İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın altındakı deşiklər

Öncə keçən yazıma düzəliş etməliyəm, çünki Bakı şəhər icra başçısının “Son 20 ildə paytaxtımıza 200 milyard manat investisiya qoyulub” cümləsində inanılmaz yanlışa yol vermişəm, 20 milyard yazmışam. Bu səhvi diqqətli həmkarım, qazi-jurnalist Məğrub Bədəlsoy görüb, mənə mesaj yollamışdır: “Özünü yığışdır, Eldar bəy səni məhkəməyə verə bilər. Yeyinti sərmayəsini 10 dəfə azaltmısan. 20 yox, 200 milyard! Daha milyon, milyard bunlar üçün “simişka” puludur, onlarla, yüzlərlə milyarddan danış, kanalizasiyası, həyəti, havası olmayan, alçaq tavanlı “əlil evi”ndən danış”.

Belə başa düşdüm ki, hörmətli qazi hökumətin onun kimi şəxslərə diqqət və qayğısının azlığından gileylənir. Ancaq mən siyasətə qarışmıram, axırıncı dəfə bu temada bizim eradan əvvəl yazmışam. Ümumiyyətlə, xalqın narazılığını başa düşmürəm. Gah deyirlər böyürtkən yığmağa cərimə qoyulub, gah qatarla gedib Tiflisdən qayıtmağın çətinliyindən dəm vururlar. Soruşan gərək, böyürtkən yığmağa gedən adamın Tiflisdə nə iti azıb? Ata sözümüzdə təxminən bu tema işıqlandırılmışdır: “Nə işin var cığırda, Çaqqal səni çığırda!?”

Digər tərəfdən, mən sayın qazinin “200 milyard yeyinti sərmayəsi” iddiasını da bölüşmədiyimi sayın əlaqədar orqanların diqqətinə acizanə çatdırmaqdan şərəf duyuram. Mənim fikrimcə, o pulun hamısı yeyinti deyil, rəhmətlik gömrükçü Tahir Əliyevin sözüylə yazsaq, “içində investisiya da var” (Dövlət başçısı Tahir müəllimi tənqid etmişdi ki, niyə gömrükdə rüşvət alırsınız, o isə belə tarixi cavab vermişdi: “Hamısı rüşvət deyil, içində rüsumlar da var”. Gözəl günlər idi, qədrini bilmədik).

Əslində, belə baxanda 200 milyarddan 1 ədəd sıfırın düşüb itməyi müəyyən dərəcədə simvolikdir. Birincisi, populyar afyorizmə nəzirə eləsək, “1 manatın yeyintisi korrupsiyadır, milyardların yeyintisi isə statistika”. Yəni, müəyyən ədədlərə çatandan sonra artıq prosesin mənası qalmır, məzmunu da itir gedir. Məsələn, hərdən görürsən informasiya yayılır ki, İlon Mask trilyon dollar yiyəsi oldu, səhəri yazırlar 400 milyard itirdi, nə bilim, 300 milyard təzədən səhmləri qalxdı və sairə. Bu temada anekdot da var. Bir milyonçu məsciddə dua edirmiş: “Ya rəb, işim alınsın, marketlərin sayı 50-dən 100-ə çıxsın, uşağa Lamborgininin təzə modelini alım, arvadı Kim Kardaşyan stilində yığdırım” və sairə. Birdən baxır ki, böyründə hansısa kasıb dua edir: “Ya Allah, qismət elə, axşam evə çörək aparım”. Milyonçu əsəbləşir, tez cibindən 5-10 manat çıxarıb kasıba verir, deyir: “Çıx get, əşşi, çörəyini al, qurban olduğumun başını xırda-xuruşla qatma”.

Bakıya qoyulan investisiyanın sıfırlarındakı itkinin başqa, bir az uzun izahatı da var.

Bizim bir qahım Abşeron yarımadasında torpaq alıb, bağ salmışdı. Ağlı gedib Qarabağın münbit torpağına, neçə ildir zülüm çəkir. Ağaclar müəyyən boya çatandan sonra quruyur, külək belini qıran, həşərat yeyən, nə bilim, durduğu yerdə çürüyən... Burada ağac-uğac, xüsusilə də meyvəli bitkilər əmələ gətirmək çox çətin işdir. Adı üstündə - quru yarımsəhra landşaftına məxsus torpaqlardır. Ona görə də problemi sözün əsl mənasında kökündən həll etmək üçün rayonlardan meşə torpağı aldı (Bu işin qanunsuz olduğunu hamı bilir, ancaq Bakıda bir “Kamaz”ı 1200 manata meşə torpağı satıldığını da hamı bilir. Bircə əlaqədar orqanlar bilmir). Ağacların hamısının dibinə bu qapqara bərəkətli torpaqdan tökdü. Cəmi 2 il sonra onun bağına gedəndə yenə hər yanı bomboz gördüm. Deyir: “Buranın torpağı boşdur. Bütün meşə torpağım aşağı süzülüb yoxa çıxdı”.

Bax, Bakıya investisiya qoymaq da eynilə bu cür nəticə verir. Pullar süzülüb yoxa çıxır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR