara bir o qədər də inanmaq olmur. Onlar istənilən böyük lahiyəyə bir prizmadan baxırlar: görən, bundan nə qədər cibimizə qoya biləcəyik? Ona görə də çalışaq ki, turançılıq talançılıq olmasın, yazıqdır bu xalqlar. Mərkəzi Asiya dövlətləri arasında hələki yalnız Qırğızıstan bir az demokratik sayılır, o, da çox təəssüf daha çox Rusiyaya bağlıdır.

Bu ölkələri qınamaq da olmur: yaxınlıqda demokratik ölkələr yoxdur ki, onlarla oturub-dursunlar. Dünyada yenə geosiyasət önə çıxıb. Neyləmək olar? MDB-ni ŞƏT-lə əvəz etməyi düşünmək olar. Amma lap ön cərgəyə soxulmağa dəyməz. İlkin resurslarımnız elə də kiçik deyil. Nəsə edə bilərik. Hamı deyir ki, köhnə qaydalar dəyişməlidir. Amma necə? Hansı istiqamətdə? Bax, bunu deyən yoxdur. Dünya yenə məchulluğa qərq olur. Hamı özünü elə bir cəngəlliyə salıb ki, oradan çıxmaq çox müşkül. O gün Putin Ukraynadan çıxmağı nəzərdə tutaraq deyir ki, məni asarlar! Yaxşı bəs müharibəni başlayanda, az qala bir milyon insanı qırğına verəndə nə fikirləşirdin? Yoxsa Maltusun demoqrafik nəzəriyyəsinə vurulmuşdun?
Təxminən ABŞ da eyni vəziyyətdədir. Amma itkiləri on min dəfələrlə azdır, yalnız maliyyə və texniki itkilərdən danışmaq olar.

Ona görə də dünya elə həqiqətən də köhnə, həmin dünyadır, sadəcə, daha çılpaqdır, heç kim əvvəlki vaxtlardan fərqli olaraq nəyisə ört-basdr etmək, gizlətmək istəmir, hamıya əncir yarpağı çatmır deyən! Xüsusən böyük dövlətlər uzunqulaq kimi “səmimidirlər” – istənilən vaxt anqıra bilərlər, biri Qrenlandiyayla, digəri Ukrayna ilə bağlı. Digərləri də artıq buna alışıblar. Hamı dünyanı lokal mənada düzəltmək, yaxşılaşdırmaq istəyir, qlobal baxış qalmayıb, kimsə demir ki, axı bu lokal adacıqlar bir gün biri-birinə qarşı savaş aça bilər. İnsanlar sanki Yer kürəsindən bezib. Amma tələsmirikmi? Axı başqası hələ tapılmayıbdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR