İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zirzəmidə yatırıq ki, dronla vurulanda heç olmasa yaralanaq”

“Yanımızdakı gəmiləri, yanacaq çənlərini, saxlama anbarlarını gecələr vururlar. Bizim üçün çox ciddi təhlükə var”.

Bunu Musavat.com-a açıqlamasında Rusiyanın Rostov şəhərində qalan “CONSUL” gəmisinin kapitanı Səbuhi Salahov deyib.

O bildirib ki, gəmidə olan 12 dənizçinin həyatı təhlükə altındadır:

“Gəminin ən aşağı hissəsində, zirzəmisində yatırıq ki, dronla vurulanda ölməyək, heç olmasa yaralanaq. Gəmidən çıxıb getməyə yerimiz yoxdur. Eyni zamanda gəmidən bizi daşıyacaq balaca katerlər Azərbaycan pulu ilə 70-80 manatdır. Biz buradan çıxıb haraya gedək?”

Səbuhi Salahov deyib ki, gəminin mənsub olduğu “ADLER” şirkətinin sahibləri ötən gün onunla əlaqə saxlayıblar:

“Bizə bildirdilər ki, gəmidəki yükü boşaldacaqlar, ondan sonra bizi aparacaqlar və ödənişlərimizi edəcəklər. Ancaq bu verilmiş vəddir. Bunun nə zaman olacağı bəlli deyil. Biz hər an vurula və ölə bilərik”.

Xatırladaq ki, Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi təxminən 4 aydır gəmidə qalıb. Ekipaj üzvləri 7 aydan artıqdır əməkhaqqı ala bilmir. Üstəlik, onların Azərbaycana qayıtması da mümkün deyil. Hazırda gəmidə 12 ekipaj üzvü var. Onlardan 11-i Azərbaycan, biri isə Rusiya vətəndaşıdır. Kapitanın sözlərinə görə, özəl şirkət olan “ADLER”in İstanbulda ofisi var. Sahibləri Türkiyə və Azərbaycan vətəndaşlarıdır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR