Onlayn ictimai-siyasi qəzet
Azərbaycana gələn turistlərin sayında hər il azalma olduğunu artıq hamımız bilirik. Rəsmi statistikaya görə, məsələn, 2026-cı ilin birinci yarısında ölkəmizə cəmi-cümü 1 milyon 92 min turist gəlib. Keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalma varmış. Hər 100 azərbaycanlıya düşən turist sayı 11 nəfər olub.
Qafqazdakı qonşularımızın vəziyyəti isə bizdən çox yaxşıdır. Gürcüstana 2026-cı ilin yanvar-iyun aylarında 2 milyon 273 min turist gəlib! Hər 100 sakinə 61 turist. Ermənistan isə həmin dövrdə 1 milyon 41 min turist qəbul edib – hər 100 sakinə 35 nəfər. Gürcüstan və Ermənistanın əhalisinin, həmçinin ərazisinin bizdən qat-qat aşağı olmasını da nəzərə alsaq, vəziyyətimizin necə acınacaqlı olduğunu görərik.
Hərçənd, ilk cümlədə yazdığım kimi, bunu rəsmi statistika olmadan da bilirik. Restoran işlədənlər, taksi sürənlər, tur bələdçiləri, evini, avtomobilini kirayə verərək beş-üç manat qazanmaq istəyənlər... Qısası, hamı zərərdədir.
Bəs niyə şanlı vətənimiz turizm baxımından cəlbedici deyil? Axı hökumət bu işə hər il milyonlarla pul xərcləyir, xarici bloqerləri-filanı sürü ilə gətirib gəzdiririk, reklam xərcləri, saytlarda elanlar, başqa paytaxtlarda bilbordlar və daha nələr... Turist isə gəlmir.
Bunun kompleks səbəbləri var. İlk növbədə turist əylənmək üçün gəlir, bizdə isə bu sektor bərbad vəziyyətdə, total nəzarət altındadır. Əyləncə işinin mahiyyətində azadlıq durur. Bu temanı çox şərh eləmək istəmirəm, özünüz məndən yaxşı bilirsiniz. Yalnız elementar bir örnək yazım: gecə vaxtı bulvarda-filanda asudə dolaşmaq istəyin, görün nə olur.
İkincisi, qiymətlər hər yerdə bahadır, turist görəndə isə lap on qatına çıxır. Bu da turistləri iyrəndirir, bir dəfə gələn peşman olur, deyir qələt edərəm yenidən gəlsəm. Yəqin ki, sonra bu haqda öz ölkələrində antireklam edirlər, saytlarda məkanların şərhini neqativ göstərirlər və sairə. İndiki internet, sosial şəbəkə dövründə istənilən dələduzluq və fırıldağı gizlətmək çox çətindir.
Üçüncüsü, turist təbiət üçün gələ bilər, lakin bizim təbiətin buna imkanları nə qədərdir? Ən populyar istiqamətlərdən biri Qəbələdir, orda kanat yolu və şəlalədən başqa nəsə tapmaq çətindir. Bir Nohurgöl vardı, onu da nədənsə bağlı elan ediblər. Eyni şeyi də nə qədər dolaşasan? Hər adamın sərbəst gəzmək, haykinq-filan imkanı yoxdur, rayonlarımız isə hara baxsan çəpərdir, hasardır, “giriş qadağandır” lövhəsidir.
Əgər sən, tutalım, 1 həftəlik, 10 günlük Abşeron istirahət turu paketi alsan, Bakıya gəlsən, onun da 8 günü külək əssə, paket batdı getdi işinin dalıyca. Yəni, bizdə dəniz turizmi də Türkiyə, Misir-filana nisbətdə alınmır. Lənkəran-Astara tərəf bürküdür, Nabran da palçıq. Hələ çimərliklərdə dolaşan inəkləri heç yazmıram.
Etiraf edək ki, tarixi abidə baxımından da turist cəlbediciliyimiz azdır. Qız qalası, Şirvanşahlar sarayı, Şəkidə xanın evi... Vəssalam. Başqa nə qaldı? Qobustan qoruğunu isə muzey şəklinə salandan turistlərə orda daha çox video və foto nümayiş etdirilir. Məlum deyil videoya baxmaq üçün ora getmək nəyə lazımdır, evdə baxmaq olarsa...
Ona görə də biz turist cəlb etmək üçün yeni istiqamətlər tapmalıyıq. Məsələn, bəzi sakinlər öz deputatlarını tanımırlar, neçə ildir axtarırlar. Bu cür nadir şəxsiyyətləri tapıb ziyarət etmək maraqlı olardı. Yaxud görürsən hansısa korrupsioner məmur həbs edilib. Niyə biz ona baxmaq üçün türmələrə korrupsiya turları təşkil etməyək?
Son olaraq bildirim ki, dövlət də turizmin zəiflədiyini anlayır, məhz bu səbəbdən təzəlikcə proqram elan olundu. Əsas detal budur: turizmə dotasiya veriləcək.
Bəli. Necə ki, kənd təsərrüfatına ayrılan dotasiyaları alaq bitən boş çöllərdə “əkinçilik” adıyla basıb yedilər, turizmə dotasiyanın axırı da belə olacaq. Hesablama Palatasından yaxın illərdə turizm dotasiyasının analizini gözləyirik.
Məsələn, məlum olacaq ki, Bərdənin Soğanverdilər kəndindəki hun qəbilə başçısının “məzarını” 2027-ci ildə 1 milyon braziliyalı futbolçu ziyarət etmişdir, bu məqsədlə dövlət büdcəsindən 10 milyon manat yeyilmişdir və sairə...
Mən özüm Biləcəridə gözəl mineral su bulağı tanıyıram, 15 ildir yolun ortasından qaynayır, heç kim gəlib düzəltmir. Əlaqədar orqanlar turistləri göndərsin, pulu bölərik.
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ