İnsanlara hürriyət, millətlərə istiqlal!

80 yaşlı üç sənətkarın bənzər həyatı – Xose, Fərrux və Polad...

İndi guya bilmədik ki, korifey sənətkarımız Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Rəşid sosial şəbəkədə öz həyat yoldaşı Kamil Şahverdinin fotosunu nə məqsədlə paylaşıb, bunu etməklə kimin bostanına ballistik raket atıb? He-he-he... Bildik, bildik.

Bilməyənlər üçün sənətçi xanımın statusundan iqtibas edək: “Bu, mənim həyat yoldaşımdır. Hansı ki, bütün ömrü boyu mənimlədir. Mənim dayağım. O, heç vaxt titul dalınca qaçmayıb, heç kimin qarşısında yaltaqlanmayıb. Əvəzində onun mənəvi və intellektual potensialı mükafatlarla bəzədilmiş insanlarınkından müqayisəolunmaz dərəcədə yüksəkdir”.

Burada açar ifadə “mükafatlarla bəzədilmiş insanlar”dır və son günlər onlardan hansının ölkənin ictimai-siyasi gündəmində olduğunu, adının dillərdə gəzdiyini bilirsiniz.

Gerçəkdən də keçmiş nazir, eks-səfir, hazırkı deputatımız Polad Bülbüloğlunun öz şəxsi həyatındakı məhrəm yeniliklərlə dilə-ağıza düşməsi yaxşı olmadı, istər obyektiv səbəblərdən, istərsə də sırf subyektiv nədənlə onun adı isimin bütün hallarında çəkildi, hər cür fellərə mübtəda oldu, hər sifətə salındı. Çox xoşagəlməz mənzərəydi və buna rəvac verən də yarıbayarı sənətkar özüydü.

Bu günlərdə Polad müəllimlə yamyaşıd olan iki dünya ulduzunu 20-30 metrlikdən izləmək, dinləmək fürsətim oldu və onlara baxa-baxa öz 80 yaşlı sənətkarımızın vaqiəsi ağlımdan çıxmadı.

Həmin dünya ulduzlarından biri məşhur ispaniyalı tenor Xose Karreras, digəri özbək estrada ulduzu Fərrux Zakirov idi. Onları Daşkəndə bir konsertdə gördüm.

Xose Karreras 5 dekabr 1946-cı ildə İspaniyanın Barselona şəhərində doğulub, böyüyüb, katalon əsillidir və dünyanın ən məşhur üç opera müğənnisindən biridir.

Fərrux əkə isə 1946-cı ilin 16 aprelində Daşkənddə anadan olub. İndi kimsə deyə bilər ki, Fərruz dünya ulduzu deyil. Tanınma arealının o qədər də əhəmiyyəti yoxdur. Onun rəhbərlik etdiyi “Yalla” hələ 40 il öncədən bütün SSRİ məkanında, eləcə də sosialist düşərgəsi ölkələrində məşhur idi. Bəstəkar-müğənni-aktyor özü isə 39 il öncədən ölkəsinin xalq artisdir. Eyni zamanda o, Qazaxıstanın (1995), Qırğızıstanın (1995), Tacikistanın (2000), Azərbaycanın (2024), Qaraqalpaqıstanın (1993), İnquşetiyanın (2000), Tatarıstanın (2023) və Başqırdıstanın (2024) (birdən-birə 5 müstəqil ölkə və 3 muxtar respublika) “xalq artisti” titulunu daşıyır. Ta “ulduz” necə olur? Yaxşı olsun “dünyanın yarısını ulduzu”.

İndi baxaq, görək, bu iki şəxs, yəni Xose və Fərrux gündəmə nəylə, necə gəlirlər, geniş ictimaiyyət onların nəyindən danışır.

Siz bilirsinizmi Xose Karreras həyatında neçə dəfə evlənib-boşanıb?

Mən də bilmirdim. Amma bu haqq-hesabdan sonra öyrəndim. Heç demə, sinyor tenor 79,8 illik ömründə 2 dəfə evlənib-boşanıb: 1971-ci ildə evləndiyi Mersedes Peresdən 1992-ci ildə ayrılıb, 2006-cı ildə keçmiş avstriyalı stüardessa Jut Egerlə evlənib, 2011-ci ildə ondan da boşanıb. Hazırda X.K. şəhər kənarında təvazökar bir villada yaşayır, subaydır, ola bilər, bizim jarqonla desək, saxladığı var.

Ancaq Xose heç vaxt şəxsi həyatı ilə gündəmə gəlməyib. Elə katalon xalqı, Barselona ictimaiyyəti də tenorun kimlə gəzdiyini, kimlə oturub-durduğunu ictimai müzakirəyə çıxarmır.

Fərrux əmi də bu xüsusda farağat adam deyil. O, birinci dəfə "Yalla"nın solisti Nərgiz Bayxanova ilə evlənib, sonra gedib rus əsilli Annanı alıb (1986-cı ildə). Hazırda Fərruxun 80, Annanın 69 yaşı var.

Özü də F.Zakirovla P.Bülbüloğlunun oxşar cəhərləri çoxdur. İkisi də sovet dövründə parlayıb. İkisi də həm bəstəkar, həm müğənni kimi şöhrət qazanıb. Hər ikisi filmə çəkilib, aktyorluq edib. Həm Bülbüloğlu, həm də Zakirov öz ölkəsinin mədəniyyət naziri olub.

Göründüyü kimi, tək bizdə deyil, dünyanın çox yerində məşhur sənətkarlar ən azı iki dəfə evlənirlər (bunu üç, dörd, beş dəfə edənlər də olur və bir qələtlə kifayətlənən çox azdır).

Ancaq niyə bizimkilərin şəxsi həyatları ilə bağlı ajiotaj qopur, dəqiq bilinmir. Bunun bir çox səbəbləri ola bilər. Amma qısaca deyək ki, nə sənətkarlarımız “iki mədəni insan kimi” evlənib-boşana bilirlər, nə də milli qeybətkeşlərimiz dedi-qodu söhbətlərini boş buraxırlar.

Ona görə xoşagəlməz durumlar yaranır, qanqaraçılıq olur, əvvəlcə evlənib-boşanma aktını qınayanlar, daha sonra qınaqçıların özlərini qınayanlar dəstəsi ortaya çıxır. Lap axırda isə qınayanları qınayanların qınaqçıları meydana atılır və plov torta, tort keksə, keks “Ezogəlin” şorbasına qarışır, nəticədə horra əmələ gəlir.

**

Dünya köhnə dünyadır, dilə-dişə düşən “ulduzlar”ı təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR