İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin İrana kömək edəcək, amma necə?

Rusiya prezidenti Vladimir Putin Türkmənistanda həmkarı Məsud Pezeşkianla görüşdə İrana kömək etmək üçün əlindən gələni etməyə hazır olduğunu deyib. Putinin açıqlaması bu dəstəyin hansı formada və hansı həddə mümkün ola biləcəyi sualını gündəmə gətirir. Xüsusən də Ukrayna ilə müharibəyə böyük resurslar sərf edən Rusiyanın İrana hərbi və maliyyə yardımı göstərmək imkanları məhdud görünür.

Belə bir şəraitdə Moskva və Pekin İrana nə dərəcədə dəstək verə bilər və bu əməkdaşlıq regiondakı qüvvələr balansına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloqun fikrincə, Moskva Ukrayna ilə müharibəyə ciddi resurslar sərf etdiyindən Tehrana maliyyə ayırmaqda maraqlı deyil. Hərbi texnikanın İrana göndərilməsi isə Rusiya üçün əlavə risklər yarada bilər:

"Hazırda əsas sual budur: Rusiyanın kömək üçün hansı imkanları var? Resurslarını Ukrayna ilə müharibəyə xərcləyən Rusiya İrana hansı köməklikləri edə bilər? Rusiya İrana maliyyə ayırmaz, çünki özünün müharibə aparmaq üçün maliyyəyə ehtiyacı var. Rusiyanın İrana hərbi texnika göndərməsinin də riskləri var. ABŞ və İsrail kəşfiyyatı hərbi texnikanın İrana çatdırılması qənaətinə gəlsələr, bu ölkənin logistik mərkəzlərinə zərbələr endirə bilərlər. Qərb mənbələri Rusiyanın peyk görüntülərini İranla bölüşdüyünə dair məlumatlar yaymışdılar. İranın məhz bunun sayəsində ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarına ünvanlı zərbələrinin mümkün olduğu bildirilmişdi. Çinin də İrana peyk görüntüləri göndərdiyi barədə məlumatlar var idi. Ancaq ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Çin lideri Si Cinpinlə sonuncu görüşdə Pekini Tehrana hərbi dəstəkdən vaz keçməyə inandırmağa çalışıb. Trampın buna nail olduğunu söyləmək çətindir. Çünki Kreml kimi Pekin də İrandakı rejimin çökməsinə qarşıdır".

Elxan Şahinoğlu hesab edir ki, Rusiya və Çin liderləri ABŞ-nin İrana təzyiq siyasətini dəstəkləməsələr də, Vaşinqtonla dialoqu davam etdirməyə çalışırlar:

"Təsadüfi deyil ki, Rusiya, ABŞ və Çin liderlərinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində üçtərəfli görüşünün keçirilməsi gündəmdədir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə bir görüş ideyası artıq uzun müddətdir müzakirə olunur. Uşakov qeyd edib ki, APEC sammitinin ev sahibi Çin olduğundan, sammit çərçivəsində liderlərin ikitərəfli və üçtərəfli təmasları üçün imkan yarana bilər. Üçtərəfli görüşdən real nəticənin əldə olunacağını söyləmək çətindir. Moskva ilə Pekinin məqsədi çoxqütblü dünya formalaşdırmaqdır. Bu yolda əsas maneə ABŞ-dir. Belədirsə, üçlük arasında tərəfdaşlığın formalaşacağı ehtimalı azdır. Çünki Vaşinqton çoxqütblü dünyaya müqavimət göstərir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR