Onlayn ictimai-siyasi qəzet
Bəziləri var-dövləti və bahalı məclislərdə qazandıqları pulu mənəvi nüfuzla səhv salırlar
Son günlər baş verən məlum hadisələrin fonunda bəzi “xalq məsləhətçiləri”nin fəallığı diqqət çəkdi. Bəli, hər kəsin ölkədə baş verən hadisələrə münasibət bildirmək hüququ var. Amma söhbət, məsələn, hicab və dini dəyərlər kimi həssas ictimai məsələlərdən gedirsə, adam istər-istəməz düşünür: görəsən, bu məsləhətləri verənlər özləri hansı mənəvi meyarlarla yaşayırlar?

Millətə “ağıl” verən bəzilərinin keçmişinə dair “sərxoş videolar” hələ də köhnə telefon yaddaşlarında qalır. Sanki o sərxoş və bihuş keçmiş indi bahalı avtomobillərin qara şüşələri, dəbdəbəli evlərin hündür hasarları arxasında “görünməz” olub, üstəlik, bahalı bağların hovuzunda “təmizliyə çıxıb”. Elə bilirlər ki, həyat şəraiti dəyişəndə cəmiyyətin yaddaşı da “yuyulur”, var-dövlət artdıqca keçmişdəki davranışlar öz-özünə təmizlənir. Guya indi xalqa başörtüsü haqqında nəsihət verənlərin hansı yuvanın quşu olduğunu nə görən, nə eşidən, nə də xatırlayan var. Bəziləri yüksək dövlət təltifləri də alıb. Dövlətin sənət adamına verdiyi fəxri adın məsuliyyəti var. Amma bəziləri elə zənn edirlər ki, titullarındakı “xalq” və ya “əməkdar” ifadələri onlara cəmiyyətin, xüsusilə dini-mənəvi həyatının məsələləri barədə hökm vermək, qərar çıxarmaq və söz demək hüququ tanıyır. Sanki onlar hər şeyin meyarını müəyyənləşdirən, kimin necə yaşamalı olduğunu qərara alan xüsusi bir təbəqənin nümayəndələridir. Təəssüf ki, sənət cameəsində belə “nümunələr” də var.
Adamdan soruşarlar: hansı mənəvi üstünlüyünüzə, hansı ictimai xidmətinizə, hansı nümunəvi davranışınıza əsaslanaraq insanlara belə həssas məsələlərdə yol göstərirsiniz, “ağbirçəklik” edirsiniz?
Tanınmış olmaq, səhnəyə çıxmaq, efirdə görünmək, məclislərdə alqışlanmaq insana başqalarının həyat tərzini mühakimə etmək hüququ vermir. Bir insanın səsi gözəl ola bilər, sənəti sevilə bilər, qazancı yüksək ola bilər. Kimsə sənətinə görə çox qazanırsa, buna etirazımız yoxdur. Ancaq bəzi adamların qazandıqları pulun məbləğini öz ictimai çəkilərinin, hətta mənəvi üstünlüklərinin göstəricisi sayması ciddi yanılmadır. Pul sənətin qiymətini göstərə bilər, amma insanın mənəvi dəyərini müəyyənləşdirmir. Təəssüf ki, bəziləri bahalı məclislərdə qazandıqları şöhrəti ictimai məsələlərdə hökm vermək səlahiyyəti kimi qəbul edirlər. Fürsət yaranan kimi ortaya çıxır, insanlara nəyin doğru, nəyin yanlış olduğunu öyrətməyə başlayırlar. Halbuki cəmiyyətə məsləhət vermək istəyən insan ilk növbədə özünə baxmalı, öz davranışını və söylədiyi sözlərin məsuliyyətini dərk etməlidir.Azərbaycanın ictimai fikir tarixində həqiqi maarifçilər olub. Üzeyir Hacıbəyli musiqi və publisistika vasitəsilə cəhalətə, nadanlığa, köhnəlmiş düşüncə tərzinə qarşı mübarizə aparırdı. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” vasitəsilə xalqın gözünü açmağa çalışır, cəmiyyətin eyiblərini satira ilə göstərirdi. Ömər Faiq Nemanzadə maarifçiliyi, azad düşüncəni və ictimai məsuliyyəti müdafiə edirdi. Həsən bəy Zərdabi xalqın maariflənməsi üçün ömrünü sərf etmişdi. Mirzə Ələkbər Sabir isə satirik şeirləri ilə nadanlığın, ikiüzlülüyün və riyakarlığın üzərinə gedirdi.

Bu gün isə bəzən elə mənzərə yaranır ki, sanki sosial şəbəkədə bir neçə cümlə yazmaq, televiziyada görünmək, məşhur məclislərdə iştirak etmək insanı “xalqın mənəvi müəllimi”nə çevirir. Hamı məsləhət verir, hamı hökm çıxarır, hamı başqasının həyatını nizama salmağa çalışır. Amma bu məsləhətlərin arxasında hansı bilik, hansı həyat təcrübəsi, hansı mənəvi məsuliyyət dayanır? Məsələ də elə bundadır. Biz kiminsə ictimai statusuna görə çox danışmasını, kimlərinsə susmasını tələb etmirik. Əksinə, ictimai məsələlərdə hər kəs danışsın, fikrini bildirsin, müzakirələrdə iştirak etsin. Ancaq danışmaq hüququ ilə mənəvi-dini mövzularda millətə yol göstərmək iddiasını qarışdırmayaq. Fikir bildirmək başqa şeydir, insanlara ağıl vermək tamam başqa.
Xüsusilə uşaqların, ailələrin, dini inancların və cəmiyyətin həssas məsələlərinin müzakirəsində söz demək daha böyük məsuliyyət tələb edir. Belə mövzularda düşünmədən danışmaq, insanları qruplara bölmək, kiminsə həyat tərzini aşağılayaraq özünü ağıllı göstərmək nə maarifçilikdir, nə də ictimai xidmət. Xalqın həqiqi məsləhətçiləri onun dərdini anlayan, ağrısını bölüşən, haqqı müdafiə edən, sözünün məsuliyyətini daşıyan insanlardır. Onlar hər fürsətdə ortaya çıxıb özlərini göstərməyə çalışmırlar. Nüfuzlarını səs-küylə deyil, əməlləri ilə qazanırlar.
Ona görə də hələlik yalnız bir tövsiyəmiz var: xalqa məsləhət verməzdən əvvəl bir anlıq özümüzə də nəzər salaq.
Nazim Sabiroğlu
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ