Onlayn ictimai-siyasi qəzet
Türkiyədə birja dələduzluğu ilə xalqın milyardlarını əkişdirən keçmiş ailə naziri, həmçinin AKP sədri Ərdoğanın müşaviri olmuş Fatma Kayanı AKP üzvlüyündən çıxartdılar. Biz Türkiyə barədə “Bir millət – iki dövlət” konsepsiyasından çıxış elədiyimiz üçün, istər-istəməz mənim ağlıma belə paralel aparmaq gəldi: Ramiz Mehdiyevi niyə YAP-dan çıxarmırlar?
Doğrudan da, ortada nəsə maraqlı məsələ var, çünki Fatma Kayanın dələduzluğu cəmi-cümü 1-2 aydır ortaya çıxıb, özü də bunu ilk dəfə müxalifətçi Yeni Partiyanın sədri Özgür Özəl açıqlamışdı. Ramiz Mehdiyevi isə birbaşa dövlətin istintaq orqanları suçlayırlar, özü də onun maddələrinə baxanda birja dələduzluğu toya getməlidir. Sayın Ramiz müəllim dövlətə xəyanətdən başlamış, hakimiyyəti zorla ələ keçirməyə qədər cürbəcür ağır tonnajlı maddələrlə ittiham edilir. Özü də 2025-ci ilin oktyabrından üzü bəri. Artıq 1 il tamam olur ki, Ramiz müəllim villa dustağı şəklində yaşamaqdadır.
Bəs YAP bu yoldaşa niyə dözür? Məqsəd nədir? Axı prinsipcə, Mehdiyevin orda qalmağı partiyanın siyasi kursuna, mahiyyətinə ziddir. Ramiz müəllimin YAP-da qalmağı partiyaya yeni üzvlərin, kristal təbiətli gənclərin cəlb olunması yolunda ciddi əngəldir. Mənim fikrimcə, təbii.
Uca millətimiz uzun müddət ümidlə yaşayırdı ki, bəlkə zatın çəkisi siyasi baxımdan çox ağır olduğu üçün onu hansısa rayon təşkilatı səviyyəsində töhmətləndirib partiyadan qovmaq müəyyən qədər çətindir. Biz bunu, əlbəttə, anlayışla qarşılayırdıq. Və bütün gözlər partiyanın qurultayına dikilmişdi. Lakin qurultay da olub, bitdi, yenə Ramiz müəllim YAP üzvü kimi saxlanıldı.
Dünya tarixini dəqiq bilmirəm, ancaq bizim siyasi tariximizdə belə halın analoqu yoxdur. Rəsul Quliyevdən, Əli İnsanovdan tutmuş, İmişlinin icra başçısı Vilyam müəlliməcən saysız şəxs haqlarında cinayət işi açılan kimi YAP üzvlüyündən qovulmuşlar. Yeganə olaraq Ramiz müəllimə toxunulmur.
Maraqlıdır ki, Ramiz müəllim hətta sıravi üzv də deyil, YAP Veteranlar Şurasının üzvüdür! Bir növ, partiyanın ağsaqqallarından sayılmaqda davam edir. Sözgəlişi, orada onun sədri, yəni, YAP VŞ-nin sədri keçmiş deputat Arif Rəhimzadədir. Ola bilərmi Ramiz müəllimi məhz Arif müəllim qoruyur, onun üzərinə öz qanadlarını açmışdır? Ola bilər. Həyatda hər şey mümkündür. Hərçənd, dünyada bizim paxıllığımızı çəkirlər, bu gün ədəbiyyat üzrə Nobel mükafatı açıqlandı, hamı gözləyirdi ki, mükafat “Şuşanı görməsəm, ölə bilmərəm” misrasına görə sayın Anar müəllimə veriləcəkdir, onu isə heç kəsin tanımadığı kanadalı zənən xeylağına verdilər. Bakı nefti Nobellərin burnundan gəlsin, inşallah. Mövzudan uzaqlaşdıq sanki, üzrlü sayın.
Mən Ramiz müəllimin siyasi vəziyyətinin əsrarını çözməkdə acizəm, ancaq müəyyən ehtimallarımı yaza bilərəm. Məsələn, ola bilər ki, YAP onun potensialından hələ də istifadə etmək fikrindədir. Axı təzə qanun hazırlanır, korrupsiya haqqında hökumətə məlumat verən yoldaşlara 5 faiz mükafat veriləcəkmiş. Hətta rüşvət verən anda ürəyin partlasa, dolları isladanda dilin qatlanıb ölsən, ailənə 20 min manat düşəcəkdir. Pulu sayanda barmağın qırılsa özünə 10 min düşür və sairə.
Yaxşı qanundur, artıq çoxlu sayda vətəndaşımız işdən çıxıb rüşvət vermək, onun faizi ilə yaşamaq fikrindədir. Və bu korrupsiya işlərini ölkəmizdə kim yaxşı bilir? Ay sağ ol: Ramiz Mehdiyev. Yanlış anlaşılmasın, Ramiz müəllim uzun illər məhz dövlət Antikorrupsiya komissiyasının sədri olmuşdur. Bir növ, korrupsiya komissarı adlandırmaq mümkündür. Ramiz müəllim korrupsiya sahəsi üzrə canlı ensiklopediyadır. Hazırda virtual ensiklopediya – villa dustağı olduğu üçün.
Belə şəxsiyyətin təcrübəsindən, həyat və yaradıcılığından istifadə etməsən, günah olar. Allah bilir o nələr bilir, onun biliklərindən faydalanıb nə qədər qazanmaq mümkündür...
İndi söz əlaqədar təşkilatlarındır.
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ