Onlayn ictimai-siyasi qəzet
Təzəlikcə Abşeron yarımadasındakı təbii göllərdən ən böyüyü olan Böyükşor gölü yaşıllaşmışdı. Ekologiya idarəsi suyun analizini apardı, açıqlama verildi ki, guya orda hansısa yosunlar çoxalmışdır. Hava isti keçirmiş, gölə nəsə axıdıblar və sairə - bunun nəticəsində.
Sitat: “Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması sudakı biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb”.
Siz dediniz, biz də inandıq...
Əlbəttə, inanmadıq. Çünki su yosunla yaşıllaşırsa, bəs yosun niyə yaşıldır? Alimlər istəsələr, bir qarışqa yarada bilərmi? Yer kürəsi yumrudursa, Avstraliyada niyə təpəsi üstündə gəzmirlər? Bunun izahını heç kim verə bilməz. Səbəb isə hökumətimizin apardığı dinc quruculuq işləri, genişzolaqlı islahatlar, müasir park və mentalitetimizə uyğun sututar siyasətidir.
Yaxşı yadımdadır, 1980-ci illərdə həmin gölün qırağındakı gecəqonduda bir qahım yaşayırdı (mərkəzdəki pis zonalarda əsasən ermənilər və qeyri-etnoslar məskunlaşmışdı, biz türklər Turan taktikası ilə Bakını kruqa alırdıq), onlara gedib-gələndə baxırdım – heç vaxt su yaşıl olmurdu. Əslində qamış və zir-zibildən su ümumiyyətlə görünmürdü, axşam düşəndə ağcaqanadlar bulud kimi qalxıb bizə hücum çəkərdi. İndi isə maşallah, gölün ətrafında stadion, işıqlı küçələr, Ramanaya aparan yollar, bulvar və sairə infrastruktur, o cümlədən ultrastruktur yaradılmışdır. Keçmişin Bakısında yalnız qırmızı, Qanlı göllər olardı.
Sözgəlişi, dünən gözümə hardasa başlıq dəydi, deyir Roberto Karlos müsəlmançılığı qəbul etmişdir. Yəqin sünnət də eləyərlər. Əlhəmdüllah. Sayımız get-gedə artır. Məhz Qərbdə bunu görmək istəmirlər, düşünülmüş siyasət aparılır ki, azərbaycanlılar azalsın. Qərbin siyasətinə görə bizdə boşanmalar artır. Hamı internetdədir, uşaqlara baxan yoxdur.
Qayıdaq gölə. Böyükşorun yaşıllaşması barədə qədim hədislər də vardır. Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi” əsərində, 1-ci cilddə yazır: “Axar su hardadırsa, ora yaşıllaşır; hara göz yaşı tökülsə, orada rəhmət nazil olur”. Bəli, biz ağlaşdığımız üçün Allahın bizə rəhmi, rəhməti, mərhəməti artır. Ancaq, doğrusu, Böyükşorun axarı varmı-yoxmu, onu dəqiq bilmirəm.
Bunlar hamısı əlaqəli şeylərdir. Sən Lökbatanda ağlasan, Böyükşorda göl yaşıllaşır. Salyanda 16 yaşlı qızın toyunun qarşısı hüquq-mühafizə orqanlarımız tərəfindən mətinlik və rəşadətlə alınmasaydı, Kriştianu Ronaldu Portuqaliyanın Madeyra adasında evlənə bilməzdi.
Ağdaşda isə 17 yaşlı qızın nişan mərasimində yerli ictimaiyyət İctimai Televiziyanın kameralarına hücum çəkmişdi. Bu da kanalın rayonda reytinqinin aşağı olduğunu göstərir. Qabaqlar bəzi televiziyalar camaatı evləndirir, toydan, nişandan reportajlar verirdilər. Kanala girib batan uşaqları axtarırdılar. Qurban kəsib xalqa paylayırdılar. Xəstələrə həkim tapırdılar.
Təəssüf ki, o cür populyar verilişlər bağlandı, xalqımız indi baxmağa efirdə nəsə tapmır, məcbur olur Tik-toka girsin, orda isə əxlaqsızlıq baş alıb gedir. Əlaqədar orqanlardan xahiş edirik buna son qoysunlar. İnternetə girmək biletlə olsa hamımız razı qalarıq. Ya da internet kanalları arasında yeni tunellər qazılsın, bir sayta girən daha ordan çıxa bilməsin.
Hesab edirəm ki, bizim bu işləri görməyə hər cür dövləti imkanlarımız yaranmışdır. Əsas odur xalq belə islahatları dəstəkləyir. İnanmırsınızsa, çıxın küçədə camaatdan soruşun. Hamısı bir ağızdan razılıq edir. Yeganə və cüzi narazılıq ondadır ki, hərdən tıxac yaranır, növbədə dururuq.
Yazını da şairin misraları ilə bitirək: “Abşeron yarımadasının əcəb seyrangahı var, Yaşıl gölü də üstündə”.
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ