Onlayn ictimai-siyasi qəzet
Türkiyəli komediyaçı Deniz Göktaş barəsində əvvəlcə azadlığa buraxılma, daha sonra isə yenidən həbs qərarı verilib.
“Dini dəyərləri açıq şəkildə alçaltma” və “Prezidenti təhqir etmə” ittihamları ilə təxminən iki aydır həbsdə saxlanılan Göktaşın həbsinə edilən etiraz İstanbul Asliye Cəza Məhkəməsində araşdırılıb. Məhkəmə onun azadlığa buraxılmasına qərar verib.
Lakin qərardan dərhal sonra Göktaş bu dəfə “cinayəti və cinayətkarı tərifləmə” ittihamı ilə SEGBİS vasitəsilə yenidən hakim qarşısına çıxarılıb.
İstanbul 4-cü Sulh Cəza Hakimliyi Göktaşın “Ölü Dəniz” adlı stand-up proqramında səsləndirdiyi ifadələrlə bağlı ondan izahat alıb.
Komediyaçı çıxışında “Daltonlar” adlı cinayət qrupu və sifarişli qətllərlə bağlı ifadələr işlədib.
Məhkəmədə müdafiə verən Göktaş cinayəti və cinayətkarı tərifləmək niyyətinin olmadığını bildirib. O, ifadələrinin satirik xarakter daşıdığını və Türkiyədə artan yoxsulluğa yönəlmiş tənqidi məzmun daşıdığını deyib.
Hakimlik isə Göktaşın çıxışında istifadə etdiyi ifadələrin “Daltonlar Çetesi” kimi tanınan cinayət qrupunun cinayət xarakterli fəaliyyətlərini tərifləyən, legitim göstərən və cinayətə çatmağı asanlaşdıran məzmun daşıdığı qənaətinə gəlib.
Məhkəmə Göktaşın qaçma və sübutları qaraltma şübhəsi səbəbilə yenidən həbs edilməsinə qərar verib.
İstanbul Hava Limanında saxlanılmışdı
Deniz Göktaş “Ölü Dəniz” adlı stand-up proqramında səsləndirdiyi ifadələrə görə barəsində başladılan istintaq çərçivəsində xaricdən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.
Polisdəki prosedurlardan sonra məhkəməyə göndərilən Göktaş “dini dəyərləri açıq şəkildə alçaltma” və “Prezidenti təhqir etmə” ittihamları ilə həbs olunub.
Təxminən iki ay sonra onun azadlığa buraxılmasına qərar verilsə də, qərardan dərhal sonra başqa ittihamla yenidən hakim qarşısına çıxarılıb və təkrar həbs edilib.//Demokrat.az
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ