İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəl oğlan, ver yaylığı

Bu gün 9 oktyabrdır və indiki uşaqlar bilməz, 1998-ci ilədək bizdə Ordu günü məhz 9 oktyabr sayılırdı. İlk dəfə 1992-ci ilin 9 oktyabrında Azadlıq meydanında ordumuzun paradı keçirilmişdi. Deyəsən, bayram da elə buna görə idi. O paradı yaxın küçələrin birindən canlı izlədiyim yadıma gəlir. Müdafiə naziri Rəhim Qazıyev nəsə anekdota oxşar bir avtomobildə meydandan keçirdi, prezident Əbülfəz Elçibəyə əsgər salamı verərək. Sonra helikopterdən paraşütlə tullanan əsgərlərdən biri bulvardakı ağacın üstündə ilişib qalmışdı. Axşama yaxın ağacı kəsib gənci aşağı düşürdülər (bunu zarafat edirəm, bəlkə də əsgər indiyəcən ordadır).

Sözümün canı odur ki, 90-cı illəri çox tənqid edirlər, bununla mən də razıyam, əməllicə zibilə düşmüşdük, ancaq həyatımız da maraqlı idi. Əyləncəli idi. Məsələn, həmin paradı indi mən xəyalımda, təsəvvürümdə canlandıranda zənn edirəm ki, hardasa elə bil Fellininin, Kusturisanın filmini izləyirəm, ya da Bosxun, Dalinin, Maqrittin tablosuna baxıram.

Əlbəttə, çağdaş dövrümüzdə də sürreal hadisələr olur, bəlkə indiki gənclər də 30 il sonra bunları xatırlayıb qımışacaqlar. Təki sağlıq olsun. Təki xalqımız daim var olsun. İsa Qəmbər demişkən, “Tanrı Azərbaycanımızı qorusun”.

Misal üçün, Beyləqanda “Texnologiya” müəllimi şagirdlərə yemək hazırlamaq öyrədirmiş, sonra uşaqlar həmin “hamburgeri” yeyiblər, 14 nəfər zəhərlənib. Deyəsən, zəhərlənənlər içərisində müəllimin özü yoxdur. Əcəb dərsdir. Əslində tam həyat dərsidir.

Lakin bu vəziyyətə təkcə əldəqayırma hamburger kontekstindən yanaşmaq səhv olardı. Allah-təalanın qəzəbinə də gələ bilərik, çünki son günlər təhsil sistemində hicabın qadağan edilməsi barədə şayiələr dolaşır. Yoxsa ard-arda bir neçə məktəbdə kütləvi zəhərlənmə hadisələri təsadüfidirmi? Niyə Beyləqanda 7 qız və 7 oğlan – bərabər sayda zəhərlənib? Bunlar hamısı işarədir.

Hökumətin bu hicab temasını yenidən niyə qabartmağı da, açığı, mənə çatmır, çünki çoxdan idi bu söhbət bağlanmışdı. Kim istəsə məktəbə başıbağlı gəlirdi. Dost və qardaş Türkiyənin təcrübəsi də göstərib ki, hicab qadağasını qaldırmaq lazımdır. Məsələn, orda bunu edəndən sonra xalq arasında dinsizlərin sayı artıb – xalq əsl dinin nə məna verdiyini 25 ildə əməllicə başa düşüb.

Mövzudan uzaqlaşmaq kimi çıxmasın, üstəlik, bu tema bizim xalq folklorunda öz əksini misilsiz formada tapıb. “Yaylıq” xalq mahnısında! Bəli. Yadınıza salıram, orda əvvəlcə qız yaylığını axtarır, deyir, anamdan bir yaylıq aldım, heç bilmirəm harda saldım, gözəl oğlan, ver yaylığı. Əks halda yaylıq salar ayrılığı!

Fantastikadır. Yəni deyir, hicab teması xalq-hökumət məhəbbətinə ziddir. Oğlan isə əvvəlcə boynundan atır, deyir, sənə kim deyib (İran, yoxsa Türkiyə? – Z.H.) yaylıq məndədir, yaxşı bax, bəlkə çəmənliyə düşüb. Sitat: “Yaylığını tanı, ay qız, Məndə yaylıq hanı, ay qız? Kim deyir, yaylıq məndədir? Bəlkə qalıb, çəməndədir, ay gözəl, Gəl axtar, tap yaylığını”. Sitatın sonu.

Həqiqətən, son illər Bakımızda çoxlu müasir parklar, qazonlar salınmışdır. Uzun sözün qısası, vəziyyət bu məqama çatanda qız oğlanı kələkbaz adlandırır, ondan incidiyini açıqlayır və hətta məcbur olur inzibati tədbirlərə əl atsın: “Gəlməsə yaylıq qarşıma, Xəbər verrəm qardaşıma” (İran, yoxsa Türkiyə? – Z.H.)

Məhz bundan sonra oğlan yaylığı verir qıza, əlhəmdüllah, vəziyyət sabitləşir, gedirlər “Texnologiya” dərsində at dönəri hazırlanmasını öyrənməyə. Onsuz hamımız yeyib, içib, yerə keçəcəyik, gəlin mehriban olaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR