İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədəbiyyat üzrə Nobel mükafatını O ALDI

 

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

Musavat.com xəbər verir ki, 2026-cı ildə mükafata kanadalı şairə və yazıçı Enn Karson layiq görülüb.
İsveç Akademiyası 76 yaşlı yazıçıya mükafatı antik ədəbiyyata yeni nəfəs gətirən, cəsarətli və novator yaradıcılığına görə verib. Akademiyanın açıqlamasında Karsonun klassik ədəbi ənənə ilə yaradıcı dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaratdığı bildirilib.

Mükafat xəbərini Karson özü üçün də gözlənilməz sayıb. Yazıçı hazırda ilin bir hissəsini keçirdiyi İslandiyada olub. İsveç Akademiyasının daimi katibi İnqrid Karlberqin sözlərinə görə, Karson xəbəri eşidəndə təəccüblənsə də, çox sevinib.

Karson 1950-ci ildə Kanadanın Toronto şəhərində anadan olub. Onun antik ədəbiyyata marağı məktəb illərində yaranıb. Daha sonra Toronto Universitetində klassik filologiya üzrə təhsil alıb, 1981-ci ildə doktorluq dissertasiyası müdafiə edib və Kanada ilə ABŞ universitetlərində antik ədəbiyyatdan dərs deyib.

Yazıçının ədəbi karyerası 1986-cı ildə nəşr olunan “Şirin-acı Eros” adlı fəlsəfi essesi ilə başlayıb. Əsərdə sevgi və arzunun təbiəti, xüsusilə də qədim yunan ədəbiyyatında bu hisslərin ziddiyyətli mahiyyəti araşdırılır.

Karsona dünya şöhrəti gətirən əsər isə 1998-ci ildə çap olunan “Qırmızının avtobioqrafiyası” romanı olub. Qədim yunan mifindəki Gerion obrazından bəhrələnən əsərdə hadisələr müasir dünyaya köçürülüb.

Yazıçı əsərində yeniyetməlik, ilk sevgi, tənhalıq və insanın özünü axtarması kimi mövzulara toxunub.
2001-ci ildə nəşr olunan “Ərin gözəlliyi” əsərində isə qadının illərlə yalan və xəyanətlərini bağışladığı həyat yoldaşı ilə ağrılı münasibəti təsvir edilir. Karson bu əsəri “29 tanqodan ibarət uydurma esse” kimi təqdim edib. Əsər müəllifə T.S. Eliot adına nüfuzlu mükafatı qazandırıb və Karson bu mükafatı alan ilk qadın olub.

Yazıçı sonrakı illərdə də fərqli ədəbi formalar üzərində işləyib. “Noks”, “Qırmızı dok” və “Norma Cin Beyker Troya şəhərindən” əsərlərində yaddaş, itki, mifologiya və müasir mədəniyyət arasında əlaqələr qurub. Onun iki əsəri – “Qırmızının avtobioqrafiyası” və “Şirin-acı Eros” Azərbaycan dilində deyil, rus dilinə tərcümə olunub.

Qeyd edək ki, Karson Nobel mükafatından əvvəl də bukmekerlərin əsas favoritləri sırasında olub. Onunla yanaşı çinli avanqard yazıçı Tsan Syue, yapon yazıçı Haruki Murakami, amerikalı Tomas Pinçon, kanadalı Marqaret Etvud və digər tanınmış ədiblərin də adı favoritlər arasında çəkilib.

2026-cı ildə Nobel Mükafatının təsis edilməsinin 125 ili tamam olur. Bununla əlaqədar mükafatın pul məbləği də artırılıb. Bu il laureata 12 milyon İsveç kronu – təxminən 1,2 milyon dollar təqdim ediləcək.
Nobel mükafatlarının təqdimetmə mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək.

Musavat.com

Объявлен лауреат Нобелевской премии по литературе

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR