İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatın dövriyyə sürəti ilk dəfə devalvasiya ili həddinə düşdü

İqtisadçı deyir ki, bu, arzulanan hal deyil, amma...

Manatın dövriyyə sürəti son iki onilliyin ən aşağı göstəricilərindən birinə düşüb. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-nə bu göstərici 2,96 bənd təşkil edib. Maraqlıdır ki, son 21 ildə ən aşağı göstərici 2015-ci ilin yanvarında - manatın ilk devalvasiyasından bir qədər əvvəl qeydə alınıb. Bəs hazırkı rəqəm manat üçün hansı mesajı verir?

Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, milli valyutanın dövriyyə sürəti bir ay ərzində 0,04 bənd, ilin əvvəlindən 0,24 bənd, ötən ilin sentyabrı ilə müqayisədə isə 0,42 bənd azalıb.

Pulun dövriyyə sürəti müəyyən dövr ərzində pul vahidinin orta hesabla neçə dəfə iqtisadi əməliyyatlarda istifadə edildiyini göstərir. Başqa sözlə, göstəricinin aşağı düşməsi manatın iqtisadiyyatda daha yavaş dövr etdiyini, pulun daha uzun müddət əhalinin, şirkətlərin və bank sisteminin əlində qalmasını ifadə edə bilər.

2015-ci il nümunəsi də bu baxımdan diqqətdən kənarda qala bilməz. Həmin ilin əvvəlində dövriyyə sürətinin 2,68 bəndə qədər düşməsi iqtisadiyyatda baş verən digər proseslərlə eyni vaxta təsadüf etmişdi. Ardınca neft qiymətlərinin kəskin ucuzlaşması və valyuta gəlirlərinin azalması fonunda manat iki dəfə devalvasiyaya məruz qaldı.

İndi əsas məsələ bu dinamikanın qarşıdakı aylarda necə dəyişəcəyidir.

WhatsApp Image 2026-10-08 at 10.49.13.jpeg (72 KB)

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb. Onun dediyinə görə,  manat dövriyyəsinin - yəni dövriyyə sürətinin 2,96-ya düşməsi elə də arzulanan hal deyil. Amma bunu birbaşa devalvasiyaya siqnal kimi qəbul etmək də doğru sayılmaz: “Burada əsas məsələ konkret bir suala cavab tapmaqdır: pul nə üçün iqtisadiyyatda əvvəlki sürətlə dövr eləmir? Əsas sual budur. Son dövrlər Mərkəzi Bankın açıqlamalarında da görünür ki, manatla pul kütləsi sürətlə artmaqdadır. Lakin pul kütləsi artsa da, iqtisadi dövriyyə eyni sürətlə genişlənmir. Belə olduqda, təbii ki, pulun özünün dövriyyə sürəti aşağı düşür. Yəni iqtisadiyyatda pul çoxalır, amma onun fəal işləməsi azalır, başqa sözlə, "passiv pul kütləsi" artır. Pul banklarda, insanların evində və ya müxtəlif istiqamətlərdə yatıb qalırsa və dövriyyəyə gec qayıdırsa, bu zaman həmin göstərici, yəni dövriyyə sürəti aşağı düşür".

2015-ci illə müqayisəyə gəlincə, iqtisadçı qeyd edib ki, indiki vəziyyəti həmin dövrlə müqayisə etmək doğru deyil: “Çünki o vaxt devalvasiyanın əsas səbəbi başqa məsələlər və göstəricilər idi. Neft kəskin aşağı düşmüşdü, Mərkəzi Bankın valyuta ehtiyatları azalmışdı və dollara tələb yüksək idi. Buna görə də manata ciddi təzyiq yaranmışdı və nəticədə devalvasiya baş verdi. Hazırda isə vəziyyət fərqlidir. Ölkənin 90 milyard dollardan çox valyuta ehtiyatları var, Mərkəzi Bankın ehtiyatları 15-16 milyard dollar təşkil edir və Mərkəzi Bank bazardan dollar almağa davam edir. Yəni manata heç bir təzyiq yoxdur, əksinə, dollara tələbat yetərincə qarşılanır. Mərkəzi Bank vəziyyət mənfiyə dəyişərsə və dollara tələb artarsa bilə, bunu bir neçə il rahatlıqla qarşılamaq gücündədir. Dolayısı ilə, hazırkı şərait heç bir halda devalvasiya riski yaratmır. Prezident də YAP-ın qurultayında bildirdi ki, Azərbaycan hökuməti manatın məzənnə stabilliyinə üstünlük verəcək. Çünki makroiqtisadi tarazlıq məhz bu alət vasitəsilə qorunur. Bu, ölkə rəhbərliyi səviyyəsində bəyan edildiyi üçün bir siyasi çəki və zəmanət deməkdir. Ona görə də mövcud vəziyyətdə devalvasiya haqqında danışmaq doğru deyil. Başqa sözlə, manatın dövriyyə sürətinin azalması məzənnə ilə deyil, birbaşa və ciddi şəkildə iqtisadi fəallıqla bağlıdır. Əsas məsələ iqtisadiyyatda nə qədər pulun olması yox, həmin pulun nə dərəcədə fəal iştirak etməsidir. Bu fəallıq azaldıqca dövriyyə də zəifləyir və bu hal iqtisadi fəallığın göstəricisinə yönəlik mənfi siqnal kimi qəbul edilməlidir”.

Bəs hazırda hansı qonşu ölkələrin valyutası daha çox təzyiq altındadır?

Türkiyə bu siyahıda Azərbaycanın ən yaxın müqayisə edilə bilən ölkələrindən biridir. Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il qiymətləndirməsində lirənin kəskin ucuzlaşması, yüksək dollarlaşma və ehtiyatların azalması əsas risklər sırasında göstərilir. Fond qeyd edir ki, böyük məzənnə şoku depozitlərin lirədən qaçışına səbəb ola və ehtiyatları daha da zəiflədə bilər. 2025-ci ilin martında Türkiyədəki maliyyə stressi zamanı xarici investorlar təxminən 18 milyard dollar həcmində lirə aktivlərindən çıxıb, Mərkəzi Bankın əsas ehtiyatları isə martın 18-dən 25-dək 56,9 milyard dollardan 29,1 milyard dollara düşüb. Yəni Türkiyədə devalvasiya/ucuzlaşma riski real müzakirə mövzusudur. Amma bu, “yaxın günlərdə kəskin devalvasiya olacaq” demək deyil.

Ermənistanı da riskli valyutalar sırasına qoymaq çətindir. Oktyabrın 5-də dolların dram qarşısında orta bazar məzənnəsi 361,81 dram olub və əvvəlki günlə müqayisədə daha 0,74 dram aşağı düşüb. BVF də Ermənistanın çevik məzənnə rejimini xarici şoklara qarşı “şok uducu” mexanizm kimi qiymətləndirir və ölkənin ehtiyat tamponlarının xarici risklərə qarşı dayanıqlılıq yaratdığını bildirir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR