İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvardan Müşfiqabada gedənlər DƏRD İÇİNDƏ: 114B niyə axşamlar yoxa çıxır?

Paytaxt sakinlərinin ictimai nəqliyyatla bağlı narazılığı səngimək bilmir. Bu dəfə şikayət ünvanı “20 Yanvar” metrostansiyası ilə Müşfiqabad qəsəbəsi arasında fəaliyyət göstərən 114B saylı marşrut xəttidir.

Musavat.com-a müraciət edən sərnişinlər xətt üzrə avtobusların hərəkət intervalının uzun olmasından, axşam saatlarında marşrutun fəaliyyətinin faktiki olaraq dayanmasından və nəqliyyat vasitələrinin vəziyyətindən narazılıq edirlər.

Onlar iddia edirlər ki, xəttə kifayət qədər avtobus buraxılmadığından dayanacaqlarda uzun növbələr yaranır, sərnişinlər isə bəzən uzun müddət gözləməli olurlar.

Ən ciddi narazılıqlardan biri isə avtobusların axşam saatlarında fəaliyyətinin dayandırılması ilə bağlıdır.

“İşdən gec çıxan insanlar var, Bakının müxtəlif ərazilərindən Müşfiqabad istiqamətinə gedənlər var. Saat 23:00-dan sonra avtobus tapmaq müşkülə çevrilir. Marşrut gecə yarısına qədər işləməlidir, amma axşam saatlarında sərnişinlər sanki yaddan çıxır”, – deyə şikayətçilər bildiriblər.

Sərnişinlərin narazılığı yalnız marşrutun iş qrafiki və intervallarla məhdudlaşmır. Avtobusların salonundakı vəziyyət də ciddi suallar doğurur. Şikayətçilərin sözlərinə görə, bəzi avtobuslarda oturacaqlar qırıq vəziyyətdədir, bir sıra oturacaqlar isə yerindən qopub. Sərnişinlər hesab edirlər ki, ictimai nəqliyyatda ən azı elementar rahatlıq və təhlükəsizlik təmin edilməlidir.

Vətəndaşlar avtobusların texniki və sanitar vəziyyətinin də diqqətdən kənarda qaldığını deyirlər.

“Qırıq oturacağı təmir etmək, avtobusu təmiz saxlamaq, xəttə kifayət qədər avtobus buraxmaq üçün milyonlarla manatlıq yeni avtobus almağa ehtiyac yoxdur. Ən sadə problemlər belə vaxtında həll edilmir”, – deyə sakinlərdən biri bildirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması ilə bağlı tapşırıqlar verilib:

“Eyni zamanda avtobusların saz vəziyyətdə saxlanılması, avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə, marşrut müsabiqəyə çıxarılacaq”.

“Xaliq Faiqoğlu” şirkətindən saytımıza bildirilib ki, 114A və 114B saylı müntəzəm marşrut xətləri üzrə 22 avtobus 8-10 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir:

“Bir müddət əvvəl xətt üzrə avtobuslar daha müasirləri ilə əvəzlənsə də, yol şəraiti ilə əlaqədar onların isitsmarının davam etdirilməsi mümkün olmayıb. Bununla belə, xəttdəki mğövcud avtobusların saz vəziyyətdə saxlanması məqsədilə tədbirlər görülür. Bəzi hallarda sərnişinlər özləri oturacaqların asılqanlarını qırırlar və tərəfimizdən qaraj şəraitində həmin qırılmış oturacaqların bərpası da həyata keçirilir”.

avto 2.jpg (90 KB)


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR