Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Azərbaycanla sülh və iqtisadi əlaqələrin genişləndiyi bir vaxtda zərbə imkanlarını artırması, paralel olaraq şərti sərhəddəki döyüş mövqelərində yüksək səviyyəli yoxlamalar aparması diqqət çəkir.
Musavat.com xəbər verir ki, İrəvanın 290 kilometrədək məsafədə hədəfləri vura bilən yeni raketlərə maraq göstərməsi bu addımların məqsədi ilə bağlı ciddi suallar doğurur.
“Indian Defense Research Wing” nəşrinin məlumatına görə, Ermənistan Hindistan istehsalı olan taktiki raketlərin ən böyük xarici alıcılarından birinə çevrilə bilər.
Hindistanın Ermənistana “Pralay” raket kompleksinin ixrac variantını təklif edə biləcəyi bildirilir. Bu versiyanın uçuş məsafəsinin təxminən 290 kilometrədək olması nəzərdə tutulur. Daha böyük mənzilə malik baza versiyası isə Hindistan tərəfindən ixrac edilmir.
Məsələnin diqqətçəkən tərəfi Ermənistanın belə bir raket sisteminə məhz indiki mərhələdə maraq göstərməsidir. “Pralay” yerüstü hədəflərə dəqiq zərbələr endirmək üçün hazırlanmış “yer-yer” tipli taktiki raket sistemidir. Buna görə də 290 kilometr məsafədə hədəfləri vurmaq imkanına malik belə bir zərbə vasitəsinin alınması sırf müdafiə xarakterli silahlanma kimi qiymətləndirilə bilməz və ciddi suallar doğurur.
Xüsusilə Azərbaycanla Ermənistan arasında sülh və iqtisadi əlaqələrin qurulması istiqamətində addımların atıldığı bir dövrdə İrəvanın uzaq məsafələrdəki hədəfləri vurmağa imkan verən raket arsenalını genişləndirmək istəyi diqqətdən yayınmır.
Bununla yanaşı, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla şərti sərhəd istiqamətində yerləşən döyüş mövqelərinə baş çəkib. O, postları və mövqeləri yoxlayıb, hərbçilərlə söhbət edib, onların əhval-ruhiyyəsi və xidmət şəraiti ilə maraqlanıb.
Bu hərbi fəallığın “Pralay” raketlərinin mümkün alınması barədə məlumatlarla eyni dövrə təsadüf etməsi əlavə suallar yaradır. Sülh və regional kommunikasiyaların açılması prosesinin getdiyi bir mərhələdə Ermənistanın zərbə imkanlarını genişləndirməsi, paralel olaraq Azərbaycanla şərti sərhəddəki hərbi mövqelərin yüksək səviyyədə yoxlanılması İrəvanın gələcək niyyətləri ilə bağlı ciddi suallar ortaya çıxarır.
“Indian Defense Research Wing” həmçinin qeyd edir ki, Ermənistanla Hindistan arasında hərbi-texniki əməkdaşlıq artıq yalnız alıcı-satıcı münasibətləri ilə məhdudlaşmır. Tərəflərin birgə istehsal və yeni hərbi sistemlərin hazırlanması imkanlarını da müzakirə etməyə hazır olduqları bildirilir.
Ermənistan bundan əvvəl Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, ATAGS haubitsaları, “Akash” hava hücumundan müdafiə kompleksləri və “Swathi” radarları almağa başlayıb. İndi isə bu arsenala 290 kilometrədək məsafədə hədəflərə zərbə endirə bilən “Pralay” raketlərinin əlavə olunması müzakirə edilir.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ