İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahı sevməyən şahsevənli

Son dövrlər rayonlarımızda icra başçılarının şərəf və ləyaqətinin qorunması istiqamətində mühüm işlər görülür. Bu da istər-istəməz bizi sevindirir (mən istəyənlərdənəm). İnşallah, icra başçılarını tam şəkildə qoruyub qurtarandan sonra Şah İsmayıl Xətainin də müdafiəsi üçün dövlət tədbirləri görüləcəkdir. Sıra ilə, aşağıdan başlamışıq. Çünki bizim bütün dövləti islahatlar xalq naminə aparılır və ol səbəbdən aşağıdan başlayırıq.

Məsələn, fevralda Şabran rayonunda icra başçısı bir kəndlini “mənə böhtan atılmışdır” ittihamı ilə məhkəməyə vermişdi. Kəndli iddia edirdi ki, başçı ondan çoxlu taxıl alıb, lakin pulunu ödəməyib. Sitat: “15 ton arpamı aparıb, 3 ildir pulunu vermir. Aramızda sənədli müqavilə də yoxdur. Mən hardan biləydim belə olacaq? Dedim başçı adamdır, yalan danışmaz”.

Açığı, o temanın axırı necə oldu, bilmirəm. Şübhəli detallar çox idi. Ən əsası, başçı sənin arpanı niyə aparsın? Yenə buğda olsa, inanmaq mümkün idi, bizdə icra başçıları arpa yemir. Əslində mənim diqqətimi çəkən detal başqa idi. Hadisə Şabranda baş versə də, bu haqda ilk dəfə Xaçmazdakı hansısa qəzet (bəlkə sayt – bunu da bilmirik, maşallah, ölkədə 525 qəzet var) yazıbmış. Ona görə Şabran məhkəməsi Şabran icra başçısının iddiasını qəbul etməmişdi!

Demokratiyanın, hüququn inkişaf səviyyəsinə baxın! Sonra başçı Xaçmaz məhkəməsində iddia qaldırmaq istəmişdi, lakin ora da ilk cəhddə iddianı qəbul etməmişdi. Guya nəsə səhv yazılıbmış. Yalnız başçının 2-ci cəhdindən sonra iddia baxılmaq üçün qəbul olunmuşdu. Avropa Şurası bunu niyə görmür?

Nəsə, davam edək, Azərbaycanda demokratiyanın ionosfer qatına qədər yüksəldiyini bizsiz də artıq hamı bilir. Məsələn, srağagün İspaniyada camaat Günəş tutulmasını izləyəndə bizdə heç yarım saniyə də qaranlıq olmadı. Çünki bizdə həmişə Günəş olur!

İyul ayında Göyçayda məhkəmə kəndlini 1200 manat cərimə etdi. Səbəb? Buyurun: Göyçay RİH-in Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin məsləhətçisi haqqında video çəkib sosial şəbəkədə paylaşıb, orda məmuru “oğru” adlandırıbmış.

Təsəvvür edin... Nəinki başçılar, onların məsləhətçiləri də qanunlarımız tərəfindən şiddətlə qorunur. “Oğru” sözünə gələndə, bu, adi söz deyil ki, hamıya yapışdırasan? Oğlanlar var, bu adı almaq üçün neçə il yatıb-çıxır, içəridə mübarizə aparır... Alandan sonra saxlamağın özü belə çox çətindir. Rəhmətlik Nüsrət Kəsəmənlinin bu temada şeiri də var idi. “Oğru olmaq istəyirəm” adlı həmin şeirdən bir bəndlə yazımızı rövnəqləndirək:

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!..

Nəhayət, icra başçıların qorunması istiqamətində ən son yenilik Ağcabədidən gəlmişdir. Orada kəndlini başçını təhqir etdiyi üçün dünən 8 sutka həbs ediblər. Əhvalatın məzmunu maraqlıdır: 34 yaşlı cavan kəndlinin evinin qabağından camaat mal-qarasını aparıb-gətirirmiş. Bu da narazılıq edib, lakin şikayətinə baxılmayıb. Axırda hirslənib başçını söyüb.

Deməli, artıq kəndlilərimiz də nərmənazik olub, mal-heyvan görməyə dözmür. Camaat inəyini hardan aparsın? Yoxsa kənd yollarında inək zolaqları açılmalıdır? Ora girən keçilər cərimə edilməlidirmi? Eşşəklərə gecə saatlarında anqırmaq qadağan olunsunmu?

Ən əsası, siz kənddə inəyin yolunu tapa bilmirsinizsə, yetim icra başçısı bunu necə tənzimləsin? Başçının burda nə günahı var?

Hələ durun, mövzunun ən şokedici və qandonduran detalını axıra saxlamışam: həmin kəndin adı Şahsevən Təzəkənd imiş! Deməli, kəndliyə verilən 8 sutka azdır. Ona milli dəyərlərə, mentalitetə yadlaşmaq ittihamı da irəli sürülməliydi. Sənin yurdun “şahsevənlik”lə markalanıbsa, nə üçün yerli şaha qarşı çıxırsan? Ayıb deyilmi?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR