İnsanlara hürriyət, millətlərə istiqlal!

Vacib işin pis adı - “işverənlik”, “üzəduranlıq”...

Təxminən 8-9 il öncəydi, redaksiyadakı iş otağımızda oturub odan-burdan göft-gu edirdik.

Aarada söhbət ictimai nəqliyyatdan, bərk sürən, qəza şəraiti yaradan avtobus sürücülərindən düşdü. Gənc həmkarlarımızdan biri bu günlərdə başına gəlmiş əhvalatı danışdı, dedi ki, o gün işdən evə gedəndə mindiyi avtobusun sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozurmuş həm də irad bildirən sərnişinlərlə qaba danışırmış, bu da avtobusdan enən kimi nəqliyyat işlərinə baxan şəhər idarəsinə zəng edib, şikayətlənib. Bu gün işə gələndə isə ona idarədən zəng ediblər ki, artıq sürücünü tapıb cəzalandırmışıq, şirkətə də ciddi xəbərdarlıq etmişik.

Biz dərhal dedik, düz eləmisən, olası bir qəzadan günahsız insanları qurtarmısan. Onun hərəkətini təqdir etdik, sonra söhbət yüngülvarı şəkildə zarafat səmtinə, türkün sözü, kaydı, dedik, amma bunu vərdişə çevirmə, məsələn, bu gün işdən gedəndə yolda-rizdə nəsə bir neqativ hal görsən, dərhal aidiyyatı təşkilatlara müraciət etmə. “Adın çıxar” dedik, ta dərinə getmədik, adının nədə çıxacağının adını demədik.

Sovet dövrünün axır illərində yuxarı sinif şagirdi olmuş başqa bir həmkarımız həvəsə gəldi, danışdı ki, o da SSRİ dağılmamışdan 1-2 il qabaq məktəbin bufetçisindən AzTV-də yeni açılmış “Ticarətdə qayda yaratmaq hamının işidir” verilişinə şikayət edib, ertəsi gün, əlaqədar orqanların (milis, prokurorluq, sosialist əməyəini dağıdanlarla mübarizə aparanlar) işçiləri məktəbə gəlib bufetçini yoxlayıblar, dolaşdırıblar, işdən çıxarıblar, hələ bir xeyli pulunu da alıblar.

Bu yerdə təqdiretmə prosedurunun axarı dəyişdi, yarızarafat-yarıciddi dedik, sən düz eləməmisən, cəmi 10 qəpiklik bir “yeyinti”yə görə işverənlik, mərdiməzarlıq eləmisən. Xoşbəxtlikdən, əhvalatı nəql edən həmkarımız yumora açıq adam idi, cırnamadı, dedi, bu kimi işverənliklər olmasa cəmiyyət qabağa getməz, dövlətçilik inkişaf etməz, hərki-hərkilik olar, tamahkar adamlar xalqı soyar.

Baxdıq ki, adam xeyli dərəcədə haqlıdır, həm də işverənliyin ideoloji əsaslarını tutarlı şəkildə tərtib edə bilir.

Hazırda hökumət xalqa təklif edir ki, korrupsiya hüquqpozmaları haqda aidiyyatı qurumlara xəbər verərək, həm pul qazanmaq olar, həm də vergidən yayınanların, dövlətin büdcəsini, xalqın cibini soyanları böyük ölçüdə cilovlamaq.

Amma yerlərdə, kollektivlərdə bu işə münasibət necədir? Deyirlər, yox e, biz işverənlik edə bilmərik.

Bu rəyin haradan qaynaqlandığını bilmək çətin deyil. Biri odur ki, aşağı-yuxarı, hamı bir yerdən dolanır. Yəni korrupsiya qazanına çömçə, qaşıq, qəmiş uzadanlar, korrupsioner qohumunun, tanışının, dostunun, yerlisinin, keçmiş əsgər, tələbə, iş yoldaşının imkanlarından bəhrələnənlər çoxdur. Onlar heç də korrupsiyanın mövcudluğundan narazı deyillər, əksinə, ona daha yaxın olmaq, daha çox pay götürmək arzusu ilə alışıb-yanırlar.

İkincisi, bir xeyli adam da düşünür ki, bu, korrupsioneri ifşa edərək, 3-5 manat pul qazanacaq, amma onu yaxalayanlar yazığın dərisini soyacaqlar, 30 mindən 3 milyona (şərti olaraq) qədər “haqq” alaraq özləri daha böyük korrupsionerə çevriləcəklər. Yəni kimlərsə məktəb bufetçilərinin pulunu alıb yeyəcəklər və dəyirman öz bildiyi kimi işləyəcək.

Hərçənd 3-5 manata görə bu işi görənlər onsuz da tapılacaqlar. Onlar aramızdadır və həm işsiz deyillər, həm də öz imkanlarını reallaşdırmaq üçün yeni-yeni platformalar axtarırlar.

Məsələn, “hal şahidi” deyilən bir daimi iş növü var. Kriminaldan, məhkəmələrdən yazan əməkdaşımız danışırdı ki, bir dəfə məhkəmə prosesi zamanı hal şahidi hakimi tələsdirdi, dedi, onun ifadəsi tez dinlənilsin, çünki 1 saatdan sonra başqa məhkəmədə də hal şahididir, oraya çatmalıdır.

Bəli, adam sırf bu işlə məşğuldur, növbətçi hal şahididir, bölmə-bölmə, məhkəmə-məhkəmə gəzir, ictimai asayişin keşiyində durur, kriminal ünsürlərin cəmiyyətdən təcrid olunması işinə töhfə verir, 3-5 manat da pul qazanır. Onun əməyinin həm ideoloji, həm də maddi əsasları var, amma baxaq, görək, xalqımız bu cür vacib peşə adamlarına lazımi dərəcədə hörmət edirmi? Etmır, orda-burda onların dalınca danışırlar, adlarına “üzəduran” deyirlər. Halbuki adam üzə durmasa, azadlıqda gəzən kriminal ünsür gəlib bir gün o “işverən”lərə rişxənd edən adamların üzünə “şram” atar, evlərindən oğurluq edər, qaranlıqda qabaqlarını kəsib ciblərini soyar, nə bilim, etibarlarından sui-istifadə edər və s.

Demək, təkcə ticarətdə yox, xidmətdə də, hər cür fəaliyyətdə də qayda-qanun yaratmaq hamının işidir.

İntəhası, nə edəsən, adı pisdir. Heç kim istəmir ki, qonum-qonşu onu “işverən” kimi tanısın. Məhəllədə haqq-ədalət davası etmək, “bu elə olmalıdır, o belə olmamalıdır” deyə klassik sovet demaqogiyası sərgiləmək yayğındır, amma iş konkret neqativ haldan və düz işləməyən antipoddan şikayətə gələndə “tələbkar”lar deyirlər, mənim adım olmasın, kimsə başqa adam qabağa düşsün.

Adamın yadına əkinə-biçinə zərər verən fildən padşaha şikayət etməyə gedənlərin lətifəsi düşür. Molla şikayətçiləri yığıb padşahın sarayına şikayətə gedir, çatanda baxır, görür, yanında heç kəs qalmayıb, hərə bir bəhanə ilə aradan çıxıb. Molla da padşaha deyir ki, o fildən birini də göndər, o birisi tək darıxır.

İndi onun sözü olmasın, hələ qorxasan, tərsinə ola, korrupsionerlərdən şikayət edənlərin özlərini “böhtançı” kimi sənədləşdirib içəri basalar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR