Onlayn ictimai-siyasi qəzet
Keçmiş təhsil nazirimiz Misir Mərdanovun DNT analizini yapmışlar, ortaya şok nəticələr çıxmışdır. Sən demə Misir müəllimin ulu babaları nə az, nə çox – düz 6 min il əvvəldən bölgəmizdə yaşamaqda imişlər.
Təsəvvür edirsinizmi bu nə deməkdir? Bu o deməkdir ki, qədim Yunanıstan hələ bəni-adəmlə təzəcə məskunlaşırdı, Misir müəllimin babaları isə Qafqazın cənub-şərq yamaclarında elmi fəaliyyətlə məşğul idilər. 6 min il qabaq Mesopotamiya vadisində kərpic bişirməyi öyrənməyə başlayırdılar, Misir müəllimin babaları isə Ərmən vilayətinin Dilican dərəsində Qaradağ kubikindən 3 mərtəbəli villa tikirdi. 6 min il öncə insanlar Nil çayının dərəsində Misir mədəniyyətinin əsasını qoyurdular, lakin Misir müəllimin əcdadları artıq Bakıda fironluq edirdi.
Hələ bu harasıdır? Xristian inancına görə Adəm peyğəmbərin doğuluşu bizim eradan təxminən 5500 il qabağa düşür. Nəticə olaraq düşünməyə tam əsasımız var ki, Misir müəllimi də elə o dövrdə palçıqdan düzəltmişlər.
Əslində biz bunu çoxdan bilirdik, heç elmi araşdırmalara ehtiyac yox idi, çünki Mərdanovun nazirliyi dönəmində təhsilimizi 6 min il əvvələ apardılar, hələ də yol tapıb qaytarmaq alınmır. Məhz onun vaxtında “müəllim” sözünü düzgün yaza bilməyənlər məktəblərə kütləvi axın eləmişdilər. Bunu mən özümdən uydurmuram, hazırkı təhsil naziri Əmrullayevdən sitatdır. O, keçən ilin dekabrında elə bu cür söyləmişdi: “Müəllim” sözünü səhv yazanlarla vidalaşmışıq”. Təbii ki, həmin “müəllimləri” məktəbə dolduran adam biz deyildik.
Ona görə də 4 illik rus-tatar məktəbinin 1-ci sinifini kəsirlə bitirən Şərurlu İsfəndiyar “Məktəb tikirəm, rektoru da özüm olacağam, rektorluq üçün ali təhsil vacib deyil” deyəndə heç kim bunu qara yumor kimi qəbul etmir. Niyə olmasın? Yeri gələndə İsfəndiyar müəllimin heç olmazsa çobanlıq təcrübəsi var, beş-üç qoyunu salamat örüşdən qaytarmışdır, bizim bir çox təhsil işçilərinə isə kor toyuğun lax yumurtasını da həvalə etmək günahdır.
Rektor olmaq üçün bizdə təhsildən çox başqa bacarıqlar vacibdir, bunu da dəqiq söyləyibdir. Hərçənd, bəzən universitetlərimiz illərlə rektor olmadan işləyirlər, hansısa problem yaranmır. Hətta bir ara yazırdılar ki, balet məktəbimizdə rektoru əvəz edən yoldaşın ali təhsili yoxdur. Guya yaxşı rəqqasa diplomu mane olurmuş.
Hər şey mahiyyət və məzmun üçün deyil, görüntü üçün olanda belə nəticələr alınır. Bir dəfə Saatlıda məktəbin yenidən qurulması haqqında xəbərə baxırdım. Qara Nuru adında kənddən reportaj idi. Maraqlıdır ki, məktəbin kitabxanasından çəkilən fotoda divarda böyük bir çat görünürdü, özü də düz Mirzə Ələkbər Sabirin portretinin yanında!
Oğuz rayonunda camaat zibili meşəyə atmışdı, şikayət-zad oldu, icra hakimiyyəti və bələdiyyə guya əlbir olaraq ərazini təmizlədi. Ancaq heç kim soruşmadı ki, atam, bəs siz bu zibili meşədən yığıb hara apardınız, axı nəinki Oğuzda, Bakıdan başqa heç bir regionumuzda zibil emalı zavodu yoxdur?
Hardasa bir xəndək qazıb ora tökürlər. Çöllüyə aparırlar. Ətrafı da guya hasarlanır, vəssalam. Sonra külək, su zibili yenidən yayır. Yanır, tüstüsü, üfunəti aləmi bürüyür. Araşdırsan, görərsən ki, Gəncənin, Lənkəranın, Mingəçevirin və sairə şəhər-rayonlarımızın zibil emalı müəssisələri olacağı barədə dövlət proqramı və planları uzun illər qabaqdan kağız üzərində var.
6 min ildir bizdə vəziyyət belədir.
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ