Onlayn ictimai-siyasi qəzet
Rusiya-Azərbaycan münasibətlərində son günlər müşahidə olunan gərginlik Moskvanın Cənubi Qafqaz siyasəti ilə bağlı yeni suallar yaradıb. Səfirlik qarşısında baş verən aksiya, azərbaycanlılara münasibətdə sərtləşən yanaşma və diplomatik təhlükəsizlik məsələləri Rusiyanın Bakı ilə bağlı siyasətinin arxasında hansı hesablamaların dayandığı barədə ciddi müzakirələrə yol açır.
Moskva Azərbaycanla münasibətlərdə niyə təzyiq xəttini seçir?
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Musavat.com-a açıqlamasında diqqətə çatdırdı ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və qarşılıqlı hörmət əsas prinsip olmalıdır:
"Dünya birliyi dövlətləri arasında münasibətlər sistemində beynəlxalq hüququn aliliyi əsas prinsip olmalıdır. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüquq normalarına riayət əsasında qurulmalıdır. Məhz bu prinsiplər dövlətlərin xarici siyasətinin əsas ideya xəttini təşkil etməlidir.
Rusiya da özünü beynəlxalq hüququn və beynəlxalq normaların əsas daşıyıcılarından biri kimi təqdim edir. Lakin son dövrlərdə Rusiyanın bəzi qonşuları ilə münasibətlərində bununla ziddiyyət təşkil edən yanaşmaların ortaya çıxması ciddi suallar doğurur. Xüsusilə Azərbaycanla münasibətlərdə siyasi təzyiq elementlərinin artması və ölkəmizin müstəqil xarici siyasət kursunun qəbul edilməməsi narahatlıq doğuran məsələlərdəndir.
Bu baxımdan, Rusiyanın media məkanında Azərbaycana qarşı səsləndirilən bir sıra fikirlər də təsadüfi hadisə kimi qəbul oluna bilməz. Xüsusilə 14 iyul və 13 avqust tarixlərində Sergey Uralovun aparıcılıq etdiyi “Çistaya ponimaniya” verilişində Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlara yol verilməsi olduqca ciddi məsələdir".
Parlament təmsilçisinin sözlərinə görə, belə çağırışların açıq efirdə səsləndirilməsi yalnız Azərbaycan cəmiyyətində deyil, dövlətlərarası münasibətlər baxımından da narahatlıq doğurur: "Bununla yanaşı, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin həbsləri, bəzi Azərbaycan vətəndaşlarının vətəndaşlıq məsələləri ilə bağlı problemlərlə üzləşməsi və Rusiyadan deportasiya olunması ilə bağlı hallar da cəmiyyətdə haqlı suallar yaradır. Ukraynada Azərbaycanın diplomatik nümayəndəliyinin yerləşdiyi binanın üç dəfə raket atəşinə tutulması da diqqətdən kənarda qala bilməz. Bütün bu hadisələrin eyni dövrə təsadüf etməsi onların hər birinə ayrıca və obyektiv hüquqi qiymət verilməsini zəruri edir. Nəhayət, avqustun 27-də Moskvada Azərbaycanın səfirliyinin qonaq evinin divarlarına Azərbaycanı təhqir edən və millətçi məzmun daşıyan şəkillərin yapışdırılması ilə bağlı yayılan məlumat da ciddi narahatlıq doğurur. Bu hadisəni sadəcə təsadüfi insident kimi qiymətləndirmək doğru olmaz. Çünki Rusiyada hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin kifayət qədər geniş və ciddi nəzarət mexanizmlərinə malik olduğu hamıya məlumdur".
Parlamentari onu da qeyd etdi ki, sosial şəbəkələrdə müəyyən fikirlər səsləndirən, bəzi paylaşımları bəyənən və ya hətta ictimai yerlərdə sülh çağırışı ilə təkbaşına piket keçirmək istəyən şəxslərin belə hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə üzləşdiyi və inzibati və ya cinayət məsuliyyətinə cəlb edildiyi hallar dəfələrlə müşahidə olunub: "Belə hadisələrə Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində dəfələrlə rast gəlinib. Belə ciddi nəzarətin mövcud olduğu bir ölkənin paytaxtında, özü də xarici dövlətin diplomatik nümayəndəliyinə məxsus obyektin yaxınlığında və ya divarlarında təxribat xarakterli materialların nümayişkaranə şəkildə yerləşdirilməsi ciddi araşdırma tələb edir. Xüsusilə diplomatik nümayəndəliklərin və onların ərazilərinin təhlükəsizliyinin təmin olunması qəbul edən dövlətin mühüm öhdəliklərindən biridir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı münasibət bildirərək Rusiya tərəfdən hadisəyə aydınlıq gətirilməsini, bu hərəkəti törədən şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını tələb etməsi tamamilə əsaslıdır. Rusiya tərəfinin bu məsələyə münasibəti və aparacağı araşdırmanın nəticələri hadisənin mahiyyətinin ortaya çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Əgər belə bir insidentin təşkilatçıları və icraçıları müəyyən edilməz, yaxud hadisəyə lazımi hüquqi qiymət verilməzsə, bu, cəmiyyətdə onun təsadüfi deyil, məqsədyönlü xarakter daşıdığı barədə fikirləri daha da gücləndirə bilər".
Yekunda deputat onu da dedi ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması beynəlxalq hüququn fundamental prinsiplərindəndir: "1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyasına əsasən, qəbul edən dövlət diplomatik nümayəndəliyin binalarını müdaxilə və zərərdən qorumaq, nümayəndəliyin dincliyini pozan və ya ləyaqətinə xələl gətirən hərəkətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Rusiya da həmin Konvensiyanın iştirakçısıdır və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmalıdır. Eyni zamanda, Rusiya postsovet məkanında yerləşən dövlətlərin suverenliyini və müstəqil qərarvermə hüququnu qəbul etməlidir. Hər bir dövlət öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürütmək hüququna malikdir. Bu hüquq heç bir böyük dövlətin siyasi təzyiqi və ya diktəsi ilə məhdudlaşdırıla bilməz.
Bu gün Rusiya Ukraynada davam edən müharibə səbəbindən Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib və beynəlxalq müstəvidə ciddi geosiyasi təzyiqlər altındadır. Belə bir şəraitdə qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla münasibətlərdə diktə və təzyiq dilindən istifadə edilməsi Rusiyanın öz regional və beynəlxalq təcridini daha da dərinləşdirə bilər.
Azərbaycanın Rusiya üçün mühüm siyasi, iqtisadi və regional aktor olduğu Rusiya tərəfindən də müxtəlif səviyyələrdə etiraf edilir. Belə olan halda Rusiyada yaşayan azərbaycanlılara qarşı mümkün ayrı-seçkilik xarakterli yanaşmaların, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı təxribatların və Azərbaycan dövlətinə qarşı düşmənçilik ritorikasının artması iki ölkə arasındakı münasibətlərin maraqlarına cavab vermir.
Azərbaycan suveren dövlətdir və öz xarici siyasətini milli maraqları əsasında həyata keçirir. Ölkəmiz heç bir dövlətlə qarşıdurma axtarmır, lakin öz suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönəlmiş hər hansı təzyiqi və təxribatı da cavabsız qoymur. Azərbaycan bütün qonşuları ilə, o cümlədən Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq, suverenliyə ehtiram və beynəlxalq hüquq çərçivəsində inkişaf etdirilməsində maraqlıdır. İki ölkə arasında mövcud olan tarixi, iqtisadi, humanitar və regional əlaqələrin qorunması hər iki tərəfin maraqlarına uyğundur. Lakin bunun üçün qarşılıqlı etimad və məsuliyyətli yanaşma vacibdir. Təzyiq dili, təhdid ritorikası, mediada düşmənçilik çağırışları, diplomatik obyektlərə qarşı təxribatlar və ayrı-ayrı şəxslərin milli mənsubiyyətinə görə hədəfə çevrilməsi münasibətlərin inkişafına deyil, əksinə, onların daha da pisləşməsinə xidmət edir. Bu səbəbdən Rusiya-Azərbaycan münasibətlərində əsas prinsip siyasi diktə deyil, qarşılıqlı hörmət və beynəlxalq hüquq olmalıdır. Rusiya Azərbaycanı müstəqil və suveren dövlət kimi qəbul etməli, Azərbaycan da öz növbəsində qarşılıqlı faydalı və konstruktiv münasibətlərin inkişafında maraqlı olduğunu davam etdirməlidir. Problemlərin həlli yalnız dialoq, hüquq və qarşılıqlı hörmət yolu ilə mümkündür. Azərbaycanın mövqeyi aydındır. Suverenliyə hörmət, beynəlxalq hüquqa sadiqlik və qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin alternativsiz əsaslarıdır".
Cavanşir Abbaslı,
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ