Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Azərbaycan arasında sülh prosesinin davam etdiyi bir vaxtda İrəvanın ABŞ-də fəaliyyət göstərən “Save Armenia” təşkilatının nümayəndələri ilə təması diqqət çəkir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın təşkilatın nümayəndələrini qəbul etməsi İrəvanın diaspor təşkilatları ilə münasibətlərini yenidən gündəmə gətirib. “Save Armenia” özünü dünyanın ən qədim xristian xalqının müdafiəsinə həsr olunmuş xristianlar, yəhudilər və mühafizəkarların alyansı kimi təqdim edir. Təşkilatın Konqres üzvləri ilə görüşlər keçirməsi və Azərbaycana münasibətdə siyasi mövqeyi xüsusi diqqət doğurur. Erməni əsilli amerikalı iş adamı Ceyms Tufenkianın rəhbərlik etdiyi təşkilat ABŞ-dakı erməni lobbisinin digər strukturları ilə də əlaqələr qurur.

Onlardan biri olan Erməni Milli Komitəsi — ANCA uzun müddətdir Konqresdə Azərbaycana qarşı siyasi təşəbbüsləri dəstəkləyir və ABŞ-nin Azərbaycana dövlət yardımına məhdudiyyətlər nəzərdə tutan 907-ci düzəlişin qüvvədə saxlanmasına çalışır. “Save Armenia” nın fəaliyyəti ilə bağlı digər diqqətçəkən məqam dini amilin siyasi mübarizədə istifadəsidir. Təşkilat Ermənistanı xristianlığın müdafiəsi kontekstində təqdim edir, Azərbaycanın ünvanına səsləndirilən ittihamların ABŞ-də yayılmasına çalışan dairələrlə əməkdaşlıq edir. Bu yanaşma mürəkkəb siyasi və tarixi münaqişənin dini qarşıdurma kimi təqdim olunması riskini yaradır.
Halbuki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün əsas məsələ dini kimlik deyil, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, qarşılıqlı öhdəliklər və davamlı sülhün təmin edilməsidir.
2025-ci ilin iyulunda dərc edilmiş, dini təşkilatların geosiyasi proseslərə təsirini araşdıran materialda “Save Armenia” nümayəndəsi Den Harrenin mövqeyinə istinad olunur. Həmin materialda təşkilatın ABŞ administrasiyasından Ermənistanı Azərbaycanla münaqişədə dəstəkləməyi və Bakıda saxlanılan erməni məhbusların geri qaytarılmasına kömək etməyi istədiyi bildirilir. Bu nümunə təşkilatın fəaliyyətinin yalnız dini və humanitar məsələlərlə məhdudlaşmadığını, ABŞ-nin xarici siyasətinə təsir göstərməyə yönəldiyini göstərir.
Azərbaycan baxımından əsas məsələ ABŞ-də Ermənistanın maraqlarını müdafiə edən təşkilatların mövcudluğu deyil. Hər bir ölkənin diasporu və ictimai təşkilatları öz mövqelərini ifadə etmək hüququna malikdir. Problem bu imkanlardan regiondakı tərəflərdən birinə qarşı birtərəfli təzyiq yaratmaq, sülh danışıqlarını mürəkkəbləşdirmək və qarşılıqlı etimadı zəiflətmək üçün istifadə edilməsi ehtimalıdır.
Bu kontekstdə Ermənistan hakimiyyətinin “Save Armenia” ilə görüşü siyasi suallar doğurur. İrəvan son illərdə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini bəyan edir. Eyni zamanda, ABŞ-də Azərbaycan əleyhinə mövqeləri ilə tanınan təşkilatlarla təmasların davam etməsi rəsmi bəyanatlarla siyasi əlaqələrin praktiki məzmunu arasında hansı münasibətin olduğunu araşdırmağı zəruri edir.
Ermənistan hakimiyyətinin ABŞ-də Azərbaycana qarşı lobbiçilik fəaliyyəti ilə tanınan “Save Armenia” təşkilatının nümayəndələri ilə görüşünü necə qiymətləndirmək olar və bu təmaslar İrəvanın sülh gündəliyinə nə dərəcədə uyğun gəlir?

Musavat.com-a bu təmasları şərh edən siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, bu təşkilatın siyasi mövqeyi ilə Ermənistan hökumətinin bəyan etdiyi sülh siyasəti arasında ziddiyyətlər var. “Çünki sözügedən təşkilatın bəyanatlarında Azərbaycan və Türkiyədən gələn təhlükələr barədə iddialar, Qarabağdan köçmüş ermənilərin hüquqları, saxlanılan ermənilərin azad edilməsi və mədəni irsin qorunması kimi mövzular davamlı ön plana çıxır. Bu əsassız yanaşmalar isə İrəvanın sülh gündəliyinə qətiyyən uyğun deyil. O baxımdan nəzəri olaraq demək mümkündür ki, Simonyanın keçirdiyi görüş Ermənistanın özünü sülhpərvər göstərmək cəhdi ilə üst-üstə düşmür", - siyasi şərhçi belə qeyd edib.
Lakin onun qənaəti budur ki, bu cür görüşlərlə erməni iqtidarı diasporla korlanan əlaqələri sahmana salmağa cəhd edə bilər: “Bildiyiniz kimi," Save Armenia” ABŞ-da fəaliyyət göstərir. Belə təşkilatlarla əlaqə Ermənistan üçün Vaşinqtonda siyasi dəstək, ictimai rəy və ikitərəfli münasibətlər üzrə dialoq kanallarını qorumaq vasitəsi ola bilər. Paşinyan da ötən il Vaşinqtonda məhz bu təşkilatın tədbirində iştirak edib.
O, çıxışında ABŞ-dakı tərəfdaşlardan Cənubi Qafqazda sülh gündəliyini dəstəkləmələrini istəmişdi. Sadəcə, görüşün məzmunu barədə ətraflı protokol dərc edilmədiyindən Simonyanın konkret hansı arqumentləri irəli sürdüyünü bilmirik. Ona görə də mənə belə gəlir ki, əsas risk rəsmi İrəvanın bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmağa çalışması, digər tərəfdən isə qarşılıqlı etimadı zəiflədə biləcək siyasi mövqe tutan belə qruplarla münasibətlər qurmasıdır".
Siyasi şərhçinin sözlərinə görə, əgər təşkilat Azərbaycanı daimi təhlükə kimi təqdim edən mövqelərini genişləndirərsə, qarşılıqlı etimadın qurulması çətinləşə bilər: “Digər tərəfdən, Ermənistan rəhbərliyinin belə təşkilatlarla açıq dialoq aparması onların mövqelərinə təsir göstərmək və onları sülh prosesinə cəlb etmək imkanı da yaradır. Sülhə qarşı çıxanlarla danışmaq mütləq sülhə qarşı çıxmaq deyil. Yəni onların mövqelərini dövlət siyasətinə çevirmək isə tamamilə başqa məsələdir. Hər halda, bu görüşlər və təşkilatlar Ermənistanın dövlət mövqeyinə təsir etməməlidir”.
Emil Salamoğlu
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ