Onlayn ictimai-siyasi qəzet
Zamin Hacı
Bakı şəhrinə son 20 ildə 200 milyard manat sərmayə qoyulmağı söhbəti nədənsə uzana-uzana gedir. Yəqin söhbətin elə uzaqda açılmağı ilə bağlıdır, çünki bunu şəhərimizin müdiri uzaq Özbəkistan diyarında, hansısa hökumətlərarası tədbirdə səsləndirmişdi.
Böyük ehtimalla həmin faktı söyləməklə paytaxtımızın necə cəlbedici mühitinin olduğunu vurğulamaq istəmişdi. Ki, siz də gəlin, pul qoyun, iş görün, qaz vurun, qazan doldurun. Ancaq həmişəki kimi, iş qaldı qıraqda, hamı qeybət edir.
Əsasən uca xalqımız gileylənir, deyirlər əgər 200 milyard qoyulubsa, paytaxtda niyə yenə tıxacda zülüm çəkirik? Həqiqətən, Bakının tıxacları əməllicə zəhlətökən olmuşdur. Camaat tıxac əlindən hətta maşından düşüb oynamağa başlamışdır, belə xəbər var idi, rəqqasə Renka adlı sənətçimiz yolda rəqs edirmiş. İnşallah, ona əməkdar tıxac rəqqası adı verilər.
Bir qisim insanlar, xüsusilə rayon camaatı isə deyir ki, o 200 milyardın 1-2 milyardını da bizim rayona qoysaydınız, pismi olardı? Qalıb rayonda işləyərdik, hamımız Abşerona yığışmazdıq və sairə.
Uzun sözün qısası, müzakirələr davam edir. Ən son bir sayın deputatımızın çıxışını gördüm, deyir camaat səhv başa düşüb, o rəqəm Bakının büdcəsindən xərclənməyib. Sitat: “Müxtəlif mənbələr hesabına şəhərə yatırılmış investisiyaları əhatə edən ümumi statistik göstəricidən söhbət gedir. Bu göstəriciyə yerli və xarici özəl şirkətlərin vəsaitləri, sahibkarların yatırımları, yaşayış binalarının və komplekslərinin, biznes və ticarət mərkəzlərinin, mehmanxanaların, zavod və fabriklərin, istehsal müəssisələrinin, eləcə də nəqliyyat, kommunal və digər infrastruktur obyektlərinin tikintisinə və inkişafına yönəldilən investisiyalar daxildir”. Sitatın sonu.
Açığı, müəyyən qədər bir afyorizmi, müdrik fikri xatırladır: “Dedin – inandım, təkrarladın – şübhələndim, and içdin – bildim yalan danışırsan”. Bu cür izahata nə ehtiyac var ki? Xalq donquldanıb sakitləşəcəkdi. Hələ biz Bakının indiki müdirinə müəyyən dərəcədə şükür edirik, çünki qabaq Hacıbala adlı biri var idi, paytaxtın məsrəfləri, remonta-zada xərclər barədə sual veriləndə deyərdi ki, sizin mənim cibimlə nə işiniz var.
Başqa yöndən, deputatın izahatından belə başa düşdüm ki, mənim son 20 ildə hamam-tualetin remontuna xərclədiyim pullar da hardasa həmin 200 milyard investisiyanın içində gedirmiş. Təşəkkür. Özümü xeyli bazburutlu hiss elədim.
Ümumiyyətlə, lap dərinə gedəndə Bakının büdcəsi barədə hər hansı məlumatımız olmur. Çünki hesabat verəcək orqan yoxdur – paytaxtımız bütün Avropada, bəlkə dünyada yeganə paytaxt şəhəridir ki, onun nə bələdiyyəsi var, nə meri.
Bu yaxında xəbər çıxmışdı, deyir Laçında şəhərin adını hazırlayıb qoyacaqlar, hər hərf 100 min manata başa gəlirmiş. 5 hərf, yəni 500 min. Artıq xərcdirmi? Yox. Qoy o hərflər dünyanın hər yerindən görünsün, bizi istəməyən “həriflərin” gözü çıxsın. Yalnız bir məsələyə şükür eləməliyik ki, vaxtilə nə yaxşı ermənilər Sabirabada qədər gəlib çıxmamışdır (sarsaqların belə planları var idi), yoxsa şəhərin adını yazmağa təmiz 1 milyonumuz gedəcəkdi. (Yəqin axırda nida işarəsi-filan qoyular, onu da hesabladım. Yaxşı yadıma düşdü, bir dəfə kimsə Eyfel qülləsinin üzərində “Sabirabad” yazısının fotosunu çəkmişdi. Şöhrətimiz bütün diyarlara yayılmışdır).
Sözü ona gətirirəm ki, hər şeyi dövlətdən gözləmək lazım deyil. Dövlətin onsuz xərci başından aşır. Odur, Qarabağa qayıdanlar toyuq hininə investisiyanı da dövlət büdcəsindən umurmuş. Guya sonra o toyuq yumurtlayanda 1-2 ədədini Dövlət Yumurta Fonduna keçirəcək. Hökumət xalqı pis öyrəşdirib, günah özündədir. Yüngülvari azadlıq vermək lazımdır, qoy gedib başlarının çarəsinə baxsınlar.
Çünki bunun axırı yaxşı yerə getmir. Kərbəlayinin sözü olmasın, sabah da deyəcəklər gəl toyuğun tükünü yol, pətənəyini təmizlə, bişirək...
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ