Onlayn ictimai-siyasi qəzet
Bakıda sakin aptekdən aldığı dərmanın içərisindən milçək çıxdığını iddia edib.
Bu barədə Musavat.com-a açıqlamasında paytaxt sakini Elbaris Həsənov məlumat verib. O bildirib ki, 5 yaşlı oğlunun nevroloji-psixoloji problemi var. Bu səbəbdən övladına 6 aydır həftədə bir dəfə “Qavmiqam” siropu alır.
E.Həsənovun sözlərinə görə, ötən gün axşam saatlarında Qara Qarayev metrostansiyasının çıxışında yerləşən “Elit” aptekdən həmin dərmandan iki ədəd alıb. Evə gəldikdən sonra siropun qapağını açarkən onun içərisində milçək aşkarlayıb.
“Evdə dərmanın qapağını açanda içində milçəyin üzdüyünü gördüm. Aptekə geri döndüm, baş verənlərə etiraz etdim və dərmanı geri qaytardım. Aptekdə mənə bildirdilər ki, dərman qapalı qutuda olduğu üçün onlar bundan xəbərsizdirlər və cavabdeh istehsalçı firmadır.
Bu dərman Azərbaycanda yerli firma tərəfindən istehsal olunur. Ona görə də istəyərdim ki, aidiyyəti qurumlar bu dərmanın istehsalı ilə məşğul olan firmada yoxlamalar həyata keçirsinlər. Necə ola bilər ki, dərman istehsal olunanda onun içinə milçək düşsün? Deməli, burada məsuliyyətsiz davranış var.
Mən 6 aydır bu dərmanı alıram, ilk dəfə idi ki, belə halla rastlaşdım. Övladımın həkiminə bu barədə məlumat verdim. O, başqa dərman yazdı. Çünki artıq bu dərmana güvənimiz yoxdur. Bəlkə də içindəki sirop deyil, kompotdur”.
Məsələ ilə bağlı aidiyyəti qurumların və məhsulun istehsalçısının mövqeyini öyrənməyə çalışacağıq.
Şahanə Rəhimli
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ