Onlayn ictimai-siyasi qəzet
İslandiyada Avropa İttifaqına üzvlüyü danışıqlarının bərpası ilə bağlı keçirilən referendum seçicilərin səslərinin demək olar ki, bərabər paylandığını göstərir.
Musavat.com-un İslandiyanın milli ictimai yayımçısı RUV-nin məntəqə rəhbərlərinin məlumatlarına istinadən verdiyi aralıq nəticələrə görə, seçicilərin 49,9%-i təşəbbüsü dəstəkləyib, 50,1%-i isə əleyhinə çıxıb. Referendum tövsiyə xarakteri daşıyır, lakin hakimiyyət orqanları öz siyasətini onun nəticələrinə əsaslandıracağına söz veriblər.
Bülletenlərin 0,6%-i etibarsız elan edilib və seçici fəallığı ilə bağlı hələ də heç bir məlumat yoxdur. Lakin qeyd olunur ki, ilkin məlumatlara görə, seçici fəallığı yüksək olub, Reykyavikdə təxminən 60%, kənd yerlərində isə 80%-dən çox olub.
28 avqustda keçirilən “Gallup” sorğusu göstərib ki, respondentlərin 51,6%-i danışıqların bərpasına qarşı, 48,4%-i isə lehinədir. Danışıqlara başlamağın və ikinci referendumun tərəfdarı olan İslandiyanın baş naziri Kristun Frostadottir hesab edir ki, Aİ-yə qoşulmaq İslandiyanın iqtisadiyyatını kiçik bir ölkənin təkbaşına idarə etməsi çətin olan ikitərəfli tariflərdən qoruyacaq. İslandiya 2009-cu il maliyyə böhranından sonra Aİ-yə qoşulmaq üçün müraciət edib.
Xatırladaq ki, Moldovada da avrointeqrasiya tərəfdarları minimal üstünlüklə referendumda qalib gəlmişdi. Ermənistanda isə buna hazırlıq gedir. Paşinyan bu yaxınlarda elan edib ki, Aİ-yə üzvlüklə bağlı ümumxalq səsverməsi olacaq. “Buzlar ölkəsi” İslandiya isə 2009-cu ildən bu yöndə cəhd edir, amma istəyinə çata bilmir. Halbuki Skandinaviya ölkəsidir və cəmi 327 min yerli əhalisi var.
Onu da deyək ki, referendum ABŞ prezidenti Donald Trampın ölkəyə ən yaxın qonşu olan Qrenlandiyaya nəzarətlə bağlı açıqlamalarından sonra keçirilir. “Bəli” cavabı Aİ-nin icra qurumu olan Avropa Komissiyası ilə iqtisadiyyat, insan hüquqları və digər 35 sahə üzrə danışıqların başlanmasına imkan verəcək. “Xeyr” cavabı isə Aİ-yə üzvlük məsələsinin ən azı bir nəsil üçün gündəmdən çıxması demək ola bilər.
Referendumda əsas müzakirə mövzularından biri Trampın Qrenlandiya ilə bağlı mövqeyidir. ABŞ prezidentinin ilin əvvəlində Danimarkaya məxsus muxtar əraziyə nəzarət etmək istəyi barədə açıqlamaları İslandiyada təhlükəsizlik narahatlıqlarını artırıb. Qrenlandiyadan cəmi 290 kilometr məsafədə yerləşən İslandiyada bəzi insanlar ABŞ-ın mümkün təzyiqlərindən qorunmaq üçün Aİ üzvlüyünü əlavə təhlükəsizlik zəmanəti kimi görürlər.

Baş nazir isə bildirib ki, bu referendum birbaşa üzvlüklə bağlı deyil və yalnız danışıqların başlanması məsələsini həll edir. Üzvlük sazişi əldə olunacağı təqdirdə isə yenidən referendum keçiriləcək.
Aİ-yə qoşulmanın əleyhdarları ölkənin əsas sərvəti olan balıqçılıq sənayesinin zərər görə biləcəyindən narahatdırlar. İslandiya Aİ-nin ümumi balıqçılıq siyasətinə qoşulacağı təqdirdə digər Avropa ölkələrinin gəmilərinin onun sularına çıxış əldə edə biləcəyini bildirirlər. İslandiya hazırda Aİ ilə vahid bazar və Şengen zonası çərçivəsində əməkdaşlıq edir, lakin öz valyutasını və bir sıra ticarət siyasətlərini qoruyub saxlayır.
Musavat.com onu da bildirir ki, Kristun Frostadottir 36 yaşında İslandiya tarixinin ən gənc baş naziridir. 30 noyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində Kristrun Frostadottirin rəhbərlik etdiyi Sosial Demokrat Alyansı 20,8 % səs toplayaraq 15 yerlə Altinqdə ən çox yer qazanan siyasi qüvvə olub.
Bu nəticə 2017-ci ildən bəri ölkədə hakimiyyətdə olan koalisiyanın üstünlüyünə son qoyub. Seçkilərdən sonra 3 dekabr 2024-cü də İslandiya prezidenti Halla Tomasdottir hökuməti formalaşdırmaq mandatını Kristrun Frostadottirə təqdim edib. Kristrun Frostadottir Einar Berqur İnqvarsson ilə ailəlidir, cütlüyün 2019 və 2023-cü il təvəllüdlü iki qızı var.
Emil Salamoğlu
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ