Onlayn ictimai-siyasi qəzet
Prezidentin ABŞ və Çini dünyanın iki supergücü elan etməsi və “üçüncüsü yoxdur” deməsi hətta dünya mediasının da diqqətini çəkib - Bakıdan da reaksiyalar var
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının son qurultayında ABŞ və Çini dünyanın iki supergücü adlandıraraq “üçüncüsü yoxdur” deməsi ciddi müzakirələrə yol açıb. Xüsusilə Prezidentin bu ifadəsində Rusiyanın adının çəkilməməsi diqqət çəkib və müxtəlif xarici media orqanlarında Azərbaycanın Moskva və Pekinlə münasibətlərinin yeni geosiyasi kontekstdə necə formalaşdığı müzakirə olunur. Prezidentin özü isə çıxışında əsas diqqəti Azərbaycanın həm ABŞ, həm də Çinlə strateji tərəfdaşlıq qurmasına yönəldib.
ABŞ-nin “Newsmax” portalında “Əliyev yalnız iki dövlətin - ABŞ ilə Çinin supergüc olduğunu bəyan edir” başlıqlı redaksiya məqaləsi dərc olunub.
Məqalədə deyilir ki, İlham Əliyev ABŞ və Çini dünyanın iki supergücü hesab edir və Azərbaycanın hər iki ölkə ilə strateji tərəfdaşlıq münasibətləri qurmasını ölkənin xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edir. Nəşr Prezidentin bu yanaşması ilə Rusiyanı supergüclər sırasında göstərmədiyinə diqqət çəkir.
Məqalədə Azərbaycanın ABŞ ilə münasibətlərinin sürətlə inkişaf etdiyi də vurğulanır, ölkəmizin enerji potensialına xüsusi diqqət ayrılır. “Newsmax” qeyd edir ki, Azərbaycan xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr daxil olmaqla, müxtəlif enerji resurslarının istehsal və ixracını həyata keçirir.
Nəşr İlham Əliyevin yeni müqavilələrin Azərbaycanın neft və qaz hasilatını artırmasına imkan verəcəyi barədə açıqlamasını da diqqətə çatdırır. Prezidentin sözlərinə görə, yeni qaz kontraktı ölkəyə əlavə 5 milyard kubmetr qaz əldə etmək imkanı yaradacaq.
“Newsmax”ın məqaləsində Azərbaycan ABŞ və Çinlə strateji tərəfdaşlığını gücləndirən, enerji və tranzit imkanlarını genişləndirən və dəyişən dünya nizamında öz geosiyasi çəkisini artırmağa çalışan ölkə kimi təqdim edilir.
Prezidentin ABŞ və Çini dünyanın iki supergücü elan etməsi və “üçüncüsü yoxdur” deməsi sadəcə bu iki ölkə ilə Azərbaycanın strateji tərəfdaşlığının vurğulanmasıdır, yoxsa burada Rusiyaya verilən ayrıca siyasi mesajı da görmək mümkündür?
“Burada, məncə, məsələ kiməsə mesaj verməkdən daha çox, dünyadakı real güc balansını düzgün oxumaqdır. Prezident İlham Əliyevin "iki supergüc var, üçüncüsü yoxdur" fikri emosional siyasi qiymətləndirmə deyil. Söhbət hərbi gücdən təkbaşına yox, iqtisadiyyat, texnologiya, maliyyə, qlobal ticarət, süni intellekt və dünya proseslərinə təsir imkanlarının cəmindən gedir".

Vüqar İskəndərov
Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat fikirlərini bu cür davam etdirib: “Rusiya böyük dövlətdir, nüvə gücüdür, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünya siyasətində mühüm aktordur. Bunu heç kim inkar etmir. Amma böyük dövlət olmaqla müasir anlamda qlobal supergüc olmaq eyni anlayış deyil. Bu gün ABŞ və Çin iqtisadi, texnoloji və maliyyə imkanlarına görə ayrıca bir çəki kateqoriyasındadır. Prezidentin fikrini də məhz bu reallığın ifadəsi kimi qəbul etmək lazımdır. Digər mühüm məqam Azərbaycanın siyasətidir. Bakı nə Vaşinqtonla münasibətini Moskvanın, nə Pekinlə münasibətini Vaşinqtonun, nə də Moskva ilə münasibətini başqa bir paytaxtın prizmasından qurur. Azərbaycanın xarici siyasətində "kiminsə yanında olmaq" anlayışından daha çox, öz maraqlarının yanında olmaq prinsipi var. Ona görə də Rusiyanın adının çəkilməməsindən süni diplomatik sensasiya yaratmaq doğru olmazdı. Amma bu fikirdə bir siyasi mesaj axtarılırsa, o da kifayət qədər aydındır. Azərbaycan dəyişən dünya nizamını köhnə geosiyasi stereotiplərlə deyil, bugünkü güc parametrləri ilə qiymətləndirir. ABŞ və Çinlə strateji tərəfdaşlığın eyni vaxtda inkişaf etdirilməsi isə Azərbaycanın manevr imkanlarının və siyasi çəkisinin artmasının göstəricisidir. Kiçik və orta dövlətlərin böyük güclər arasında seçim etməyə məcbur olduğu dövr tədricən arxada qalır. Azərbaycan isə çoxdan seçim edib, yəni Azərbaycanı seçib".

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Prezidentin ABŞ və Çini dünyanın iki supergücü adlandırması ilk baxışda Azərbaycanın yeni strateji tərəfdaşlıqlarının vurğulanması kimi görünür: “Üçüncüsü yoxdur” ifadəsi təsadüfi əlavə deyil. Məncə, bu cümlə Moskvaya ünvanlanmış, lakin adı çəkilmədən çatdırılmış siyasi mesajdır. Bunun bir neçə səbəbi var.
Birincisi, diplomatik dildə deyilməyən söz adi qaydada deyilən sözdən çox şey ifadə edir. Prezident sadəcə “iki supergüclə strateji tərəfdaşıq” deyə bilərdi. Bu, tərəfdaşlığı vurğulamaq üçün kifayət edərdi. “Üçüncüsü yoxdur” isə artıq siyahını bağlayır. Yəni Bakı Rusiyanı tənqid etmir, sadəcə, onu sıralamadan kənarda saxlayır. Bu, açıq qarşıdurmadan daha incə, amma daha təsirli üsuldur. Ünvan bəllidir, ad isə çəkilmir.
İkincisi, bu ifadə nitqin ümumi məntiqindən ayrı oxunmamalıdır. Eyni çıxışda Prezident keçmiş rəhbərlərdən ikisinin Moskvaya qaçdığını xatırladıb, Qorbaçovu “Bakı cəlladı” adlandırıb, Minsk Qrupu həmsədrlərinin Azərbaycana qarşı olduğunu və bu gün də hər birinin öz bildiyi formada Ermənistanın arxasında dayandığını bildirib. Daha bir maraqlı detal isə budur. Prezident vurğulayıb ki, Azərbaycana heç vaxt güzəşt olmayıb, hətta bəzən silahlar normal qiymətindən bir neçə dəfə baha satılıb. Hamıya məlumdur ki, uzun illər Azərbaycanın əsas silah tədarükçülərindən biri Rusiya olub. Deməli, “üçüncüsü yoxdur” cümləsi təklikdə deyil, Moskvaya ünvanlanan bütöv bir siyasi kontekstin içində səslənib.
Üçüncüsü, Bakı-Moskva münasibətlərinin son iki ili bu mesajı hazırlayıb. Dekabr 2024-cü ildə AZAL təyyarəsinin vurulmasından sonra münasibətlər kəskin pisləşdi və Putin yalnız 2025-ci ilin oktyabrında Rusiya hava hücumundan müdafiə raketlərinin günahkar olduğunu ictimai şəkildə etiraf etdi. Bu ilin iyulunda isə Prezident Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyini bildirdi və Rusiya imperiyası ilə SSRİ dövrünü müstəmləkə dövrü adlandırdı. Kremlin buna necə reaksiya verdi? Peskov Əliyevin mövqeyini yanlış hesab etdiklərini, amma bu fikir ayrılıqlarını ikitərəfli münasibətlər üçün təhdid kimi görmədiklərini dedi. Bu o deməkdir ki, Moskva artıq Bakıya “sərt əzələ nümayişi” edə bilmir. Ukrayna cəbhəsində ilişib qalan Rusiyanın Cənubi Qafqazda manevr imkanları daralıb.
Dördüncüsü, bu mesaj Rusiya ilə qopmaq demək deyil. Prezident eyni çıxışda Azərbaycanın heç bir düşərgəyə qoşulmadığını və qoşulmayacağını açıq bəyan edib. Rusiya Azərbaycanın şimal qonşusudur, Şimal-Cənub dəhlizinin əsas həlqəsidir. Bakı körpüləri yandırmır, sadəcə, münasibətlərin formatını dəyişir. Prezidentin “bizə himayədarlıq lazım deyil” fikri də məhz bunu ifadə edir. Yəni Rusiya Bakı üçün qonşu və tərəfdaş ola bilər, amma artıq “böyük qardaş” deyil.
Bu baxımdan, “üçüncüsü yoxdur” ifadəsini iki qatlı mesaj kimi oxumaq lazımdır. Vaşinqton və Pekinə bildirmək istəyir ki, Azərbaycan sizin hər ikinizlə eyni səviyyədə danışan, etibarlı orta güc dövlətidir. Moskvaya isə mesaj belədir ki, Cənubi Qafqazda köhnə iyerarxiya bitib, Rusiya artıq bu regionun yeganə hakimi deyil. Məncə, Kreml bu dəfə də açıq qarşıdurmaya getməyəcək. Peskov yenə diplomatik ifadələrlə kifayətlənəcək. Çünki Ukrayna müharibəsi, sanksiyalar və İran ətrafındakı gərginlik şəraitində Moskvanın Bakı ilə yeni cəbhə açmağa nə resursu, nə də marağı var. Deməli, Bakı “kartı masaya” sürüb, Moskva isə hələ ki bu kartı görməzdən gəlməyə məcburdur".
Cavanşir ABBASLI,
"Yeni Müsavat"
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ