İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda “Azərbaycandan gəlmişik” dedik, cavab bizi kövrəltdi: “Azad Qarabağ!”

Zaman təsadüflərdə ilişib qalmır. Sadəcə insan beyninin formalaşdıra bilmədiyi planları reallığa çevirir.

Bu reallıqlar arasında bu gün genişlənməkdə olan Türk ailəsi də var.

Beləliklə, bir qrup media nümayəndəsilə qardaş Özbəkistana səfər etdik. Qayıtdıqdan sonra təəssüratlarımı  yazıya çevirmək üçün bir neçə gün gözlədim. Bu arada,  yaddaşım da tam gücü ilə təzələndi. Düşünürəm ki, indi təəssüratları təqdim etməyin  tam zamanıdır.

NAMİDD.jpeg (378 KB)

Xüsusən də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra...

İstiliyin gətirdiyi doğmalıq

Paytaxt Daşkənd bütün mənalarda bizi isti qarşıladı. Havanın temperaturunun 40 dərəcəyə yaxın olmasına baxmayaraq, əbədi dostluq və qardaşlığın gətirdiyi istilik birliyimizin rəmzini nümayiş etdirirdi. 

Siyasi platformalarda möhkəmlənən güc birliyi, xalqların gözlərində və dodaqlarında aydın görünür. İstiliyin doğmalığın bir forması da budur. Məhz buna görə də mənim üçün bu səfərin ən böyük təəssüratı insanlarla bağlı  idi.

Bizi birləşdirən dəyərləri bir arada görmək o qədər xoşdur ki...

Yanılmıramsa, son illərdə Avropanın soyuqluğunu həm də insanların simasında görmək olur. Bu da bizə xoşbəxtliyimizi daha dərindən hiss  və şükür etməyə imkan verir. Çünki Avropadan fərqli olaraq Mərkəzi Asiya  ilə münasibətlərdə bir doğmalıq var. Bəlkə də bunun adı eyni tarix, eyni dil və eyni yaddaşdır.

Sənin dilinə yaxın bir dildə danışırlar. Küçədə, mağazada, restoranda.... Məkanın fərqi yoxdur. Eşitdiyin sözlərin çoxu sənə yad gəlmir. Qarşına çıxan yazı lövhələrini oxuyanda da qəribə bir hiss keçirirsən. Başqa ölkədəsən, amma gördüklərinin bir hissəsini öz dilində oxuya və anlaya bilirsən.

Bunun adı həm də doğmalıq hissidir.

Bəzən insan qarşısındakının ona münasibətini kəlmə kəsmədən öncə  hiss edir. Soyuq münasibət saxta  gülüş, yalançı  baxış.....Sözsüz də anlamaq olur.

Uzun sözün qısası, qardaş Özbəkistanda  səmimiyyətin süni olmadığını hiss etdik.

Bu əsnada, düşünürəm ki, Ortaq türk əlifbasına mütləq ehtiyac var.

2020-ci il tarixi  Zəfərimizdən sonra türk dünyasının qarşısında açılan imkanları yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşdırmaq olmaz. Bizim bir-birimizi daha asan anlamamız üçün dil və əlifba məsələsi də mühüm addımlardan biridir.

Əgər sənin dilində danışıramsa, məni anlayırsansa, sözlərimiz bir-birinə yaxındırsa, niyə bunu daha da möhkəmləndirməyək?

Niyə ortaq əlifba bizi bir-birimizə daha da yaxınlaşdırmasın? Ümid edirəm ki, ortaq türk əlifbası ilə bağlı istəklərimizin gerçəkləşməsi uzaqda deyil.

Daşkənd qatarında Qarabağ sevgisi

Səfərimizin növbəti günlərinin birində Daşkənddən Səmərqəndə sürət qatarı ilə getdik.

Pəncərənin o tərəfində  dəyişən sadəcə mənzərə idi. Qatarın sürəti artdıqca şəhər arxada qalır, düzənliklər, kəndlər, yollar görünürdü.

NAMİDE SON.jpeg (434 KB)

Qatarda sanki Azərbaycan Özbəkistan arasındakı məsafə də azalırdı.

Və əlbəttə ki, məsafənin azalmasında yenə də qardaşlıq amili rol oynayır. Söhbət əsnasında qatar bələdçisi gəldiyimiz ünvanı soruşdu.  “Azərbaycandan gəlmişik”- dedik. Cavab isə möhtəşəm oldu. “Qarabağ.... Qarabağ çox yaxşı oynayır. Qarabağın azarkeşiyəm”.

Onun gözləri gülürdü, mənim isə nitqim quruyurdu. İkimizi də sevgi və qardaşlıq birləşdirirdi.

Qardaşlığın daha bir nümunəsini qatardan düşəndə yaşadıq. Özbəkistan milli musiqi ansamblı "biz mehriban ailəyik" ifa edirdi.

Budur doğmalıq. Özbək qardaşlarımız "biz mehriban ailəyik" musiqisi  ilə  həm də güc və birlik  mesajı verirdilər.

Səmərqənd...dini dəyərlərimiz

Eyni tarix, eyni dil eyni ənənə.... Səmərqənddə İmam Əli Buxarinin mədrəsəsini ziyarət etdik. Məzarı olan guşədə Quran oxunurdu. Özbəkistanla Azərbaycanı həm də dini dəyərlər birləşdirir axı.

Bizi birləşdirən dini dəyərlərimizə hörmət əlaməti olaraq müqəddəs Quran ayələrindən hissələri dinlədik.

Quran sədaları altında ruhumuz da dincəlirdi.

Bir sözlə, hər daşı tarix olan bu torpaqlarda türk gücü dalğalanır.

Qarabağ-artıq vizit kartımıza çevrilib

Müşahidələrimə söykənib bir haşiyə çıxmaq istəyirəm.

Uzun illər xaricdə ölkəmizi  daha çox Bakı ilə tanıyıblar. Bakı hər zaman Azərbaycanın vizit kartı olub. Heç şübhəsiz ki, bu, bu gün də belədir. İndi isə bu tanınma xəritəsinə Qarabağ da əlavə olunub.

Qarabağ artıq yalnız bir coğrafiyanın adı deyil.

O, Azərbaycanın tarixinin, mübarizəsinin, Zəfərinin və bu gününün simvollarından biridir.

Və ən maraqlısı odur ki, bu ad artıq yalnız siyasi kuluarlarda səslənmir.

NAMİD EN SON.jpeg (585 KB)

Artıq səfər etdiyimiz ölkələrdə insanların dilində səslənir.

Növbəti dəfə Qarabağın adını eşitdim. Səmərqənddən Daşkəndə qayıdanda.... Daşkənd küçələrində çəkiliş apardığımızı görüb xoş təbəssümlə bizə yaxınlaşan özbək qardaşımız haradan gəldiyimizi xəbər aldı. “Azərbaycan” deyəndə, “oooo azad Qarabağ” kəlməsi ruhumuzu isitdi.

Açığı, mənim üçün Özbəkistanda bunun xüsusi mənası vardı.

Bir xalqın yaşadığı ağrı başqa bir xalqın yaddaşında da iz buraxa bilirmiş.

Bir xalqın Zəfəri başqa bir xalqda da sevinc yarada bilirmiş

Qarabağın adı çəkiləndə bunu hiss etməmək qeyri-mümkündür.

Ağrının sevincə doğru addımladığı qardaşlıq.

Üstəlik, bər-bəzəksiz.

Təbii şəkildə.

Və sonda bizi birləşdirən Türk ailəsidir. Bu ailənin ən gözəl tərəfi də odur ki, Azərbaycan və Özbəkistan xalqları bir-birini uzaqdan tanımır. Biz həm də bir-birimizi yaddaşımızdan tanıyırıq.

WhatsApp Image 2026-08-28 at 12.49.18.jpeg (317 KB)

Prezident İlham Əliyev 2024-cü il iyulun 6-da TDT-nin dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı demişdi. “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. İşartılar göz önündədir.

Zaman isə bütün mənalarda Türk dünyasının xeyrinə işləyir

NAMİD.jpeg (1.78 MB)

Namidə Bingöl,
Real TV-nin aparıcısı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR